Qarşıdurma...

İndi buyurun, cənab İbrahimoğlu...

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın və ilahiyyatçı Elşad Mirinin Aşura günü ilə bağlı mövqeləri sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardandır. Hətta məsələ o həddə çatıb ki, sözügedən şəxslərin düşüncələri dindarlar arasında polemikaya səbəb olub. Belə ki, Hacı İlqar İbrahimoğlu da adıçəkilən şəxslərin analoji mövqelərinə etiraz edərək sərt münasibət sərgiləyib.

O, E.Miri və F.Mustafanın mövqelərini qərəzli və əməviruhlu yanaşma adlandıraraq bunun islama qarşı olduğunu bildirib. Onların Aşuraya yanaşmalarını şiddətlə qınayıb. Bunu milli-mənəvi dəyərlərimizə, İslam vəhdətinə və qardaşlığa qarşı təzahür edilən bir hal kimi dəyərləndirib.

Qeyd edək ki, Aşura ilə bağlı müsahibələrinin birində E.Miri islam dinində yas saxlamaq və zəncir vurmaq anlayışının olmadığını vurğulayıb: "Peyğəmbərin sağlığında xanımları, qızları və əmiləri vəfat edib. Amma peyğəmbərimiz üç, yeddi, adna, qırx, əlli iki və il mərasimini keçirməyib. Peyğəmbərin etmədiyi bir şeyi din adı altında insanlara necə təlqin edə bilərik? Quranda da belə bir hallara rastlanmır. Əslində Quranda "özünüzə zülm etməyin” deyə bir ayə var. Əfsuslar olsun ki, məhərrəmlik ayının 10-cu günü olan Aşura qeyd ediləndə insanlar özlərinə zəncirlə zülm verirlər. Bunu insanlara din adı altında təqdim etmək düzgün deyil. F.Mustafa isə insanların zəncir vuraraq özlərinə əzab vermələrinin axmaqlıqdan başqa bir şey olmadığını deyib.

Aşura ilə bağlı mövqeyinin mübahisələrə səbəb olması barədə açıqlama verən F.Mustafa Aşuranın deyil, zəncirvurmanın əleyhinə olduğunu bildirib: "Son vaxtlar bir neçə dəfə sosial şəbəkədə fərqli adlar tərəfindən verilən eyni başlıqlı və məzmunlu yazılara rast gəldim. Hamısının başlığı belədir. "Elşad Miri və Fazil Mustafa Aşuranın əleyhinədirlər.” Hətta özünü islamın mahiyyətindən xəbərsizlər üçün günümüzün böyük üləma-filosofu kimi təqdim edən İlqar İbrahimoğlu cənabları da eyni mətni təkrar ifadə edəndə, anladım ki, məsələnin kökü fərqli tərəfdədir. Demək ki, cəhalətə qarşı, islamın təhrif olunmasına qarşı mövqeyimiz tam hədəfinə dəyib. Və bu adamları o qədər qəfildən işə qoşublar ki, yanlış olaraq mənim ifadə etmədiyim bir mövqeni də adıma qeyd ediblər. Görünür, təlimatın farsca tərcüməsində bir qədər yanlışlıq olub. Çünki mən bir də diqqətlə səhifəmi, müsahibələrimi araşdırdım və gördüm ki, konkret olaraq Aşuranın əleyhinə hansısa fikir bildirməmişəm. Söylədiyim ifadəni olduğu kimi təqdim edirəm: "Zəncir vurmaq, qan çıxarmaq kimi adətlərə gəlincə isə Fazil Mustafa vurğulayıb ki, dində bu adət yoxdur: "Ümumiyyətlə, insanın özünə zəncir vurmağı, qan çıxarmağı axmaqlıqdır. Çünki bunun nə İmam Hüseyn üçün faydası var, nə də İmam Hüseyn kimi zəki şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdi. Çünki onlar peyğəmbər tərbiyəsi görmüş adamlardır. Peyğəmbər tərbiyəsi görmüş adam özündən sonrakı insanların özlərinə belə ziyan vurmağını istəməzdi. Amma görünür ki, Azərbaycan özünə İrandan köçürülmə islam anlayışı əxz edib və bu anlayış da indiyə qədər Azərbaycan cəmiyyəti üçün ancaq cəhalət və nadanlıq yayılması üçün əsas alətə çevrilib”.

Deputat qeyd edib ki, başqalarına lənət oxumaq, nifrət aşılamaq, boş başını yarmaq, peyğəmbərin qadınına əxlaqsız demək, yaxın silahdaşlarına küfr etmək ədəbsizlik və tərbiyəsizlikdir: "Din xadimi deyiləm. Siyasi partiya rəhbəriyəm, hüquqşünasam. Dini dünyagörüşümüzü tədqiq etmiş fəlsəfə doktoruyam. Deputat kimi ictimai statusum tələb edir ki, hər bir təzahürə insan haqları kontekstindən yanaşım. Bütün dinlərə və dini ayinlərə da yanaşmam bu cürdür. Hansı inancdan asılı olmayaraq bir şəxs əgər Azərbaycan vətəndaşıdırsa, onun hüququna da, inancına da sayğılıyam. Nəinki İ.İbrahimoğlunun hansısa ayini icra etməsinə, hətta bir erməni-qriqoryanın, rus-provoslavın, alman protestantın, katolikin və musəvinin ibadətinə vicdan azadlığı tələblərinə uyğun yanaşıram. Bununla belə, müsəlman olduğuma görə, islamın iman şərtlərindən sual soruşulanda gerçək islamın mahiyyəti barədə fikirlərimi açıqlayıram. Söyləyirəm ki, islamda ən böyük möcüzə "Quran-i Kərim”dir, onu anlayaraq oxuyun, ən böyük şəxsiyyət Həzrəti Məhəmməddir, onun həyatını örnək götürün və öyrənin, Raşıdi xəlifələrinə, eləcə də Ömər ibn Əbdüləziz kimi simalara, Peyğəmbərimizin Əhl-i Beytinə, böyük İslam alimlərinə, sərkərdələrinə hörmətlə yanaşın, peyğəmbərimizin vəfatından sonra baş verən bütün hadisələrə isə islam tarixinin faydalı və ya faydasız epizodları kimi yanaşın, bu dinin iman əsasları ilə hədisləri, mərasimləri bir-birinə qarışdırmayın. Zəncirlə özünü döymək cahillikdir. İndi buyurun, cənab İbrahimoğlu, bir-bir Quran ayələrindən sitat gətirib, söylədiklərimizin hansının islama zidd olduğunu, islam vəhdətini pozduğunu isbatlayın”.

Əməvilər məsələsinə gəldikdə isə, F.Mustafa söyləyib ki, İ.İbrahimoğlu və onu dəstəkləyənləri o dönəmin Kufə əhli kimi xarakterizə edir: "İmam Hüseyni dəstəkləməyi vəd edən, sonra da Yezidin təzyiqi ilə vədinə əməl etməyib onu azsaylı tərəfdarı ilə zalimlərlə üz-üzə buraxan namərd Kufə əhli, sonradan Peyğəmbərin sevimli nəvəsinin şəhadətinə hamıdan çox ağladıqlarını gözə soxmaqla, əslində tarixi riyakarlıqlarını ört-basdır edirdilər.

Millət vəkili onu da əlavə edib ki, kiminsə fikirlərini dəyişmək və inandıqlarına hörmətsizlik etməyi, əsla düşünmür: "Sadəcə, öz doğru bildiklərimi vətəndaşlarımıza çatdırıram ki, düşünsünlər, müzakirə və müqayisə etsinlər. İnanın, bizim dünyəvi dövlət modelində islam bəzi qonşu ölkələrdəki kimi, cənab İbrahimoğlu kimilərin obrazında cəhalət yaşantısı olaraq beyinlərə yeridilərsə, bu gözəl əxlaq dininə insanlar hər zaman ehtiyatla, qorxu dini kimi yanaşacaqlar”.