Səlim Müslümovdan mütərəqqi addım

Sosial yardım alanların siyahısı internetdə yerləşdiriləcək



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) mütərəqqi addım atıb. Belə ki, yeni nazir Səlim Müslümovun göstərişi ilə Azərbaycanda ünvanlı sosial yardım alanların siyahısı ictimailəşdirilib. Artıq hər bir kəs nazirliyin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı imkanlı şəxsin adının olub-olmadığını görə biləcək.

Beləliklə, S.Müslümov bundan sonra daha şəffaf işləyəcəyini, ünvanlı dövlət sosial yardımının təyinatında ədalətsizliyin aradan qaldırılacağını nümayiş etdirib. Nazirlik vətəndaşlardan xahiş edib ki, qeyd edilən siyahılarla tanış olaraq, aztəminatlı olmayan, lakin ünvanlı yardım təyin olunmuş ailələrlə bağlı nazirliyin elektron poçtuna, 142 - Qaynar xəttinə, yaxud (012) 595 53 81, (012) 595 04 28 və (012) 595 04 26 nömrəli telefonlarla məlumat versinlər. Belə məlumatlar ünvanlı dövlət sosial yardımlarının təyinatı işində ünvanlılığın və şəffaflığın təmin olunması sahəsində nazirlik tərəfindən aparılan işlərə öz töhfəsini verəcək.

Qeyd edək ki, ünvanlı sosial yardım yoxsulluq vəziyyətində yaşayan vətəndaşlar üçün nəzərdə tutulub. Amma heç kimə sirr deyil ki, hazırda Azərbaycanda 2 maşını, topdağıtmaz ev-eşiyi, geniş maddi imkanları olan onlarla vətəndaş ünvanlı dövlət sosial yardımı alır.

Nazirin addımını təqdir edən iqtisadçı-ekspert Azər Mehdiyev "Şərq”ə bunun müsbət effekt verəcəyini bildirib: "Ünvanlı sosial yardım üçün nəzərdə tutulan vəsait dövlət büdcəsindən ayrılır. İctimai vəsaitdir. Yardımın kimlərə verilməsi açıq şəkildə ortaya qoyulmalıdır. Siyahıların vasitəsilə regionlar üzrə ünvanlı sosial yardım alanlarla tanış olmaq mümkündür. Bu siyahıların sayəsində proseslərin üzərində ictimai nəzarət imkanları genişlənir. Çünki uzun müddətdir əhali arasında söz-söhbət dolaşır ki, bu vəsaiti ehtiyacı olanlar deyil, ehtiyacı olmayanlar alırlar. Bütün bu proseslərə aydınlıq gətirilməsi baxımından çox önəmli addımdır”.

İqtisadçı onu da qeyd edib ki,bu addım sözügedən sahədə yaranmış qeyri-şəffaf mühitin aradan qaldırılmasına böyük təkan verəcək: "Ümid edək ki, şəffaflığın artırılması istiqamətində atılan addım başqa mexanizmlərin təkmilləşdirilməsi istiqamətində də özünü göstərəcək”.