“Həzrət Əli” kitabı məscidlərdə alınmadı

Şahbaz Xuduoğlu: “Kitaba bu şəkildə az maraq göstərilməsinin gözlənilməz olduğunu yazır”



"Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu nəşr etdirdiyi yeni kitabın oxucu marağı qazanmamasından və satılmamasından gileylənib. Kitabın hansı məzmunda olması diqqətçəkəndir. "Qanun” nəşriyyatı bu dəfə Həzrət Əlinin həyatından bəhs edən bir kitab çap edib. Bu, türkiyəli yazar, ötən əsrdə yaşayıb-yaratmış Ziya Şakir Sokunun "Həzrəti Əli. Həyatı. Nəsihətləri. Döyüşləri” əsəridir. "Qanun” nəşriyyatı tərəfindən Azərbaycan türkcəsinə çevrilib. Kitab haqqında məlumatda bildirilir ki, kitab islam tarixində sanballı yeri və xidmətləri olan, bir fransız tarixçisinin "bəşəriyyətin ən comərd adamı” adlandırdığı Həzrət Əlinin həyatı, tapındığı inanc və apardığı mübarizələrdən söhbət açır.

Həzrət İmamın keçdiyi həyat yolu ilə maraqlananlar, ibrətamiz nəsihətlərinin vurğunu olanlar, qəhrəmanlığını örnək sayanlar bu kitabda istədiklərini tapacaqlar.

"Möminlərin Rəhbəri” və "Müsəlmanların ən böyük Öndəri”nin müdrik sözlərinin bir hissəsini və apardığı döyüşləri əhatə edən bu kitab Onun cəsarət, qəhrəmanlıq, elm və fəziləti ilə İslam dininə göstərdiyi xidmətlərdən bəhs eləyir. Kitabın birinci hissəsi ədəbi və akademik araşdırma, döyüşlərdən ibarət ikinci hissəsi isə tarixi roman janrında yazılıb.

Amma bunca təqdimata rəğmən kitab gözlənilən nəticəni verməyib. Ş.Xuduoğlu şəxsi "Facebook” səhifəsində kitaba bu şəkildə az maraq göstərilməsinin gözlənilməz olduğunu yazır. Deyir ki, kitabı paytaxt məscidlərinə aparıblar, amma yalnız bircə kitab satılıb. Maraqlıdır ki, Ş.Xuduoğlunun bu statusuna münasibət bildirənlər də var.

Aygl Lankoni yazır: Ehh, bizdə camaat elmlə yox eee, xurafatla məşğul olub özlərini dindar kimi qələmə verirlər, adama deyən lazım, ayrı vaxt din, elm, kəlamdan danışırlar, bəs necə oldu? Özü də kitab Hz. Əli haqqındadır, bəs hara getdi bunlarin Əli sevdaları?! Burdan aydındır elə.

Sonra da P.S qoyur: Təbii ki, çəkdiyim misal əsl dindarlara, Allaha sidq ürəklə xidmət edənlərə aid deyil.

Mahal Osmanlı adlı istifadəçi yazır: Molla olan cəmiyyətdə, kitaba ehtiyac yoxdur.

Etibar Salmanlı: Şahbaz bəy, mən dindar deyiləm, amma bu kitabı alacağam.

Rəhman Abdullayev: Bizim "dindarlara” İrandan, Ərəbistandan, Türkiyədən havayı kitablar gəlir. Nəyinə lazımdı pul verib kitab alsın. Bir də ki, kitab oxuyan adam 99 faiz halda dindar olmur.

Seyim Qasımov: Tək kitablı adamlar qorxulu olur.

Şahbaz Xuduoğlunun yeni nəşri beləcə polemikalara səbəb olub. Kimisinin dini damarına basılıb, kimisinin də ateizmi baş qaldırıb.

Görəsən, kitab məhz dini məzmunlu olduğu üçün alınmır, yoxsa bu, cəmiyyətdəki ümumi kitab sevməzliyinin təzahürüdür?

İlahiyyatçı Elşad Miri "Şərq”ə açıqlamasında kitabın satılmamasının bir neçə səbəbi ola biləcəyini dedi:

- Əvvəlcə gərək müəllifi tanıyasan və həmin kitabı oxumuş olasan ki, fikir bildirəsən. Mən nə müəllifi tanıyıram, nə də həmin kitabı oxumuşam. Kitabın satılmamasına gəlincə, burada bir neçə səbəb ola bilər. Birincisi, məlumdur ki, Azərbaycanda dini kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydiyyatdan keçməlidir. Dini məzmunlu kitabların çapına Dövlət Komitəsi razılıq verir. Yeni qəbul olunmuş qanuna əsasən də dini məzmunlu kitablar lisenziyalaşdırılmış, xüsusi satış yerlərində satıla bilər. Kimsə dini məzmunlu kitab nəşr edib, əlinə alıb qapı-qapı düşə bilməz. İkinci səbəb budur ki, Şahbaz bəy bu məsələyə sırf ticarət nöqteyi-nəzərindən yanaşır. "Qanun” nəşriyyatının indiyədək olan nəşrləri barədə az-çox məlumatlıyıq. Dini kitab nəşr etməzdən əvvəl bu nəşriyyat açıq-saçıq, üz qabığında lüt insan şəkli olan kitablar nəşr edib. Yəni, burada kitabın hansı nəşriyyat və kim tərəfindən çap olunduğu da az əhəmiyyət daşımır.

Üçüncüsü isə, bizim müsəlmanlarda oxumaq, savadlanmaq problemi var. Bu, cəmiyyətin bəlasıdır. Kitab mağazaları paltar dükanlarına çevrilir. Bizim cəmiyyətdə oxumaq anlayışı zəifdir. Cəmiyyət daha çox dinləmək və baxmaq - tamaşa etməyə meyllənib. Bu da Allahın "Oxu!” əmrinə (Qurani-Kərim əl-Ələq surəsi. 1-ci ayə) ziddir.

Mən dini kitablar nəşr etdirmişəm, həmişə də satılıb, onlara tələbat olub, istənilib. Neçə illərdir jurnal nəşr edirik, abunəçilərinin sayı 3500-i ötüb. İiternet oxucularının sayı isə 8 mini ötüb.