Ruhi xəstəxanadan qaçanlar hələ saxlanmayıb

Polis onların təhlükəli olduğunu nəzərə almaqla əhalidən kömək istəyir



Bakıda ruhi xəstəxanadan qaçan şəxslər hələ də saxlanılmayıblar. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Sözügedən qurum həmin şəxslərin əvvəllər müxtəlif cinayətlər törətməkdə təqsirləndirildiklərini əsas gətirərək, onların təhlükəli olduğunu nəzərə almaqla əhalidən kömək istəyir. Həmin şəxsləri görənlərdən 102 xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, noyabrın 15-də saat 06.15 radələrində Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Psixiatriya Xəstəxanasında müalicə olunan, Cinayət Məcəlləsinin 177, 178, 181 və 310-cu maddələri ilə təqsirləndirilən Binəqədi rayon sakini Tural Abbasov, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən Elvin Nəsrullayev və Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə təqsirləndirilən Xırdalan şəhər sakini Razim Hacıyev və Şahbuz rayon sakini Yusif Məhərrəmov orada xidmətdə olan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları - polis serjantı Vasif Rzaquliyevə və mülki mühafizəçi Tahir Dərgahova dəmir parçası ilə müqavimət göstərərək qapının qıfılını sındırıb oradan qaçıblar. Onların tutulması üçün müvafiq tədbirlər görülür.

Psixoloq Azad İsazadə isə "Şərq”ə açıqlamasında qaçan ruhi xəstələrin cəmiyyət üçün real təhlükə mənbəyi olduqlarını söyləyib: "Ruhi xəstələr zahirən normal insanlardan fərqlənmirlər. Onların ruhi xəstə olub-olmamasını müəyyənləşdirmək asan iş deyil. Ona görə də xüsusi hazırlığı olmayan insanların hansısa tədbir görmələri çətin olur. Baxın, dustaqxanadan da cinayətkarlar qaçırlar. Onun dustaq olduğu mülki həyatda özünü açıq şəkildə büruzə verir. Amma ruhi xəstənin davranışı normal insanlardan fərqlənmir. Kiminsə ruhi xəstə olub-olmamağını peşəkar adamlar dəqiqləşdirə bilər. Onlar bəzən özlərini sağlam insan kimi göstərə bilərlər. Çox hallarda ictimaiyyət içərisində özlərini normal apara bilirlər. Onların hər an təhlükəli olmalarını da unutmaq olmaz”.

Psixoloqun qənaətinə görə, insanlar hər hansı bir vətəndaşdan qeyri-adi davranış gördükləri halda təcili yardım və ya polisə müraciət etməlidirlər: "Amma sözügedən ruhi xəstələrə görə sakinlərə küçəyə çıxmayın demək də düzgün deyil. Sadəcə biz cəmiyyət nümayəndələri olaraq küçədə, metroda, ictimai nəqliyyatda belə adamlarla rastlaşdıqda polisə və təcili yardıma müraciət olunmalıdır”.