“Tehran Əsədi qurban verə bilər”

Politoloq: “Tehran hakimiyyəti Suriyada problem yaşamağa başlayır”


Suriya böhranında hər zaman Əsəd rejiminin yanında olan İran prezidenti Həsən Ruhani maraqlı açıqlama verib. Ruhani, Bəşşar Əsədin başında olduğu Suriya dövlətində islahat edilməsinin zəruri olduğunu söyləyib. 

"Suriyada kimyəvi silahdan istifadə edilməsindən sonra İranın Suriya siyasətini dəyişdirməsi düşünülürmü?” sualına Ruhani belə cavab verib: "Qərb terrorçulara dəstəyə son verməlidir. Əlbəttə Suriya dövlətində islahatlar edilməsi də lazımdır”. Ruhani Əsəd rejiminin kimyəvi silah hücumunun ardından ABŞ-ın Suriyanı vurmasına isə "ABŞ-ın Suriyaya hücum etməsi səhv idi. Bu ilk dəfə reallaşdı. Təkrarı çox təhlükəli nəticələrə yol aça bilər” deyə cavab verib.

İranın Suriya ilə bağlı mövqeyinə münasibət bildirən politoloq Sədrəddin Soltan "Şərq”ə açıqlamasında deyib ki, İran Suriyada təhlükəsizlik adı altında daha çox öz hakimiyyətini və ərazi bütövlüyünü qorumağa səy göstərir: 

"İran hakimiyyətinin təmsilçiləri Bəşşar Əsədin əbədi olmadığını ötən illərdə də deyiblər. Əslində islahat adı altında Suriyada dəyiyiklik nəzərdə tuturlar. Həsən Ruhani ötən gün indiki şəraitdə "Suriyada seçkilərin keçirilməsi” kimi cəfəng iddia ilə də çıxış edib. Ancaq heç kimə sirr deyil ki, dünyanın 64 dövləti, Suriyanın dostları adlı blokun üzvləri Bəşşar Əsədsiz Suriyanın tərəfdarıdırlar. Odur ki, Ruhaninin dediklərinə bir sual da biz əlavə edək: "İslahatı hansı qüvvə həyata keçirəcək?”. 

Ekspertin sözlərinə görə, elə bir qüvvə razılaşdırılsa idi, Suriyada böhranın uzanmasına ehtiyac qalmazdı: 

"Suriyada islahat həyata keçirmək asan məsələ deyil. 20 ilə yaxındır İran hakimiyyəti islahat keçirmək istəyir, nəticə hələ də yoxdur. Bu baxımdan Ruhaninin Suriyada islahat keçirmək adlı ideyası və təşəbbüsü gerçəkliyi heç bir halda əks etdirmir. Sadəcə olaraq, İran hakimiyyəti ABŞ-ın Əsədin hərbi hava bazasının bombalamasından sonra nə isə deməli və etməli idi. Ruhani də bunu deyib. Hələ İran parlamenti ABŞ-ın Suriyanı bombalamasına cavab verilməsi ilə bağlı sənədi müzakirə etməyi planlaşdırıb. Ona görə də ehtimal etmək olar ki, Tehran hakimiyyəti Suriyada problem yaşamağa başlayır. Bu üzdən müxtəlif bəhanələrlə bunu örtməyə çalışır”. 

Politoloqun sözlərinə görə, İranın Suriya məsələsində bir yolu var idi, beynəlxalq koalisiya ilə birlikdə hərəkət etmək: 

"Ancaq İran bu yolu tutmadı, Rusiya ilə birlikdə hərəkət etməyə üstünlük verdi. İndi isə Moskva ilə birlikdə Bəşşar Əsədin hakimiyyətinin uzanmasının məsuliyyətinin daşıyır. Deməli, perspektivdə İran Rusiya ilə birlikdə Suriyada tökülən nahaq qanlara görə Beynəlxalq məhkəməyə verilə bilər. Bizim atalar sözündə deyilir: "Su meymunun boğazına çıxanda balasını ayağının altına alar”. Ona görə də Tehran gələcəkdə onu gözləyən təhlükədən yayınmaq üçün Bəşşar Əsədi piyada kimi qurban verə bilər. Çünki İran Suriyada təhlükəsizlik adı altında daha çox öz hakimiyyətini, ərazi bütövlüyünü qorumağa səy göstərir. İslahat isə İran hakimiyyəti üçün Suriyada vaxt udmaqdan ötrü ortaya atılan avantüradır”.

Politoloq bildirib ki, əgər İran Bəşşar Əsəd və Suriya məsələsində hikkəsindən əl çəkməzsə perspektivdə təklənəcəyi gözlənilir: 

"ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, Rusiya seçim etməlidir - ya İranla Bəşşar Əsəd, ya da Qərb. Rusiya Qərblə münasibətlərini çoxdan qayadasına salmağa çalışır. Ona görə də Moskvanın Əsədə yönəlik siyasətinin dəyişəcəyi istisna edilmir. Bu, Əsədin və İrandakı hakimiyyətin taleyinə həlledici təsir göstərə bilər”.

İsmayıl