"Rozetka"ların əlçatan yerdə olması təhlükəlidir- Uşaqları qoruyun!




"Avropa standartlarını və onun ayrı-ayrı hissələrini ölkəyə gətirib, idxal edənlər "rozetka”ların yerdən hansı hündürlükdə qoyulmasının lazım olduğunu da düşünüblər”.

Bunu Sherg.az-a sosial şəbəkələrdə elektrik mənbələrinin evlərdə uşaqların əli çatan məsafədə yerləşdirilməsinə narahatlıqlara cavab verərkən əmlak məsələləri üzrə tanınmış ekspert Ramil Osmanlı deyib. 

O bildirib ki, bu, bir-iki mərhələdə şərh olunacaq mövzu deyil, on illərin məsələsidir:

"İllərdir ki, artıq Azərbaycana Avropa standartları daxil olandan demək olar, hamılıqla həmin standartdan istifadə edirik. Hesab edirəm, bu, zövq məsələsidir. Elə "rozetka”lar var, xüsusi plastmas örtüklərdən ibarət hissələr vasitəsilə istifadə olunmayan vaxtı bağlamaq olur. Bununla nəinki uşaqlar, heç böyüklər də zərər görə bilməz. Hətta son illərdə diqqət etsək, smart təmir sistemi daxil olub. Bu sistemdə hətta elektrik mənbələri divarlarda deyil, döşəmələrdə olur. Yanaşmam ondan ibarətdir ki, sovet standartları ilə müqayisədə Avropa standartları daha kreativ, funksiyonal, insanların rahatlığını düşünmək baxımından əlverişlidir. Düşünürəm ki, Avropa standartlarının qarşısını almaq istəkləri nəticə verməyəcək. Allah uzaq etsin. Tək-tək faciəvi hallar həmişə olub, olacaq da. Elektrik mənbəyi Sovet standartlarında 1 metr 40 santimetr yüksəkdə vurulurdu. O zaman da uşaqlar ayağının altına stol qoyub ora müdaxilə etməyə çalışırdı. Buna görə, valideynlər daha diqqətli olmalıdır. İnsanlar övladları arasında xüsusi maarifləndirmə işləri görməlidir. Uşaqlar həddən artıq dəcəldirsə, "rozetka”lara müdaxilə edirlərsə, dediyimiz xüsusi plastmas örtük istifadə edə bilərlər”.

Ayyət Əhməd