Siyasi məhbus alveri...

“Siyahıda siyasi məhbusların sayı nə qədər çox olursa, hüquq müdafiəçilərinin qrantları da artır”

"Azərbaycanda siyasi məhbuslar mövcuddur. Amma 140 nəfər deyil. Hazırda məhkəmələr gedir. Məhkəmələrdən sonra siyasi məhbusların sayı artacaq”. Bu barədə hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib. Onun sözlərinə görə, tərtib olunan siyahıda Tofiq Yaqublu, İlqar Məmmədov və NİDA-çıları nəzərə almaqla, təxminən 24-25 siyasi məhbus olacaq: "İslam Partiyasından, "Hicaba azadlıq” aksiyasında tutulanları siyasi məhbus hesab etmirik. Onlar da bizim siyahımızda var, amma ayrı ritorika ilə qeyd olunub.

Bunların da azad olunması üçün çalışırıq. Çünki həmin insanlar öz haqlarını tələb ediblər. 11 jurnalist həbsdədir. Onların hansı işlə bağlı həbs olunduğunu araşdırmışıq. Düşünürük ki, jurnalist həbsdə olmamalıdır, bütün jurnalistlər azad olunmalıdır. Bunu da ayrı siyahıda qeyd etmişik. Siyasi məhbuslar siyasi baxışlarına görə həbs olunanlardır. Elə adamlar var ki, siyasi baxışlarına görə deyil, dəyyusluq etdikləri üçün həbsə alınıblar. Amma onlar da siyasi məhbus siyahısına salınıblar”.

Hüquq müdafiəçisinin bu iddiaları ilə barışmayan Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında bu məsələdə çox böyük alverin getdiyini qeyd edib: "Siyasi məhbusla bağlı siyahıya fırıldaqçılar, terroristlər və ağır cinayət törətmiş məhbusların adlarının salınmasına şübhə etmirəm. Proseslərdə çox böyük spekulyasiyalar mövcuddur”.

Mərkəz sədri proseslərin bu müstəviyə gəlib çıxmasını hüquq müdafiəçilərinin problem ətrafında vahid mövqelərinin olmaması ilə izah edib: "Peşəkar hüquq müdafiəçiləri cinayət xarakterli əmələ görə məhkum olunmuş şəxslərlə siyasi baxışlarına görə həbsə alınanları yaxşı ayırd edə bilirlər. Bununla belə, bəzi hüquq müdafiəçiləri düşünürlər ki, siyahıda siyasi məhbus nə qədər çox olarsa, onların xaricə çıxış imkanları bir o qədər böyük olacaq. Xarici təşkilatlarla belə məsələlər ətrafında müzakirələr apara biləcək və yeni qrant layihələr əldə edəcəklər. Ona görə də siyasi məhbus siyahısında müxtəlif xarakterli cinayət törətmiş insanlar var”.

Ə.Nuriyevin qənaətinə görə, siyasi məhbus siyahısına başqa adların salınmasında maddi maraqların rolu da istisna deyil: "Maddi mənafelər ondan ibarətdir ki, bəzi qurumlar siyahıya salınan adamların sayını nə qədər artırırlarsa, o qədər də qrant layihələri əldə edirlər. Həmin layihələrini icrasını da ictimaiyyətdən gizlədirlər. Məsələ ilə bağlı obyektiv yanaşma ortaya qoymurlar. Sadəcə, mətbuatda gedən yazıları toplamaqla heç bir təhlil aparmadan, həmin şəxslərin özlərinin fikirlərini öyrənmədən onların adlarını siyahıya salırlar. Qəzetlərdə olan materialları da yığıb deyirlər ki, işimizin nəticəsi budur. Halbuki həmin adamların monitorinqinin həyata keçirilmə mexanizmləri barədə məlumatları yoxdur. Onlar öz təbliğatlarını aparmaqla mətbuatın gündəmində qalırlar. Bu, onların yerli və beynəlxalq KİV-lərə çıxışları üçün əlavə imkanlar açır”.

Ə.Nuriyev vurğulayıb ki, beynəlxalq maliyyə və iqtisadi qurumların Azərbaycanla bağlı məsələlərdə subyektiv mənafeləri var: "Ona görə də belə adamlar beynəlxalq qurumların da diqqəti mərkəzində olurlar. Bəzən xarici mətbuatı oxuyanda, ölkəmizlə bağlı heç bir məntiqi ölçüsü olmayan məlumatlarla rastlaşıram. Ciddi təhlil aparılmadan ölkəmiz haqqında beynəlxalq mediaya hesabatlar ötürürlər. Həmin hesabatlar isə bir-birindən köçürülmədir. Təəssüf ki, beynəlxalq təşkilatlar da yanlış hesabatları öz proqramlarına daxil edirlər. Bu baxımdan bəzi yerli hüquq müdafiəçilərinin peşəkarlıq səviyyəsinin aşağı olması düşüncəsindəyəm. Onların proseslərə peşəkar yanaşma qabiliyyəti yoxdur. Hər hansı bir insanın əməli ətrafında hüquqi qiymətləndirmə həyata keçirmək üçün hüquq müdafiəçisinin hüquqi anlayışları və həmçinin təhlil qabiliyyəti olmalıdır. Bəzi hüquq müdafiəçilərinin bu səpkidə qabiliyyəti olmadığı üçün məsələdə bir xaos yaranıb”.

Mərkəz sədri bildirib ki, siyasi məhbus siyahısına salınanlar araşdırılmalıdır: "Bunu da hüquq müdafiəçiləri təhlil etməlidirlər. Buna peşəkarlıqları çatmırsa, bu sahəni bilən adamlardan soruşmalıdırlar. Bir daha qeyd edirəm ki, sözügedən siyahının geniş olması, bəzi hüquq müdafiəçilərinin fəaliyyətlərinin təminatıdır. Siyahı daralacaqsa, onların fəaliyyətləri də daralacaq”.