Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin növbəti görüşü qardaş ölkənin Gümüşhane rayonunda baş tutacaq. Bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Milli Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Teramus Üstün məlumat verib. Qeyd edək ki, xarici siyasət rəhbərləri sonuncu dəfə bu ilin mart ayında Naxçıvanda görüşüblər. Görüş, yekun deklarasiyanın imzalanması ilə nəticələnib. Üç dövlət arasındakı münasibəti analiz edən siyasi şərhçilər bəzi mühüm məqamlara diqqət çəkirlər. Bildirirlər ki, Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi və hərbi münasibətlər yüksəkdir. Eyni zamanda Türkiyə-İran münasibətləri də inkişaf etməkdədir. Amma üçlü halqada İran-Azərbaycan münasibətləri çox zəifdir. Bir çox məsələlər həll olunmamış qalmaqdadır. Məsələn, Xəzərin dibi ilə bağlı problemin qalması və İranın Ermənistanla münasibətləri ciddi narahatlıq doğurur. Həmçinin İranın mütəmadi olaraq dövlətimizin daxili işlərinə qarışması və tərəflər arasında imzalanan bəyannamənin müddəalarına əməl etməməsi cənub qonşumuzla mütəmadi görüşlərin keçirilməsini zəruri edən amillərdir. XİN rəhbərlərinin görüşünü dəyərləndirən ADP sədrinin müavini, politoloq Həsrət Rüstəmov deyir ki, İranla əlaqələrin mümkün qədər normallaşdırılması və prosesə Türkiyənin də qoşulması dövlətimizin maraqlarına cavab verən ən uyğun formatdır: "İranla Azərbaycanın münasibətləri çox rəvan deyil. Bu artıq diplomatik sirr sayılmır. Çünki hər iki ölkə rəsmiləri mütəmadi olaraq dövlətlər arasındakı problemlər barədə açıqlamalar verirlər. Hazırda da münasibətlər gərgindir. İranlı diplomata qarşı Azərbaycan tərəfdən sanksiya tətbiq olundu, İran öz ərazisindən Naxçıvana gedən maşınlara problemlər yaratdı və s. Əslində bunlar təbiidir. Çünki İranın Azərbaycanla bağlı müəyyən tarixi nigarançılığı və narahatlığı var. Bunu da açıq şəkildə büruzə verir”.
Ekspertin sözlərinə görə, mövcud ictimai-siyasi və geopolitik baxımdan yanaşsaq, İranın dünya ilə münasibətlərinin də gərgin olduğunu görərik: "Hansı ki, İranın "düşmən” kəsildiyi həmin ölkələrlə Azərbaycan normal münasibətlər qurmağa çalışır. İsrail-Azərbaycan əlaqələrini də İran hər zaman qabardır və bunu həzm edə bilməyəcəyini etiraf edir. Belə bir vəziyyətdə təbii ki, diplomatik görüşlərin çox olması, məsələnin dinc və danışıqlar yolu ilə həllinə çalışılması yaxşı nəticələr verə bilər”. H.Rüstəmov qeyd edir ki, İran böyük müsəlman dövlətidir və Azərbaycanla geniş sərhəddi var. Bu baxımdan İranla münasibətləri qeyri-diplomatik müstəvidə aydınlaşdıra bilmərik: "Mən diplomatik görüşlərə böyük önəm verirəm. Partiyamız da vaxtaşırı bu məsələyə diqqət çəkir. Sadəcə olaraq münasibətlər qarşılıqlı faydalanmaya əsaslanmalıdır. Yəni birtərəfli şəkildə İranın dövlət maraqlarına cavab verən addımlara Azərbaycan razılıq verə bilməz. Münasibətlərin aydınlaşmasına və gələcək perspektivlərə qardaş Türkiyənin də qoşulması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də hökumətin bu istiqamətdəki addımlarını dəstəkləmək lazımdır. Düzdür, əvvəlki görüşlərin ciddi nəticələri olmayıb. Amma heç olmasa münasibətlər daha da gərginləşməyib. Hesab edirəm ki, ən azı bu nəticələrin qorunub saxlanılması yönündə yeni nəticələr ortaya çıxacaqsa, bunun özünü alqışlamaq lazımdır”.