Universitetin 85 illik araşdırması ilə üst-üstə düşən həqiqət budur ki, ev işi görən uşaq gələcəyini qurur
Harvard Universitetinin alimləri 1938-ci ildə tarixin ən iddialı tədqiqatına başlayıb. Tədqiqatçılar insanı həqiqətən xoşbəxt və məmnun edən şeyləri kəşf etmək üçün yeniyetməlik dövründən ölümünə qədər 724 insanın həyatını araşdırıblar. Onilliklər ərzində onların beyinlərini, maaşlarını, münasibətlərini və travmalarını təhlil ediblər. Və 85 illik məlumatlardan sonra heç kimin proqnozlaşdırmadığı təəccüblü bir əlaqəni aşkar ediblər. Məlum olub ki, yetkin yaşda əldə edilən uğurlar nə genetikadan, nə maddiyyatdan, nə də akademik təhsildən asılıdır. Uğur əldə etmənin ən güclü göstəricilərindən biri çox sadə bir şey - uşaq yaşlarında ev işləri görməkmiş. Evi təmizləmək, zibilləri atmaq və ya qab yumaq yalnız təmizliklə bağlı deyil, bu, beyin məşqləri ilə bağlıdır. Tədqiqat ev işlərinin heç bir məktəbin təkrarlaya bilməyəcəyi bir dərs verdiyini ortaya qoyub: "töhfə etikası". Bu necə baş verir? 
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a açıqlamasında Azərbaycan xalqının milli adət ənənələrində uşaqları kiçik yaşlarından əməyə, zəhmətə alışdırmaq kimi üstün bir davranış tərzinin olduğunu xatırlatdı: - Uşaqlarımızı lap kiçik yaşlarından əməyə alışdırmalıyıq. Ana, ata “hələ uşaqdır, dəymə, işin olmasın”, deməməlidir. Hər yaşa görə uşağın görə biləcəyi iş var. Əgər evdə böyükdən kiçik uşaq varsa, ana onu körpəyə qulluğa cəlb etməlidir. Bunlar kiçik işlədir. Körpənin əmziyini, bezini gətirmək, ana körpəni yedirdərkən onları müşahidə etmək, izləmək, körpənin geyindirilməsinə kömk etmək, ağlayırsa “bax, gör, qardaşın ( ya bacın) niyə ağlayır”, soruşmaq. Təbii ki uşaq körpəni sakitləşdirəcək deyil, amma ananın bu xahişi uşaqda məsuliyyət hissi formalaşdıracaq, ona naladacaq ki o da ailənini üzvüdür və ailə üzvlərinə kömək etməlidir. Bunlar kiçik işlərdir, amma uşaq böyüdükcə onda ailə bağlarını möhkəməndirir, ailə üzvlərinə qayğı göstərmık hissi, məsuliyyətli olmağı formalaşdırır. Təəssüf ki, bizdə bu səpkili sosial tədqiqatlar aparılmır. Lakin bizim adət-ənənələrimizdə bunlar var və biz bunu həyat təcrübəmizdə öyrənirik. Əgər valideyn kiçik yaşlı övladını evin hansısa işinə cəlb edirsə, bu, uşağın özünü ailənin vacib bir üzvü hiss etməsinə səbəb olur. Uşağın həyatı yalnız oyun-oyuncaqdan ibarət olmamalıdır. Kimsə demir uşaq gücü yetməyəcək işlərə cəlb edilməli, əmək fəaliyyətinə göndrilməlidir. Xeyr. Evdə kiçik işlərə cəlb olunmaq uşağı normal insan kimi formalaşdırır. Məsələn, uşaq oyunu dayandırıb anasına süfrə açmaqda kömək edirsə, artıq öyrənir ki dünya oyunlardan ibarət deyil. Ev işlərində iştirak edən uşaqlar nəyin edilməli olduğunu başa düşürlər və soruşulmadan bunu necə edəcəklərini bilirlər. Belə uşaqlar böyüdükcə əməyə qiymət verir, başqalarının əməyinə də hörmətlə yanaşırlar. Uşağa evdə müəyyən tapşırıq verməklə onun gələcək peşəkar bacarıqlarının təməlini qoymuş oluruq. Tədqiqatçılar deyir ki, “uşağınızın uğurlu gələcəyə sahib olmağını istəyirsinizsə, ona çoxlu oyuncaq almayın, əlinə süpürgə verin”. Bu, uşağın istismarı kimi əsla başa düşülməməlidir. Zəhmətin nə olduğunu kiçik yaşlarından qavrayan uşaq ailədə ən nümunəvi övlad, gələcək həyatında da nümunəvi həyat yoldaşı və valideyn olacaq.