Xalq şairi xəstəxanaya yerləşdirilib

Zəlimxan Yaqub yaxın vaxtlarda Almaniyaya götürüləcək



Xalq şairi Zəlimxan Yaqub 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasına ("Semaşko”) yerləşdirilib. Dünən şairin səhhəti ilə bağlı məlumat almaq üçün onunla telefon əlaqəsi yaratmağa çalışdıq.

Amma telefonu həyat yoldaşı Sahibə xanım açdı. Telefonuna zəng edəndə, Xalq şairinin gur, şaqraq səsini eşitməyə alışmışdıq deyə, bu dəfə onun əvəzinə həyat yoldaşının cavab verməsi, doğrusu, bizi bir qədər məyus etdi. Amma Sahibə xanım dedi ki, şairin səhhəti yaxşıdır. Qorxulu bir şey yoxdur. Sadəcə, biz zəng açdığımız vaxt dincəlirmiş.

Sahibə xanımdan öyrəndik ki, Xalq şairi bir neçə gün öncə halsızlaşıb və buna görə də təcili xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra vəziyyəti normallaşıb. İndi özünü yaxşı hiss edir. Hazırda müayinə və müalicə davam etdirilir. Sahibə xanım şairin müalicəsini davam etdirmək üçün yaxın vaxtlarda təkrar Almaniyaya səfər edəcəyini də bildirdi.