Son günlər Azərbaycanda iqtidar-müxalifət dialoqunun mümkünlüyü yenidən aktuallaşıb. Yaxın perspektivdə hakimiyyətlə müxalifət arasında dialoqun baş tutacağı gözlənilir. Mətbuatda dolaşan məlumatlara görə, növbəti dəfə məhz hakimiyyət dialoq təklifi ilə çıxış edəcək. Dialoqda iki düşərgə arasındakı münasibətlərin normal məcraya istiqamətlənməsi ilə yanaşı, son zamanlar Azərbaycana qarşı xaricdən, xüsusilə də, Rusiya və İrandan yönələn təhdidlər məsələsinin də müzakirə olunacağı nəzərdə tutulur. Dialoqab-havasının yaşandığı dönəmdə bəzi müxalif partiyalar dialoqun baş tutacağının mümkünsüz olduğunu iddia edirlər. Bildirirlər ki, dialoq məsələsi zaman-zaman gündəmə gətirilsə də, məsələ reallaşmayıb. Ötən həftə prezident İlham Əliyevin jurnalistlərlə görüşündə, müxalifətin ünvanına müsbət ifadələr işlətməsini və Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadənin yubileyinin keçirilməsi haqqında sərəncamına siyasi rəylər qataraq qeyd edirlər ki, Qərb, Rusiya və İran tərəfindən sıxışdırılan Azərbaycan hakimiyyəti bu yolla ölkə daxilində özünə dayaqlar axtarır. Cəmiyyətdəki siyasi gərginliyin nisbətən aradan qalxmasına nail olmaq istəyir. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı iqtidar-müxalifət dialoqu ilə bağlı yayılan məlumata münasibət bildirərkən Azərbaycan cəmiyyətində dialoq mühitinin mövcudluğunu qeyd edib: "Yeni Azərbaycan Partiyası istənilən mövzu ilə əlaqədar istənilən siyasi partiya ilə müzakirə aparmağa hazırdır. Partiyanın qapıları dialoq adı altında danışmaq istəyənlərə açıqdır”.
YAP icra katibinin müavini vurğulayıb ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin tribunasından mətbuatda çıxışlar edir, digər partiyalar KİV-dən, internetdən istifadə edir, öz qəzetlərində müxtəlif mövzularda diskussiyalar aparır, yazılar yazır: "Bunun özü cəmiyyətdə siyasi partiyalar arasında dialoqun göstəricisidir. Dialoq var və Azərbaycanda da dialoq mühiti olan və bu mühiti yaradan hakimiyyət var. Ona görə də "kimlə kim dialoqa gedəcək” adı altında bir mövzunu gündəmə gətirmək o qədər də doğru deyil. Dialoq mövzusunu istismar edənlər var. Müxalifət kimə deyirlər? Azərbaycanda 40-dan çox partiya var və onun əksəriyyəti müxalifətdir”. M.Qurbanlı onu da əlavə edib ki, bu partiyaların müxalifətdə olanının böyük hissəsi parlamentdə təmsil olunub: "Parlamentdə olmaq elə dialoq mühitində olmaq deməkdir. Dialoq deyəndə bəzi radikallar radikal partiyanın nümayəndəsinin hakimiyyətin ali rəhbərliyindən kiminləsə oturub danışmasını nəzərdə tutur. Bu, dialoq deyil, bu artıq kiminsə kimləsə görüşü ola bilər. Ona görə də, dialoq mühiti mövcud olan cəmiyyətdə "dialoq-dialoq” deyərək onu istismar edənlər başa düşməlidirlər ki, dialoq mühiti həmişə mövcud olub və bu gün də var”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə "Şərq”ə açıqlamasında sözügedən siyasi dialoqun reallaşmasının əhəmiyyətli olduğunu deyib. Qurum rəhbəri bildirib ki, seçki yolu ilə siyasi dəyişikliyə nail olunmadığına görə, qeyri-seçki yollarını sınamaq lazımdır: "Bunun adı siyasi dialoqdur. Yəni ki, iqtidar və müxalifət milli problemlərin birgə həllində iştiraka razılıq verirlər. Həmin problemlərin həllində də məsuliyyəti bölüşürlər. Bu baxımdan siyasi dialoqu Azərbaycanda siyasi inkişafın düzgün yolu hesab etmək olar”.
S.Cəlaloğlu vurğulayıb ki, siyasi dialoqun təşkili barədə iqtidar və müxalifət tərəfləri zaman-zaman açıqlama versələr də, bu vədlər qeyri-səmimi olub: "Ona görə də indiyə kimi iki düşərgə arasında siyasi dialoq baş tutmayıb”.
Təşkilat sədrinin qənaətinə görə, Azərbaycanda siyasi dialoqun baş tutmasını zəruri edən amil ölkəmizə qarşı xarici qüvvələrin təzyiqinin artmasıdır: "Azərbaycan Ukraynadan fərqli olaraq Rusiyanın təhdidlərinə baxmayaraq Avropaya meyl edir. Buna görə də Rusiyanın müəyyən təzyiqlərinə məruz qala bilər. Digər tərəfdən Azərbaycan həqiqətən Avropaya meyl edirsə, ilk növbədə ölkə daxilində demokratik mühit daha da yaxşılaşdırılmalıdır. Bunun başqa variantı yoxdur. Bu iki şərt, AB ilə əməkdaşlıq istiqamətində kursun başladılması və bunun müqabilində şimal qonşumuzun müəyyən təzyiqlərinə məruz qalması hökumətin bu cür addım atmasına səbəb olub”.
Partiya rəhbərinin fikrincə, siyasi dialoqun hazırkı anda gündəmə gətirilməsinin başqa səbəbi də geopolitik sahədə baş verən son dəyişikliklərdir: "Qərb və İran arasında yumşalmalar başlayıb. Güman edirəm ki, bu proses inkişaf edəcək və getdikcə Azərbaycanın Qərb üçün əhəmiyyəti sıfıra enəcək. Amillərdən biri bölgədə Azərbaycanın enerji ixrac edən ölkə kimi əhəmiyyətin azalması olacaq. Çünki Qərbə neftin verilməsində İranın rolu dəfələrlə artacaq. Qərb üçün Azərbaycan deyil, İran daha önəmli bir faktora çevriləcək. Amerikanın Azərbaycanla bağlı iqtisadi maraqları öz prioritetini itirəcək. İkincisi isə Azərbaycan öz geopolitik prioritetini əldən verəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın geopolitik üstünlüyü Əfqanıstan və İranla bağlı idi. Artıq Amerika öz qoşunlarını Əfqanıstandan çıxarır. Üstəgəl, Qərbin İrana olan münasibəti normallaşma mərhələsindədir. Bölgədə İrana təzyiq göstərmək üçün Qərbin müttəfiqə ehtiyacı yoxdur. İndi Qərbin Azərbaycanla bağlı prioritet istiqamətləri və maraqları dəyişib. Ona görə də dialoq məsələsi ortaya atılıb. Bu mövqeyi doğru sayıram. Bölgədə və dünyada baş verən dəyişilmələr fonunda düzgün hesablanmış addımdır. Sadəcə bunu söz səviyyəsindən iş səviyyəsinə gətirib çıxarmaq lazımdır. Çox ciddi şəkildə irəliyə doğru növbəti addımlar atılmalıdır”.
S.Cəlaloğlu söyləyib ki, yalnız siyasi dialoqlarla kifayətlənmək olmaz: "Ölkədəki siyasi, iqtisadi və hüquqi islahatların həyata keçirilməsi gərəkli məsələlərdir. Münasibətlərin yumşaldılması lazımdır. Ölkənin imicinin yüksəldilməsi ilə bağlı zəruri olan addımlar atılmalıdır”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc da dialoqla bağlı düşüncələrinin müsbət olduğunu qeyd edib: "Dialoq məsələsi o zaman gündəmə gəldi ki, siyasi ekspertlər cərəyan edən beynəlxalq prosesləri göz önünə aldılar. Bir sıra məqamlarda Azərbaycanın da əleyhinə layihələrin olduğunu vurğuladılar. Bu dönəmdə ölkə daxilindəki bütün siyasi qüvvələrin vahid bir konsolidasiyada çıxış etməsinə zərurət yaranıb. Nəzərə alsaq ki, ölkə başçısı media rəhbərləri ilə görüşdə çox aydın mətnlə ölkənin siyasi həyatı, partiyalı fəaliyyətlər və milli mənafelərə bağlı məsələlərdə tutula biləcək mövqelərə dair özünün fundamental baxışlarını növbəti dəfə ortaya qoydu. Bu həm də o anlama gəlir ki, ölkənin əleyhinə olan ssenariləri Azərbaycana mexaniki yolla daşıyan KİV-lər fərqində olmurlar ki, ölkəni kənar bir gündəliyə sürürkləyirlər”.
Z.Oruc bildirib ki, ölkənin əsas siyasi təşkilatları da öz iradələrindən kənara çıxaraq yad bir prosesin elementinə çevrilirlər: "Siyasi və politoloji ədəbiyyatlarda buna təsir agentləri deyilir. Heç kim irəli sürdüyü təşəbbüsün ölkəni hansı prosesə apardığının fərqində deyil. Bu baxımdan dialoqlar ayrı-ayrı məsələlər ətrafındakı fikirləri yaxınlaşdırır. Barışmazlıq mühitini aradan qaldırır. Mübarizəni səngərdə deyil, normal siyasi mədəniyyət müstəvisində həyata keçirməyin vacibliyi anlaşılır. Ölkə rəhbəri haqlı olaraq daha mühüm bir məsələni qeyd etdi ki, kiminsə kiməsə münasibətində simpatiyası olmaya bilər. Amma milli və dövlətçilik maraqları hamını birləşdirməlidir. Azərbaycan hamımızın vətənidir. Prezidentin ortaya qoyduğu bu prinsiplərdən çıxış edərək, dialoq məsələsinə münasibətim müsbətdir. Amma real təşəbbüslərdə hərəkət edəcək qüvvə, səlahiyyət sahibləridir. Bu məsələ ilə bağlı konkret rəy söyləmək istəmirəm. Yalnız baxışlarımı təqdim edirəm. Düşünürəm ki, bu əsnada gələcək zaman çərçivəsində hansısa addımlar atılarsa, ona normal yanaşmaq olar”.