“Mənim heç bir vəzifədə gözüm yoxdur”

Üzeyir Cəfərov: “Mən küçə söhbətləri, ara söhbətləri danışmıram”

Müdafiə naziri Zakir Həsənovun yeni təyin olunduğu gündən etibarən mətbuata hərbi ekspert kimi tanınan ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov tərəfindən informasiyalar ötürülməyə başladı. Nazirlikdəki struktur dəyişiklikləri haqqında ictimaiyyətə informasiya verən Ü.Cəfərov kimin vəzifədən çıxarıldığını, kimin təyin olunduğunu proseslərdən əvvəl xəbər kimi mətbuata ötürürdü. Əksər informasiyalar isə doğru çıxırdı.

Bu isə ictimaiyyət tərəfindən müxtəlif fikirlərə yol açdı. Bəziləri ehtiyatda olan zabitin vəzifəyə gətiriləcəyini, bəziləri isə nazirlik daxilindəki dostları tərəfindən məlumatlandırıldığını söylədilər. Bu günlərdə isə belə bir xəbər verildi ki, Ü.Cəfərova qurum daxilindən informasiya sızdıran bir general və bir polkovnik vəzifədən çıxarılaraq sərəncama göndərilib. Ona görə də daha Ü.Cəfərov mətbuata məlumatlar ötürə bilmir.

Söylənilənlərlə bağlı "Şərq”ə danışan Ü.Cəfərov deyib ki, həqiqətən də bir general və bir polkovnik ona məlumat ötürmək adı ilə sərəncama göndərilib. Amma ekspert vurğulayıb ki, nazirlik rəhbərliyinin şübhələndiyi şəxslər ona xəbər sızdıranlar deyillər....

- Adlarını çəkmirəm, amma iki nəfər mənə görə hələ ki sərəncamdadırlar. İstəmirəm ki, o yoldaşları çətin vəziyyətdə qoyum, bu məsələnin üzərinə gedilsin. Bu şəxslərin adlarının açıqlanması, onları zərbə altına qoymaq olar. Onların sonrakı taleyi necə olacaq, bilmirəm. Əgər vəzifəyə qoyularlarsa, o zaman ad çəkməyə lüzum yoxdur. Söhbətin konkret hansı general və polkovnikdən getdiyini nazirlikdə gözəl bilirlər. Çünki orada müzakirələr aparıblar və belə nəticəyə gəliblər ki, guya, həmin general və polkovnik mənə məlumatlar ötürürlər. Amma fərziyyələrində yanılıblar. Çünki o polkovnik də, general da nazirlikdə indi yoxdurlar, məndə isə yeni, ətraflı məlumatlar var. Yaxın müddətdə mən həmin informasiyaları yenə də ictimaiyyətə ötürəcəm.

- Maraqlı məqam odur ki, nazirliyin özünün mətbuat xidmətindən verilməyən məlumatlar, sizin timsalınızda ekspert tərəfindən yayılır. Bu informasiyaların əksəriyyəti də doğru olur. Aydındır ki, sizə içəridən informasiya ötürülür...

- Nazirliyin ən ağır günahlarından biridir ki, mətbuata informasiya ötürmürlər. Zakir Həsənovun islahatlarından biri mətbuatla əlaqələri tənzimləmək olmalı idi. Buna xüsusi diqqət olmalıdır. Olan məlumatları niyə nazirlik cəmiyyətə ötürmür ki, Üzeyir mətbuata bildiyi informasiyaları çatdırır? Mən o vaxt ştatdankənar fəaliyyətimi dayandıraram ki, Müdafiə Nazirliyi mətbuatla yaxşı işləyəcək, doğru-düzgün informasiya verəcəklər. O zaman mənim açıqlamalarıma ehtiyac da qalmaz.

- Olmaz ki, siz də bildiklərinizi açıqlamayasınız?

- Mənə bunu irad tutanlar var. Amma mən görəndə ki, nazirlik başını aşağı salıb, cəmiyyətlə, ictimaiyyətlə hesablaşmaq istəmir, dayana bilmirəm. Ona görə də bir vətəndaş kimi bildiklərimi, önəmli olanı ictimaiyyətin diqqətinə çatdırıram. Həm də bu sahə ilə bağlı məlumatlı şəxsəm. Açıqlamalarımdan nə jurnalist dostlarım itirirlər, nə də mən. İtirən nazirlikdir ki, onların xəbərlərini kənar bir şəxs paylaşır. Oradakı proseslərdən 95 faiz məlumatım var. İctimaiyyət üçün maraq kəsb edən məlumatları verirəm. Mən küçə söhbətləri, ara söhbətləri danışmıram ki. Ciddi, həqiqət olan informasiyaları ötürürəm.

- Yeni nazir təyin olunanda daha çox məlumatlar verirdiz, amma son vaxtlar bir qədər fəallığınız hiss olunmur...

- Sizinlə razıyam. Mən o zaman daha çox məlumat verirdim. Amma sonradan gördüm ki, nazirlikdə Leninin dili ilə desək, müvəffəqiyyətdən başgicəllənməsi yarandı. Çünki mən faktiki olaraq nazirliyin piarı ilə məşğul oldum. Onlardan isə rəsmi məlumat verilmirdi. Ondan sonra mən məlumatların verilməsini dayandırdım. Sonra da mənə çatdırıldı ki, guya, içəridən Üzeyirə xəbər ötürənlər tapılıb, cəzalandırılıb. Ona görə də mən daha xəbər verə bilmirəm. Amma onlar böyük səhvə yol veriblər. Elə bir hal olmayıb. Nə də onlar cəzalandırmaq istədikləri şəxslər mənə xəbər göndərənlər deyillər.

- Dünən sosial şəbəkədə nazirin şimal bölgəsinə səfəri ilə bağlı şəkil paylaşdınız və orada tənqidi fikirlər yazdız. Bu tənqid vacib idimi?

- Əlbəttə ki, vacib idi. O şəkildə çox ciddi şəkildə dövlət sirri açılır. Təsəvvür edin ki, Rusiya ilə Azərbaycan arasında həssas olan bölgəyə nazir səfər edir, onunla bərabər baş qərargah rəisi, birləşmə komandiri və hərbi hissə komandiri hərbi hissənin maketinin qabağında dayanıb şəkil çəkdirirlər. O şəkildə isə maket aşkar şəkildə görsənir. Bunu isə açıq şəkildə mətbuata ötürürlər, dərc olunur. Bizə bu gün dost deyib, sabah arxa çevirəcək Rusiyanın sərhəddində yerləşən hərbi hissənin maketinin şəklini çəkib yayırsan. Bu, Rusiyanın illərlə axtardığı bir detaldır. Sual olunur ki, bu, qeyri-peşəkarlığın nəticəsidir, yoxsa Azərbaycana zərbə vurmaqdan irəli gəlir? Hərbi və dövlət sirri deyilən anlayış var. Həmin hərbi hissədə minlərlə şəxsi heyət, texnika var. Dünən o şəkillə düşmənlərə hərbi hissəyə girə bilmək üçün ipucu verildi. Bu, qətiyyən olmaz. Nəyə lazımdır ki, hərbi hissənin maketinin önündə şəkil çəkdirib, yaymaq? Bəlkə nazir yenidir, bunun fərqinə o qədər də varmayıb. Bəs baş qərargah rəisi bilmir bunu? Siz hansısa bir xarici ölkənin saytlarında o ölkəyə aid olan hərbi hissənin dislokasiyasının maketini, yerləşdiyi ərazini yaxından şəklini görmüsüz? Görə bilməzsiniz. Çünki bu, dövlət sirridir, hərbi sirrdir.

- Amma bəziləri bildirirlər ki, "google”də axtarış verməklə istənilən ölkənin hərbi hissələrinin şəklini görmək olar...

- Bu mümkün deyil. "Google” xəritəsi sadəcə olaraq yuxarıdan ümumi mənzərəni göstərir. Hissənin maketdə giriş-çıxışı, anbarların yeri, əsgər kazarmalarının şəkli ola bilməz. Mənim yaydığım məlumatlar nazirliyin strukturları ilə bağlıdır, təyinatlarla əlaqədardır. Mən hərbi hissənin sirlərini ictimailəşdirmirəm ki. Yenə deyirəm, mən orduya bağlı insanam. Ordumuz mənim üçün əzizdir, doğmadır. Şəxslər gəldi-gedərdir. Amma ordu, bu ölkənindir, xalqındır. Ona görə də ordu ilə bağlı məsələlərdə hər kəs diqqətli olmalıdır. Mən Müdafiə Nazirliyinə və ordumuza düşmənçilik mövqeyində dayanmıram. Amma görəndə ki, bu gün nazirlikdə kommersiya piramidası qurulur, bununla da gözləntilərin üzərindən xətt çəkilir, buna göz yuma bilmərəm. Ona görə də hansısa faktları açıqlayıramsa, məndən inciməsinlər.

- Belə fikirlər var ki, siz nazir yeni təyin olunan zaman, oradan vəzifə gözlədiyiniz üçün islahatları müsbət sayırdız. Amma görəndə ki, heç bir vəzifə verilmədi, tənqidə keçdiz...

- Mən Z.Həsənov təyin olunanda dedim ki, gəlin bir ay gözləyək görək nə baş verir. O zaman müəyyən islahatlarla bağlı neytral danışdım. Amma bir ayın tamamından sonra gördüm ki, nazirlikdəki vəziyyəti Z.Həsənovun tam bilməməyindən istifadə edən bəzi adamlar hoqqalar çıxardılar. Konkret olaraq baş qərargah rəisi Nəcməddin Sadıqov və ətrafında olanlar kommersiya piramidası qurmaqla məşğul oldular. İlk gündən demişəm, indi də deyirəm ki, nazirlikdə mənim heç bir vəzifədə gözüm yoxdur. Şərəfli şəkildə ordumuzda 25 il xidmət keçmişəm. Mənə vəzifə verilsə də, verilməsə də, bu xalqın övladıyam. Əgər belə düşünürlərsə, yanılırlar. Demirlər ki, nazirlikdə vəzifə istəyir? Yaxşı, onda mən indi sizin qəzetiniz vasitəsilə ilk dəfə olaraq Zakir Həsənova müraciət edirəm. Nazir məni döyüş bölgəsindəki hərbi hissələrin birinə rütbəmə uyğun işə təyin etsin. Tam səmimi deyirəm ki, döyüş bölgəsinə təyinata razıyam. Nazirlikdə iş-filan istəmirəm. Onlar fikirləşirlər ki, mənim gözüm nazirlikdə vəzifədədir. Amma elə deyil. Mən vəzifə arzusunda olmamışam. Sadəcə hər zaman demişəm ki, ordumuza xidmət etməyə hərbiçi olaraq hər zaman hazıram. Mən heç indiki halda nazirliyə işə getməyə də razı deyiləm. Müxtəlif ağızlar var, onların hamısını qapatmaq mümkün deyil.

- Nazirlikdə baş verənləri 95 faiz bilən şəxs kimi sizdən soruşmaq istəyirəm, bundan sonra da hansısa məlumatlar verəcəksizmi? Yəni yeni hansı informasiyalar var?

- Bu gün mənim verdiyim informasiyalar sabah nazirin masasında ən çox müzakirə olunan məsələlərdəndir. Baxmayaraq ki, bəzilərinin bu məlumatlar xoşuna gəlmir, əsəbiləşirlər. Amma başa düşənlər var və onlar bilirlər ki, nazirin təhlil etməsi, qərarların düzgün qəbul olunması üçün mənim məlumatlarım mühüm rol oynayır. Mən yaxın günlərdə baş qərargah rəisinin əməlləri ilə bağlı geniş açıqlamalar verəcəm. Özü də bu məlumatlar qeyri-rəsmi yox, möhürlü sənədlərə əsaslanacaq. Bu gün müharibə vəziyyətində olan bir ölkənin baş qərargah rəisi Bakıda qazanc gətirəcək işlərlə məşğuldur. Bu adam çağırışla, əsgər yerləşdirmə işini görür. Artıq noyabr ayının sonlarıdır, dağlıq yerlərdəki hərbi hissələrdə qar-şaxta var. Baş qərargah rəisi əsgərlərin şəraitinin yaxşılaşdırılması istiqamətində addım atmaq əvəzinə, paytaxtda ordu ilə bağlı sonuncu dərəcəli işlərlə məşğuldur.

Yaxın 10 gün ərzində sənədlərlə sensassion məlumatlar ötürəcəm. Qoy xalq bilsin ki, ordunun rəhbərliyində dayanan bəzi şəxslər hansı işlərlə məşğuldurlar.