Zaqataladakı atışma ilə əlaqədar daha iki nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilib ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin daha iki iştirakçısı, Balakən rayon sakinləri Sabir Osmanov və Pərviz Əliyev tutulublar. Saxlanılan Sabir Osmanov dörd nəfəri güllələyən Samir Osmanovun qardaşıdır. Saxlanılan şəxslərdən xeyli sayda silah-sursat və narkotik götürülüb. İlkin məlumata görə, hadisə iştirakçıları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər olub və silahlı insident də həmin şəxslərdən ibarət iki qrup arasında baş verib. Zaqatala Rayon Polis Şöbəsinin rəisi Arif Babayev isə açıqlamasında baş vermiş insidentlə bağlı bir neçə nəfərin saxlanıldığını təsdiqləsə də, hadisənin motivi barədə danışmaq istəməyib: "Hazırda bu işlə bağlı zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir. Aparılan tədbirlər başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.
Zaqataladan deputat seçilmiş Kamilə Əliyeva isə baş verən kriminal hadisədə Zaqatalanın adının hallanmasının doğru olmadığını deyib. "Hadisəyə qəti siyasi don geyindirmək olmaz” deyən millət vəkilinin sözlərinə görə, bu, şəxsi zəmində baş verən bir hadisədir. Onun sözlərinə görə, kriminal hadisədə adı hallanan şəxslər Balakən və Bakı sakinləridir: "Ölənlərdən ikisi də Bakı sakinləridir. Zaqatala ilə hadisənin heç bir əlaqəsi yoxdur. Sadəcə, insidentin baş verdiyi yer Zaqataladır. Cinayət işi açılıb. Prokurorluq işi aparır. Təqsirkar da həbs olunub. Əlavə bilgim və şərhim yoxdur”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə Zaqatalada bu cür kriminal hadisənin baş verəcəyinin onun üçün təəccüblü olmadığını deyib. Bu yaxınlarda şimal bölgəsinə səfər edəcəyini vurğulayan E. Behbudov səfər çərçivəsində hadisəni təfərrüatları ilə araşdıracağını vurğulayıb: "Sabahdan İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinqlər keçirəcəm və bu hadisəni də araşdıracam. Ancaq hələlik onu deyə bilərəm ki, Zaqatalada nə vaxtsa belə bir hadisənin yaşanacağını bilirdim. Hətta bu barədə ictimaiyyəti də məlumatlandırmışdım. Xatırlayırsınızsa, bir müddət əvvəl şimal bölgəsində monitorinq keçirən zaman həyəcan təbili çalmışdım ki, Zaqatalada vəziyyət heç də yaxşı deyil, orada təhlükəli proseslər gözlənilir. Ancaq o zaman heç kəs məni ciddiyə almadı. Bu da nəticəsi. Mən bunu elə-belə özümdən çıxartmamışdım ki? Mənim orada çox güclü regional bölməm var. Onlar məni məlumatlandırmışdı. Eyni zamanda monitorinqlər zamanı bir sıra görüşlər keçirdim və gördüm ki, Zaqatalada vəhhabilərin sayı getdikcə artır, onlar hər an üçün təhlükə mənbəyidir. Bu səbəbdən də mətbuat vasitəsilə ictimaiyyəti və aidiyyəti orqanları məlumatlandırdım”. Zaqataladakı atışmanın "oğru dünyası”nın nüfuzlu simaları arasındakı haqq-hesab” kimi qələmə verilməsinə gəldikdə isə E.Behbudov belə bir ehtimalın olmadığını və bu hadisədə yalnız və yalnız vəhhabi faktorunun əsas ehtimal olduğunu qeyd edib: "Zaqatalada "lotu” yoxdur axı! Hələ eşitməmişəm ki, həmin bölgədən cinayət aləmində nüfuzu olan bir adam çıxsın. Odur ki, bu cür ehtimallar üzərində dayanmağa dəyməz”.