Bakıda ruhi xəstəxanadan qaçan şəxslərlə bağlı maraqlı faktlar məlum olub. APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dispanserdən xəstələrin qaçmasını Yusif Məhərrəmov təşkil edib. Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilərək cəzaya məhkum olunmuş Y.Məhərrəmov məhkəmənin qərarı ilə bir neçə aylıq məcburi müalicəyə cəlb edilib. Bu ayın sonunda Y.Məhərrəmov müalicəsini başa vuraraq yenidən həbsxanaya qaytarılacaqmış. Həbsxanaya qayıtmaq istəməyən Y.Məhərrəmov bir qrup xəstə ilə təmasa girərək xəstəxanadan qaçmaq planı qurub. Nəticədə özü də daxil 4 nəfər xəstəxanadan qaçmağa müvəffəq olub. Qaçan xəstələrdən biri, 23 yaşlı Elvin Nəsrullayev bir neçə gün əvvəl könüllü olaraq geri qayıdıb. Digər şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Onu da əlavə edək ki, noyabrın 16-da Ruhi Psixiatriya Xəstəxanasından xəstələr qaçan zaman xidmətdə olan polis əməkdaşı, 1978-ci il təvəllüdlü Rəşad Nurəddin oğlu Həsənov özünü binadan ataraq intihar edib.