QMİ “Allah.az”a etiraz edir

Elşad Miri bununla nə demək istəyir?



İlahiyatçı-alim Elşad Miri "Allah.az” adında yeni dini sayt açıb. Eyniadlı domen artıq qeydiyyatdan keçib. Bu barədə açıqlama verən ilahiyyatçı bu saytın sırf islam dini ilə bağlı olmadığını deyib: "Domenin alınmasının və saytın yaradılmasının əsas məqsədi İncildə, Tövratda, Quranda, Sintuizmdə, Brahmanizmdə, Konfutsionizmdə, Sintoizmdə, Buddizmdə və s. dinlərdə Allahla bağlı yer alan fikirlər haqqında məlumat verməkdir.

Məqsədimiz odur ki, insanlar "Allah” sözünün hardan gəldiyini, Allahın adlarının və sifətlərinin hansı olmasını bilsinlər”. E.Miri deyib ki, saytda hansısa dinin təbliğatı olmayacaq. Qeyd edək ki, sayta belə bir adın seçilməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Adın normal olduğunu düşünənlərlə yanaşı, kəskin etiraz edənlər də olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətva şöbəsinin müdiri, ilahiyyatçı-alim Hacı Mirəziz Seyidzadə "Şərq”ə verdiyi açıqlamada E.Mirinin saytına düzgün ad seçmədiyini deyib: "Ümumiyyətlə, nəyəsə birbaşa Allah adını vermək əxlaqi baxımdan doğru deyil. İnsan olsun, əşya olsun və ya yaxud da hansısa sayt. Uca yaradanın adı həmişə uca tutulmalıdır. Sayta ad qoymağın "toxumu üzülməyib ki?”. Bəyəm başqa ad qoymaq olmazdı? Yəni "Allah.az” nə məna verir, o, bununla nə demək istəyir? Qətiyyən düz ad seçməyib. Mən bir din adamı kimi bunun əleyhinəyəm. Elşad da özünü ilahiyyatçı adlandırır. Elə saytın adını Elşad Miri qoyardı da. Axı Allahla oyun oynamaq olmaz”.

Qafqaz Müsəlmanları İdarəsinin xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov da birbaşa "Allah” adının sayta verilməsini düzgün hesab etmir: "Çox yanlış seçimdir. Düzgün deyil. Yəqin ki, başqa ad fikirləşmək olardı. Axı o özü də din adamıdır. Belə şeylərdə həssas olmaq lazım idi. Görürsüz, elə indidən insanların narazılığı başlayıb, hərə biz söz deyir. Elşad Mirinin bütün dinlər üçün bu seçimi etdiyini deməsi də yanlışdır. Axı "Allah” sözü sadəcə islamın müqəddəs kitabı olan Quranda keçir. O biri dinlərdə isə yaradıcı başqa adlarla, isimlərlə bilinir və çağırılır”.