İstanbul toplantısı...

Bu dəfə Qarabağın həllində anaların səsi eşidiləcək

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və Ermənistanın Qadın Mərkəzi 1-5 dekabr tarixlərində İstanbulda Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüş təşkil edəcək. Görüşün nəticəsi olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ünvanlanmış məktub hazırlanacaq, məktubun mahiyyəti daha sonra açıqlanacaq. Məqsədlərinin sülh olduğunu söyləyən hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, bu görüşlər 5 ildir keçirilir: "İstəyirik ki, münaqişənin həllində anaların səsi eşidilsin, qadınların rolu artırılsın. Biz bu görüşlərdə Dağlıq Qarabağın Azərbaycan torpağı olması, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun qaytarılması, azərbaycanlı icmasının Dağlıq Qarabağa köçməsindən sonra digər məsələlərin müzakirəsi mövqeyindən çıxış edirik. Məqsədimiz sülhdür. Çünki istəsək də, istəməsək də, bu xalqlar yanaşı yaşayacaqlar. İstəyirik ki, münaqişənin həllində anaların səsi eşidilsin, qadınların rolu artırılsın”. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında baş tutacaq İstanbul görüşünə münasibət bildirən əslən Qarabağ bölgəsindən olan millət vəkili Elman Məmmədov bildirib ki, bu cür görüşlərin heç bir əhəmiyyəti yoxdur: "Görüşmək istəyirlər, görüşsünlər. Bu onların öz işidir. Bir müddət bundan öncə də bəzi ziyalılarımız erməni ziyalıları ilə görüşmüşdülər. Amma bu, mənasız bir şeydir. Ötən 20 il ərzində dəfələrlə Azərbaycan və Ermənistan prezidentləri, o cümlədən xarici işlər nazirləri arasında münaqişənin həlli istiqamətində danışıqlar aparılıb. Əgər ölkə başçıları səviyyəsində keçirilən görüşlər çərçivəsində heç bir nəticə əldə olunmayıbsa, kimlərinsə ermənilərlə danışıqlar aparmasından da nəsə gözləməyə dəyməz”.

Ermənilərlə azərbaycanlıların bir masa arxasında oturub Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyin hər zaman əleyhinə olduğunu vurğulayan millət vəkilinin qənaətincə, "Xalq diplomatiyası” problemi həll edə bilməz: "Hələ də başa düşə bilmirəm ki, onlar düşmənlə qabaq-qabağa oturub, nə danışırlar. Təbii ki, bu mənim şəxsi fikirlərimdir. "Xalq diplomatiyası”na ümid edənlər də var. Sadəcə onlar hansı əsasla Dağlıq Qarabağ kimi uzun illərdir davam edən bir münaqişənin ziyalıların, musiqiçilərin, yazarların görüşü ilə həll olunacağına ümid edirlər, anlamıram”.

Millət vəkilinin sözlərinə görə, prezidentlər səviyyəsində hər hansı bir nəticə əldə olunsaydı, ictimaiyyət nümayəndələrinin görüşünü bəlkə də məqsədəuyğun saymaq olardı: "Bu gün nə beynəlxalq çərçivədə, nə də prezidentlər səviyyəsində aparılan danışıqlarda heç bir irəliləyiş yoxdur. Cinayətkar Sərkisyan və onun rejimi "Qarabağı heç vaxt verməyəcəyik” kimi sərsəmləmələrlə çıxış edirsə, burada nə "xalq diplomatiyası?” Ona görə də bu cür görüşləri mənasız iş hesab edirəm. Hesab edirəm ki, bu cür görüşlərin baş tutmasında canfəşanlıq edənlər sadəcə adlarının sülh prosesində hallanmasına çalışırlar”. Digər millət vəkili Rövşən Rzayev isə həmkarından fərqli olaraq "xalq diplomatiyası”nın lehinə olduğunu deyib: "Biz daim belə görüşlərin keçirilməsinə çalışırıq, lakin buna mane olan qüvvələr var. Çünki onlar bilirlər ki, biz nə qədər çox görüşsək, Dağlıq Qarabağ probleminin həllinə o qədər yaxın ola bilərik”.