YAP qocamanların davasına qarışmır

Bu, iki ziyalı şəxs arasında hansısa məsələdən dolayı başlayan mübahisədir

1991-93-cü illərdə bir müddət birinci vitse-spiker vəzifəsində işləmiş, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Zəmədzadə ilə "91-lər”in nümayəndəsi, YAP-ın Səbail təşkilatının sədri, professor Zahid Qaralov arasında mübahisələr səngimək bilmir. Xatırladaq ki, ikili arasındakı söz savaşı Z.Qaralovun Z.Səmədzadəyə yönəlik sərt tənqidi fikirlər və ittihamlarından sonra başlayıb.

Belə ki, sabiq deputat hazırkı komitə sədrini mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinə mane olmaqda günahlandırıb. Z.Səmədzadə isə Z.Qaralovun ittihamlarının əsassız olduğunu qeyd edərək, əslində adıçəkilən şəxsin ona qarşı hücumlarının arxasında başqa məqamların dayandığını söyləyib.

Qocaman YAP-çılar arasındakı münaqişəyə münasibət bildirən partiyanın icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, hakim partiya iki ağsaqqalın qarşıdurmasına müdaxilə etmək fikrində deyil: "Orda hər iki tərəf mətbuatda çıxış edib fikirlərini söyləyiblər və qarşılıqlı şəkildə bir-birinə cavab veriblər. Burada üçüncü, dördüncü, ya beşinci şəxsin müdaxiləsinə ehtiyac yoxdur. Hərənin öz mövqeyi var. Həmçinin tərəflərin hər biri öz şahidlərini sadalayır. Məsələyə şahidlər münasibət bildirsə, daha yaxşı olar. Kimin kimə nə iradı varsa, öz aralarında aydınlaşdırsın. Mənim kiməsə iradım olanda şəxsən özüm deyirəm”.

Yeni Azərbaycan Partiyası (YAP) mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev də "Şərq”ə verdiyi açıqlamada vurğulayıb ki, sözügedən məsələnin partiya ilə heç bir əlaqəsi yoxdur: "Bu, iki ziyalı şəxs arasında hansısa məsələdən dolayı başlayan mübahisədir. Bunun nə siyasi tərəfi var, nə də ki partiyamızla bağlılığı var. Onların mübahisəsinə şəxsi müstəvidə baxılmalıdır”.