Putin İrəvana 500 nəfərlik heyətlə gedir

Bu səfər müvəqqəti olaraq erməni ictimaiyyətini sakitləşdirəcək

Rusiya prezidenti Vladimir Putin 500 nəfərlik nümayəndə heyətilə Sarkisyanın dəvəti ilə dekabrın 2-də Ermənistana rəsmi səfər edəcək. İki ölkə başçıları bir sıra tədbirlərə, o cümlədən Ermənistan-Rusiya regionlararası foruma qatılacaq, Rusiyanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasına baş çəkəcəklər. İrəvandakı görüşlər zamanı Sarkisyan və Putin, həmçinin, ikitərəfli əlaqələrə dair sentyabrın 3-də Moskvada əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vəziyyətini müzakirə edəcək, Ermənistanın Gömrük İttifaqına qoşulması ətrafında fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, ikitərəfli əlaqələrin möhkəmlənməsinə və dərinləşməsinə yönəlik bir sıra sənədlərin imzalanması gözlənilir. Böyük bir heyətlə Rusiya prezidentinin Ermənistana getməsi ekspertlər tərəfindən ciddi müzakirə olunur. Bəzi ekspertlər bu səfəri Azərbaycana təzyiq kimi, bəziləri isə Putinin Sarkisyanı təltifləndirməsi kimi qiymətləndirirlər. "Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə bildirib ki, bu səfər müvəqqəti olaraq erməni ictimaiyyətini sakitləşdirəcək: "Rusiya yaxşı bilir ki, Ermənistan ondan narazıdır. Ermənistan iqtisadi baxımdan çox pis vəziyyətdədir. Azərbaycanla sülh bağlaya və Türkiyə ilə də sərhədləri aça bilmir. Arzusundadır, amma Rusiya buna icazə vermir.

Rusiya Ermənistanın Avropaya inteqrasiya məsələsinə də mane olur. Bu şəraitdə Ermənistanda Rusiyadan ayrılmaq üçün müxtəlif hərəkatlar başlaya bilər. Bunu qabaqlamaq üçün Putin 500 nəfərlk heyətlə Ermənistana gəlib, mesaj vermək istəyir ki, Rusiya Ermənistanın bütün problemlərini həll edəcək. Təbii ki, 500 nəfərin içində Rusiyanın iqtisadi və biznes adamları da var. Onlar ermənilərin müxtəlif sahələrini inkişaf etdirmək üçün protokollara imza atdıracaqlar. Bu da müvəqqəti olaraq erməni cəmiyyətini sakit edəcək. Bu baxımdan düşünürəm ki, bu, böyük bir şou aksiyasıdır. Bu şou Ermənistanın Türkiyə ilə sərhəd açmaq məsələsini və Azərbaycanla sülh yaratmaq məsələsini ertələmək məqsədi güdür”.

Rusiya prezidentinin Ermənistan səfərini şərh edən Qafqaz Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, doktor Fərhad Mehdiyev isə hesab edir ki, Putin İrəvana Sarkisyanı təltif üçün gedir: "Bilirsiniz ki, Rusiyanın maraqlarına uyğun olaraq, Ermənistan Vilnüsdə keçirilən zirvə toplantısında Avropa İttifaqı ilə ticarət və əməkdaşlıq sazişini imzalamaqdan imtina etdi. Bu baxımdan hesab edirəm ki, Putinin Ermənistan səfərinin Vilnüs toplantısından dərhal sonraya planlaşdırılması heç də təsadüfi deyil. Hətta səfər çərçivəsində Ermənistan və Rusiya arasında iqtisadi əməkdaşlığa dair müəyyən sənədlərin də imzalanması gözləniləndir. Putin İrəvan səfərini sammitdən sonraya salmaqla bir növ Ermənistanın arxasında olduğunu göstərir. Yəni Ermənistan Avropaya inteqrasiyadan üz çevirdiyi üçün Putin onu mükafatlandırmağa gəlib. Eyni zamanda, Rusiya ilə Ermənistan arasında Avrasiya İttifaqı və Gömrük ittifaqı ilə bağlı da bir sıra sənədlərin imzalanacağı istisna deyil”.

Ermənistanın Avropa İttifaqı arasında ticarət və əməkdaşlıq sazişindən imtinası ilə bağlı Ermənistandakı etirazlara gəldikdə isə F.Mehdiyev hesab edir ki, onlar heç nəyə nail olmayacaq. Onun sözlərinə görə, Ermənistanın Rusiyanın istəyinə uyğun Avropaya inteqrasiyadan imtina etməsinin əleyhinə olan qüvvələr olsa da, bu qüvvələr o qədər də güc sahibi deyil. Etiraz edənlər arasında iqtidar təmsilçilərinin də olduğunu qeyd edən politoloqun sözlərinə görə, onlar özləri də hakimiyyətdə olsalar, Sarkisyan kimi davranardılar. Çünki faktiki olaraq, Rusiya Ermənistanın qarşısına çox çətin şərtlər qoyub.

Putinin Ermənistana səfəri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin və 5 rayonun qaytarılma məsələsinin gündəmdə olmadığını qeyd edən F.Mehdiyevin sözlərinə görə, 5 rayonu Rusiya əlində "kozr” olaraq saxlayacaq: "Hazırda Avrasiya və Gömrük İttifaqına üzv olması üçün Rusiyanın Azərbaycana qarşı müəyyən təzyiqlərdən istifadəsi göz önündədir. 5 rayonun işğaldan azad olunaraq Azərbaycana qaytarılma məsələsi də məhz bu üzdən ortaya atılıb. Kreml çox gözəl bilir ki, Azərbaycan üçün ərazi bütövlüyünün bərpası prioritetdir. Rusiya hələ ki, buna getməyəcək, çünki Kreml istənilən halda hər iki region dövlətini özünə bağlı halda tutmaq siyasəti yeridir”.

Avrasiya İttifaqının Rusiyanın həyata keçirdiyi axırıncı inteqrasiya mərhələsi deyil. Əgər bu ittifaq son mərhələ olsa idi, Rusiya ölkəmizin Avrasiya İttifaqında iştirakını təmin etmək üçün 5 rayonu Ermənistandan alıb, Azərbaycana verə bilərdi. Avrasiya İttifaqı SSRİ-dən fərqli olaraq, üzv ölkələrə kifayət qədər sərbəstlik verən bir təşkilatdır. Kremlə də bəllidir ki, 5 rayonun Azərbaycana qaytarılması ölkəmizi xeyli rahatladacaq və Rusiyanın bizə təzyiq üçün əlində elə bir vasitə qalmayacaq. Odur ki, son mərhələyə qədər Rusiya heç vaxt ətraf rayonların Azərbaycana qaytarılmasına razılıq verməyəcək. Çünki bu gün və yaxın onilliklərdə Dağlıq Qarabağ Azərbaycana bir siyasi təzyiq amili olaraq onların əlində "kozr” kimi qalmaqda davam edəcək. Rusiyanın razılığı olmadan da Ermənistan buna getməyəcək”.