Sərlövhələr...

Mətbuat oxucusunu qazanmaq üçün həm də yazılarına yaxşı ad seçməlidir
Redaktorlar da, jurnalistlər də bunun fərqindədir

Əziz Rzabəyli: "Bu, yazının mühüm hissəsidir. Yazının oxunmasına açardır”

Zamin Hacı: "Əvvəllər, yəni gündəlik yazmağa keçməmişdən sərlövhəyə çox baş sındırmalı olurdum. Amma indi gündəlik yazdığım üçün bunun üzərində çox da dayanmıram”

Aynur Camalqızı: "Çox oxunmayan yazının başlığını dəyişməklə həmin yazının oxu sayını dəfələrlə artırmışıq”

Azər Ayxan: "Bəzən başlıqları elə planlaşdırma iclaslarında özüm əvvəlcədən deyirəm”

Müasir dövrümüzdə xeyli sayda qəzet, jurnal və xəbər saytları fəaliyyət göstərir. Hər bir yazılı medianın, informasiya agentliyinin, xəbər portallarının da öz oxucu auditoriyası var. Mətbu orqanlarda oxucuların diqqətini çəkən ilk və əsas amil isə yazılara qoyulmuş uğurlu və ya uğursuz başlıqlardır. Əslində sərlövhələr yazıların çox oxunmasını təmin edən başlıca şərtlərdən biri, bəlkə də birincisidir. Bəs görəsən, hər hansı yazıya başlıq seçilərkən nələrə diqqət edilməlidir? Bu gün mətbu orqanlarda gedən yazılara baxdıqda müxtəlif formada sərlövhəyə rast gəlirik. Məsələn, bir və ya bir neçə cümlədən ibarət olan qısa söz birləşməsindən tutmuş uzun cümlələrdən ibarət olan fərqli başlıqlar görürük. Hətta bəzən elə olur ki, xəbər başlığı xəbərin özündən daha çox maraqlı olur. Amma bəzi hallarda seçilən başlıqlar oxucuları aldatmaq üçün seçilir. Yəni başlıq gözəl olsa da, oxucu yazıda həmin başlığa aid heç nə tapa bilmir. Ona görə də, ekspertlər hesab edir ki, yaxşı və cəlbedici başlıq yazının maraqlı olması ilə sıx bağlıdır. Məsələnin digər tərəfi isə mediada gedən yazılara kimin başlıq seçməsidir. Dünyanın əksər ölkələrində media qurumlarında yazıya başlıq seçən şəxslər redaktorlardır. Amma bəzən peşəkar və təcrübəli jurnalistlər yazılarına özləri başlıq seçirlər. Məsələn, köşə yazarları məqalələrinə başqalarının başlıq qoymasını "xoş” qarşılamırlar. Onların necə və hansı üsullarla başlıq seçməsi isə özlərindən asılıdır. Yəni əvvəlcə yazını yazıb sonra başlıq seçən də var, sərlövhə qoyub, sonra ona uyğun yazı yazanlar da.

Məsələyə münasibət bildirən media nümayəndələri başlığı yazının "qapısı” sayırlar. Onlar hesab edirlər ki, başlıq oxucuya qarmaq atmaqdır. Bu baxımdan ümumi peşəkar tələblər öz yerində, hər yazıya onun məzmununa uyğun konkret yanaşmaq lazım gəlir. Yəni başlıqlar da müəyyən tələblərə cavab verməlidir. Ekspertlər deyir ki, yazını oxutdurmaq naminə ona məzmununa aid olmayan başlıq qoymaq qəbuledilməzdir. Əslində şit və məzmuna yad başlıqlar yazını gözdən salır. Hər yazının məzmununda onu ən yaxşı səviyyədə oxutdura biləcək bir başlıq var. Əgər yoxdursa, deməli, yazı yazı deyil.

"Modern.az” saytının redaktoru Əziz Rzabəyli bu barədə "Şərq”ə danışarkən yazıya başlıq seçməyin önəmini vurğulayıb: "Söhbət qəzet başlığından gedirsə, əlbəttə, bu, yazının mühüm hissəsidir. Yazının oxunmasına açardır. Amma son vaxtlar gördüyüm başlıqlarda türk mediasının "barmağını” sezmək mənə xoş gəlmir. Məsələn, "filankəs od püskürdü” özü-özlüyündə yaxşı formadı. Amma ardınca həmin o filankəsin qısa bir sözü verilərsə, başlıqdakı ifadənin məcaziliyi anlaşılar. Əks halda, oxucu anlamır ki, özlüyündə insan olan şəxs vulkan kimi necə püskürə bilər?!”

Ə.Rzabəylinin sözlərinə görə, müəyyən mənada başlıq məsələsində qəzetlərin bəxti gətirib: "Çünki xəbər saytları uzun başlıqlar verə bilmirlər. Buna görə də çap mediasının bu işdə imkanları daha böyükdür. Məncə, təkcə cazibədar başlıqla kifayətlənməyə dəyməz. Yazıda spotun da önəmi böyükdür”.

Redaktor qeyd edir ki, əgər müxbir özü yaxşı başlıq seçə bilərsə, burda eyibli heç nə yoxdur: "Hər KİV-də bir cür ənənə var. Məsələn, vaxtilə "Komsomolskaya pravda”da xüsusi olaraq başlıq bölməsi yaradılmışdı. Həmin bölmənin işi yazılara başlıq seçmək idi”.

Köşə yazarı Zamin Hacı bir vaxtlar başlıq seçməyə xüsusi önəm verdiyini deyib: "Təbii ki, yazıya cəlbedici başlıq tapmaq çətindir. Əvvəllər, yəni gündəlik yazmağa keçməmişdən sərlövhəyə çox baş sındırmalı olurdum. Amma indi gündəlik yazdığım üçün bunun üzərində çox da dayanmıram. Həm də belə qərara gəlmişəm ki, başlıqla oxucu cəlb eləmək saxtakarlıq əlamətidir. Yazı yaxşı olsa, oxucu növbəti dəfə də səni axtarıb oxuyacaq və yazının başlığına deyil, müəllifin kimliyinə daha çox fikir verəcək”. Z.Hacı hazırda daha çox yazının içinin, məzmununun oxunaqlı olmasının əhəmiyyət daşıdığını bildirib: "Köşə yazarıyam. Başlıqdan çox mənim imzam, ümumilikdə isə yazının özü daha əhəmiyyətlidir”.

"Gündəlik teleqraf” qəzetinin və "Publika.az” saytının baş redaktoru Aynur Camalqızı başlıq seçiminin təsəvvür edildiyindən də çox-çox önəmli olduğunu söyləyib: "Rəhbərlik etdiyim xəbər portallarında və qəzetdə dəfələrlə şahidi olmuşam ki, çox gözəl, yüksək səviyyəli, oxumağa layiqli yazılara akademik başlıqlar seçməyimizə baxmayaraq, həmin yazıların oxuma sayı heç 200-ü keçməyib. Amma nə zaman ki, yazının başlığını dəyişib, ora bir az insanların cəlb edən, onlarda müəyyən suallar doğuran daha maraqlı başlıq vermişik, onda yazını ən azı 10 min insan oxuyub. Yəni demək istəyirəm ki, hər bir yazının açarı onun başlığıdır. Məsələn, bir dəfə "facebook”da bu məsələni müzakirəyə çıxartmışdım. O zaman "facebook” dostlarımdan biri yazmışdı ki, "gözəl bir qadın makiyajlı vəziyyətdə daha da gözəl olur. Amma makiyajsız qadın olduğu kimi görsənir və o qədər də cəlbedici olmur”. Eyni ilə yazılara belə münasib, maraqlı, cazibədar və oxunaqlı başlıq seçmək də təxminən bu bənzətməyə oxşayır”.

A.Camalqızı deyir ki, başlıqdan dolayı o qədər də çox oxunmayan yazının başlığını dəyişməklə həmin yazının oxu sayını dəfələrlə artırmışıq: "Sizə bir nümunə deyim. Bu yaxınlarda bizim "Publika.az” saytının redaktoru Cəmaləddin Həsənoğlunun yazısı var idi. Həmin yazıya "hannibalizm dərsləri” adı qoymuşduq. Üstündən bir neçə gün keçdikdən sonra yazıya baxdım və gördüm ki, yazı ciddi oxunmayıb. Təxminən 150-200 nəfər tərəfindən oxunub. Dərhal qərara gəldim ki, bu yazının başlığını dəyişək. Yazıda söhbət nədən gedirdi? Çox psixoloji ruhda yazılmış yazı idi. Aclıq zamanı insanlar özlərini necə aparırlar, təxminən bu haqda bir yazı idi. Orda belə bir cümlə keçirdi. Deməli, sovet dövrünün aclıq illərində Xuruşov bir qadının evinə gəlir. Ailədə ona deyirlər ki, biz artıq böyük oğlumuzu kəsib, bişirib yemişik. İndi də kiçik oğlumuzu bişiririk. Mən də bu cümləni məqalənin başlığına çıxartdım. Təsəvvür edin, bir gün içərisində o yazı 5 min insan tərəfindən oxundu. Sözüm odur ki, müasir jurnalistikada, xüsusən də onlayn mediada başlıqların seçilməsində çox ciddi həssaslıq göstərmək lazımdır. Kifayət qədər çalışmaq lazımdır ki, insanları təsirləndirə biləcək başlıqlar seçilsin”.

Baş redaktorun sözlərinə görə, başlıq seçimində müəyyən problemlər də meydana çıxır: "Məsələn, bəzən olur ki, hansısa yazını oxutdurmaq üçün çox cazibədar başlıq seçilir. Amma bu başlığın sözügedən yazının mətni ilə heç bir əlaqəsi olmur. Bu da oxucuları onları aldadan həmin saytlardan, xəbər portallarından uzaqlaşdırır. Ona görə də düşünürəm ki, başlıq seçərkən son dərəcə diqqətli olmaqda fayda var”.

Başlığın necə olması haqqında isə A.Camalqızının fikri belədir: "Başlığın formasına gəlincə, hesab edirəm ki, bunu da yazının mətninə, məzmununa uyğunlaşdırmaq lazımdır. Yəni mətnlə uzlaşdırılaraq seçim etmək olar ki, başlıq cümlə formasında olsun, ya da söz birləşməsi şəklində”.

Baş redaktor qeyd edir ki, bütün dünyada qəbul olunan qaydaya görə başlığı redaktorlar seçməlidir: "Hətta bəzi xarici ölkə təcrübələrində yazıya başlıq qoymaq üçün xüsusi redaktorlar olur. Onların vəzifəsi ancaq yazıları oxuyub bir və ya bir neçə başlıq çıxartmaqdan ibarətdir. Fikrimcə, bu da fitri istedaddır, qabiliyyətdir. Çünki mən çox istedadlı insanlar tanıyıram ki, onlar çox gözəl yazılar yazmasına baxmayaraq, yazıya yaxşı başlıq qoya bilmirlər. Bu baxımdan başlığı kimliyindən asılı olmayaraq bacaran adam seçməlidir. Amma ümumiyyətlə düşünürəm ki, Azərbaycanda yazılara başlıq qoymağı bacaran istedadlı redaktorlar var”.

"Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan da qeyd edir ki, başlıqlar qəzetin alınmasının 30 faizini təşkil edir. Bu səbəbdən maksimum çalışmaq lazımdır ki, başlıqlar cəlbedici olsun: "Amma yalançı başlıq qoymaqdan çəkinirik. Çünki oxucunu aldadan başlıq nəticədə özümüzə ziyan vurur. Çalışırıq ki, yazının ruhuna uyğun başlıqlarla oxucunu cəlb edək. Bəzən başlıqları elə planlaşdırma iclaslarında özüm əvvəlcədən deyirəm, yəni bildirirəm ki, qəşəng yazı yazsanız, belə bir başlıq qoymaq fikrim var. Bəzən də yazının özünü oxuyarkən müsahibin dediyindən sitat seçərək başlığa qoyuruq”.

A.Ayxan bildirir ki, başlıqlarla "oynamaq” qərb jurnalistikasından gələn bir şeydir. Türkiyədə də bu, çox önəmli məsələlərdən biridir: "Biz çərçivə siyasəti də həyata keçiririk və böyük yazıların içində başlıqlardan əlavə olaraq çərçivədə müəyyən cümlələr veririk. Çünki oxucunu həmin çərçivələr də cəlb edir. İlk baxışdan bir səhifəlik yazılar oxucunun gözünü yorur, qorxudur və oxumağını əngəlləyir. Ancaq ən yaddaqalan, maraqlı başlıqları nəzərəçarpacaq şəkildə verməklə oxucunun diqqətini çəkməyə çalışırıq. Necə ki, yeməyi hazırlayandan sonra onun üstünü bəzəyirlər və ya mağazanın vitrininə insanları ilk baxışdan cəlb edən malları düzürlər, eləcə də qəzetçilikdə də bu vitrin və başlıq məsələsi çox vacib və əhəmiyyətlidir. Başlıq göz oxşamalı, oxucuya zövq verməli və təkrarçılqıdan uzaq olmalıdır”. Redaktor müavininin sözlərinə görə, oxucu manşeti və başlıqları bir neçə saniyənin içində oxumalı və qərar verməlidir ki, bu yazını oxusun, yoxsa oxumasın: "Uzun cümləli başlıqlar insanı cəlb etməyə bilər. Ona görə də maksimum başlıqların kiçik olmasına çalışırıq. Əsasən hökumət qəzetlərində ticari şərtlər nəzərə alınmadığı üçün onlar uzun-uzadı rəsmi, cansıxıcı başlıqlardan istifadə edirlər. Məsələn, elə qəzetlər var ki, düz 3 sətir başlıq verirlər. Yəni başlıq hardasa 15-20 sözdən ibarət olur. Şübhəsiz ki, bu üsul müasir qəzetçilik stili deyil. Bu, sovet qəzetçiliyindən irəli gələn bir ənənədir”.

A.Ayxan başlığı kimin seçməsi məsələsinə də toxunub: "Bəzən olur ki, müxbirlər uğurlu başlıq seçirlər. Onda başlıqlara dəymirik. Amma əksər vaxtlarda redaktor heyəti başlıqları özü qoyur. Məsələn, mən müxbirlərin qoyduqları çox sayda başlıqları dəyişirəm”.