Qaranlıq sığınacaq...

Hər yerindən duran hüquq müdafiəçisi olur



Azərbaycanda o qədər də dərin tarixi olmayan hüquq müdafiəçisi sahəsinə yeni adlar qoşulur, o qədər də tanımadığımız insanlar özlərini hüquq müdafiəçisi elan edir və... Hər şey də bu VƏ-dən sonra başlayır. Hərə bir siyahı tutub Avropaya qaçır, qrant alıb başını saxlayır. Bütün bunları axır vaxtlar o qədər görüb-eşidirik ki, həqiqətən də, insan hüquqlarının qorunması ilə məşğul olan dəyərli insanlara inam azalır. Zaman-zaman hüquq müdafiəsi ilə məşğul olan insanlar bir-birini faktiki olaraq hakimiyyətlə heç də yaxşı olmayan əməkdaşlıqda ittiham edir. Bəziləri isə özlərini və fəaliyyətlərini həddindən artıq şişirdirlər. Bu gün hüquq müdafiəçisi kimi fəaliyyət göstərən insanlar var ki, özləri insanların hüquqlarını pozurlar.

Onlarda özlərinə olan aşırı özgüvən, daha dəqiq desək, "eqo” o qədər yüksəkdir ki, özlərindən başqasının fikirlərini, təkliflərini absurd hesab edirlər. Yaxud da, hansısa bir hadisəyə onlardan əvvəl reaksiya verən insanları az qala "top”a tuturlar. Bunun da bir adı var "monopoliya”. Bəli, Azərbaycanda təkcə ayrı- ayrı ticarət sahələri deyil, hüquq müdafiəsi sahəsi də artıq inhisarlaşıb. Hüquq müdafiəçilərinin fəaliyyətində diqqəti çəkən bir xoşagəlməz nüans da onların müdafiəyə ehtiyacı olan insanlar arasında ayrı-seçkilik etməsidir. Prinsipcə, özünü hüquq müdafiəçisi hesab edən insanların siyasi simpatiyası olmamalıdır. Onun işi siyasətçilər və siyasi qüvvələr arasında seçim etmək, kimin ölkə üçün daha gərəkli olmasını araşdırmaq yox, kimlərə qarşı hüququn və qanunların pozulduğunu müəyyən etmək, belə pozuntu varsa, həmin adamları müdafiə etməkdir. Ancaq bizim QHT-lər bəzən insanlara selektiv yanaşırlar. Bu isə artıq hüquq müdafiəsi demək deyil. Ən pisi də odur ki, bəzi hüquq müdafiəçiləri bu statusdan "alver” məqsədi üçün istifadə edir.

Nədir bu problemin kökü? Əslində, hüquq müdafiəçisi kimlər ola bilər? Nə üçün bəziləri konkret cinayət əməlinə görə həbs olunur, həbsdən çıxandan, yaxud da vəzifədən çıxarılanlar, ailəsindən ayrılanlar sonra hüquq müdafiəçisi kimi işə başlayır?

Hüquq müdafiəçilərinin sayının artmasını müsbət dəyərləndirən millət vəkili Fazil Mustafanın sözlərinə görə, onların sayı daha çox olmalıdır: "Ölkəmizdə insan haqlarının daha ciddi şəkildə qorunmasını istəyiriksə, QHT-lərin sayının mümkün qədər çox olmasına çalışmaq lazımdır”. Bu sahəyə aid olmayanların da işlə məşğul olmasına gəldikdə isə deputat bunu qeyri-peşəkarlıqla bağlayıb: "Bu işlə məşğul olanların ədalətli mövqe tutması hər şeydən vacibdir. Təbii ki, kifayət qədər hüquqi biliklərə sahib insanlarla yanaşı, bu sahədə təsadüfi olanlar da. Ancaq düşünürəm ki, zaman keçdikcə, həmin hüquq müdafiəçiləri də ələkdən keçib daha peşəkar olacaqlar və insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar öz yerlərini tutacaqlar”.

Digər millət vəkili Məlahət İbrahimqızı isə heç də həmkarı kimi liberal düşünmür. Hüquq müdafiəçilərini kəskin tənqid atəşinə tutan xanım millət vəkili hesab edir ki, hüquq müdafiəçiləri arasında bu sahəyə yad olan adamlar həddindən artıq çoxdur. Azərbaycanda müdafiəyə ehtiyacı olan insanların müdafiəsiz qaldığını vurğulayan xanım deputat Azərbaycanda sözün həqiqi mənasında hüquq müdafiəçisi olmadığı qənaətindədir: "Parlamentdə Əfv Komissiyasının üzvüyəm. Bilsəniz ki, cəzaçəkmə müəssisələrində nə qədər hüquqlarının qorunması vacib olan məhbuslar var? Ancaq əfsuslar olsun ki, hamısı müdafiəsiz qalıb. Çünki bizdə özlərini hüquq müdafiəçisi kimi təqdim edən insanlar bir siyahını əlində bayraq edib, xaricilərlə sövdələşirlər. Sizi inandırım ki, dəfələrlə olub ki, onların bizə təqdim etdiyi siyahıda adı olan insanların əksəriyyəti çoxdan əfv olunub. Hətta ölmüş adamın da adını siyahıya salanlar var”.

"Azərbaycanda hüquq müdafiəçisi yoxdur”, deyən xanım millət vəkilinin sözlərinə görə, Azərbaycanda hüquq müdafiəçisi adı altında özlərinin maraqlarını güdən, Azərbaycana təzyiq etmək niyyətində olan bəzi qüvvələrə xidmət edən müəyyən qrup insanlar var: "Hüquq müdafiəçisi müdafiəyə ehtiyacı olan insanlar arasında fərq qoymamalıdır. Ancaq bizimkilərin öz siyahıları və müəyyən ölçüləri var. İndiyədək görmədik ki, hüquq müdafiəçiləri işdən çıxarılan fəhlənin, müəllimin, həkimin, savadı olmayan məhbusların hüququnu müdafiə etsin. Onlar sadəcə, şou yaradıb, cinayətkarları siyasi məhbus kimi Avropaya sırıyıb pul qazanırlar”.

Bəzi hüquq müdafiəçilərinin bu sahəni inhisara alması isə sən demə, Məlahət xanımın yaralı yeri imiş. Hüquq müdafiəçilərinə qarşı bu yöndə səslənən iradlarla tam razı olduğunu vurğulayan xanım millət vəkili deyib ki, onlar özlərini cəmiyyətə daşıdıqları statusdan artıq təqdim edirlər: "Hüquq müdafiəçisi nə deməkdir? Bu adam konkret şəkildə müdafiəyə ehtiyacı olan hər hansı bir adamın hüquqlarını qorumalıdır. Ancaq onlar özlərini elə aparırlar ki, sanki yeri-göyü bunlar yaradıb. Sanki cəmiyyətdə baş verən neqativ hadisələrə münasibət bildirmək, insanların haqları ilə bağlı danışmaq bunların boyuna biçilib? Gördükləri də bir iş ola. Yalandan şou yaratmağı bilirlər. Axı, hüquq müdafiəçisi olmaq qeyri-adi talant deyil. Qanunları, hüququ bilən istənilən adam bu funksiyanı yerinə yetirə bilər. Bu qədər reklama nə ehtiyac var ki?”

Üzünü özünü reklam edən insanlara tutan M.İbrahimqızı deyib ki, ölkədə müdafiəyə ən çox ehtiyacı olan təbəqə əmək-islah koloniyalarında olan yeniyetmələrdir: "Hansısa cüzi səbəblərdən cəzaçəkmə müəssisələrinə düşən əsgərlər, yaxud da bədbəxt hadisə nəticəsində həbsə düşən insanlar var. Məgər onların müdafiəyə ehtiyacı yoxdur? Əmək İslah Müəssisələrində yaşı 18-dən aşağı olan yeniyetmələr "n” qədərdir. Hansı ki, əksəriyyətinin nə anası, nə də atası var. Kimsəsiz, "əllər”də böyüyən uşaqlardır. Müdafiəyə ehtiyacı olan həmin uşaqlardır. Heç biri də həqiqi cinayətkar deyil. Hamımız bilir ki, onlar kimlərinsə törətdiyi cinayətin qurbanı olub. Onlara dəstək lazımdır. Hansı ki, bu gün onlara uzadılan əl onların gələcək həyatının həlli ola bilər. Həmin uşaqlar oradan çıxandan sonra təkrar cinayətə meylli olmasın deyə, onlar arasında hüquqi maarifləndirmə işləri aparılmalıdır. Bu da ki, hüquq müdafiəçilərinin görəvidir. Onların isə gördüyü iş "siyasi məhbus” siyahısı hazırlamaqdır. Hansı ki, həmin "siyasi məhbus” sözünün anlamını heç bir beynəlxalq təşkilat verə bilmir”.

Xanım millət vəkili "niyə məhz vəzifədən çıxarılanlar sonra başqalarının hüququnu müdafiə etməyə başlayırlar” sualının isə onun üçün də anlaşılmaz olduğunu deyib: "Vaxtilə dövlət orqanlarında işləyənlər işdən çıxarılandan sonra hüquq müdafiəçisi olublar. Bəs indiyə kimi hardaydılar? Düzdür, hüquq müdafiəçiləri olmalıdır. Biz demirik ki, olmasınlar. Elə məsələlər, elə proseslər var ki, bundan ötəri vəkil lazımdır. Bəzən də elə məsələlər olur ki, sivil hüquq müdafiəçilərinə ehtiyac yaranır. Bizdə bəziləri həbsə düşüb çıxandan sonra hansısa möcüzə baş verir və həmin adam dönüb olur hüquq müdafiəçisi. Kiminsə hüququnu müdafiə etmək yaxşı haldır. Amma hər kəs yerindən durub özünü hüquq müdafiəçisi elan etməməlidir. Yuxarıda da qeyd etdiyim kimi bəziləri hüquq müdafiəçisi adından bir mif kimi istifadə edir. Belələri düşünür ki, hüquq müdafiəçisi olmaq sanki ona toxunulmazlıq verir. Bu, normal hal deyil. Artıq cəmiyyət bu cür insanlara qarşı öz sözünü deməlidir”.

Göründüyü kimi, bu sahədə qaranlıq və ziddiyyətli məqamlar çoxdur. Hansı ki, həmin məqamları doğuran səbəblər bir çoxları üçün doğrudan da maraqlıdır. Təbii ki, hüquq müdafiəçiləri və onların fəaliyyətləri ilə bağlı səslənən tənqid və ittihamları heç də bütün hüquq müdafiəçilərinə aid etmək olmaz. Bu ən azından onların haqqını danmaqdır. Heç şübhəsiz, Azərbaycanda hüququ dərindən bilən və sözün əsl mənasında hüquq müdafiəçisi adını daşımağa layiq olan insanlar var. Bunun əksini də heç kəs iddia etmir. Yuxarıda deyilən sözlərin kimlərə aid olduğunu isə hər kəs anladı yəqin ki...