Cəbhədə erməni, yollarda sürücü, binada isə LİFTLƏR CAN ALIR




"Liftlərin vəziyyəti ilə bağlı bütün şəhər üzrə monitorinq keçirilməlidir, istifadəyə yararsız liftlər dayandırılmalı, ya da yenilənməlidir”.

Bunu Sherg.az-a son illərdə paytaxt binalarında liflərin yararsız halda olmasına görə bədbəxt hadisələrin artmasından danışarkən Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov deyib. 

O bildirib ki, monitorinqdə aşkar olunan binalar şirkətlərə məxsus binalardırsa, onlara müddət qoyulub, tapşırılmalıdır ki, problem aradan qaldırılsın:

"Əgər Mənzil İstismar Sahələrinin tabeliyində olan, Bakı Lift İdarəsinin nəzarətindəki mənzillərdirsə, o zaman burada dövlət vəsaiti ayrıla bilər və ya sakinlərin özü də iştirak edə bilər. Vaxtilə aşınmış, istifadəyə yararsız liftlərin yenilənməsi ilə bağlı bir proqram da həyata keçirildi, vəsait ayrıldı. Məsələn, mənim yaşadığım binada liftləri dəyişdirdilər. Amma biz sakinlər olaraq buna çox peşman olduq. Çünki əvvəlki lift daha təhlükəsiz, yaxşı idi. Nəinki "təzə” adlandırılan və təzə qoyulan lift.

Lift elə bir konstruksiyadır ki, onun kanatı qırılanda belə o dayanır, problem yaranır. Yeni tikilən binalarda da belədir ki, liftlərin quraşdırılmasında çoxsaylı qüsurlara yol verirlər. Nəticədə lift qırılır, şaxtaya düşür. Həmin liftlərin paraşüt sistemi ya tamamilə işləmir, ya da onu saxlayan balkalar yaxşı tutaq bilmir. Belə bədbəxt hadisələr tez-tez olur. Bununla bağlı cavabdeh təşkilatlar var ki, onlar vaxtaşırı liftlərin saz olmasını yoxlamalıdırlar. Əvvəllər Bakı Şəhər Xalq Deputatları Sovetinin balansında olub, sonradan özəlləşdirilən binalara, "JEK” evlərinə Bakı Lift İdarəsi adlanan qurum nəzarət edir. Onlar pullar ödənilməyəndə gəlib, lifti dayandırılar. Amma texniki xidmətə gəldikdə isə heç bir tədbirlər görmürlər. Nəticədə yalnız pul yığılır, nəzərə alsaq ki, onların yığdığı məbləğ də böyük deyil, amma bunun çərçivəsində görülən texniki işlər elə də ciddi olmur. Onlar yalnız gəlib, ödənişləri toplamaqla məşğul olurlar. Nəticə etibarı ilə bu idarə öz funksiyalarını yerinə yetirmir”.

Fövqəladə Hallar Nazirliyinin bu sahələr üzərində nəzarətindən danışan S. Məmmədovun sözlərinə görə nazirlik bu məsələləri yoxlamalıdır:

"Düşünmürəm ki, yoxlamırlar, amma görünür bu köhnə liftlər o qədər çoxdur və ya yeni quraşdırılanlar o qədər standartlara cavab vermir ki, tez-tez qəzalar baş verir. Sözsüz ki, hazırda bir çox tikinti şirkətləri var, gözəl binalar tikir. Həmin binalarda liftlərdə adətən heç vaxt problemlər olmur. Bəzən hər hansı problemlər baş verə bilir, amma yenə də bunlar yerində həll edilir. Amma qəza halları, ölüm kimi bədbəxt hadisələr nadir hallarda baş verir”.

Aysel Aslan