Siçovullu həyətləri sökmək lazımdır

“Beşmərtəbələr”lə məşğul olmağa hələ zamanımız var

Paytaxtdakı "beşmərtəbələr”in söküləcəyi zaman-zaman gündəmə gətirilir. Gah bu barədə baş nazirin müavini danışır, gah Şəhərsalma və Arxitektura Komitəsi, gah da Fövqəladə Hallar Nazirliyi. Sanki paytaxtımızın bir dərdi var, o da "beşmərtəbələr”in varlığından ibarətdir. Düzdü, Bakının köhnə məhəllələri - "Sovetski”, "Kubinka”nın da adı ara-sıra çəkilir. Amma həmin bu "Sovetski” və "Kubinka”da illərdir daxmalarının söküləcəyi günü gözləyən insanlar var. Söküntü işləri isə oralara gəlib çatmır. Söküntünün yoluna gözünü dikənlər qalır bir tərəfdə, əvəzində sakinlərin şikayət etmədiyi "beşmərtəbələr” buldozerin ağzına verilir. Sakinlər pərən-pərən salınır, şəhərin mərkəzindəki mənzillərinin əvəzində ucqarlarda ev, torpaq sahəsi almalı olurlar. Sakinlər təəccüb edir ki, görəsən niyə onların səliqəsiz, iki adamın güclə yanaşı durduğu, həyətlərini siçovul basmış məhəllələri sökülmür? "Beşmərtəbələr” bugünkü keyfiyyət standartlarına cavab vermir də, onların pinti məhəllələri cavab verir?

Məsələyə aydınlıq gətirən Müstəqil Memarlar Assosiasiyasının sədri Zemfira Budaqova "beşmərtəbələr”lə bağlı təkliflərini hələ 2003-cü ildə hökumətə təqdim etdiyini dedi:

- 2003-cü ildə Bakının inkişaf planı ilə bağlı geniş məruzə ilə çıxış etdim. Ancaq bundan bir həftə sonra öz təkliflərimin Hacıbala Abutalıbov tərəfindən açıqlandığını gördüm. Olsun. Təki ümumi işimiz irəli getsin. Həmin təkliflərimin arasında Bakının girişində-çıxışında avtovağzalların tikilməsi, kanalizasiya xətlərinin təzələnməsi və sair təkliflərlə yanaşı, panel binaların sökülməsi də vardı. Məlumdur ki, panel evlər sovet vaxtı əhalinin mənzilə olan tələbatını ödəmək məqsədilə tikilmişdi. Bununla qismən də olsa, vətəndaşların mənzil problemi həll edilirdi. Amma Bakı dənizkənarında yerləşdiyinə görə, havası rütubətlidir, bu rütubət də panel evlərdə özünü daha çox büruzə verir. İnsanların sağlamlığına ziyan vurur. O evlərdə rütubət çoxdur. Yayda isti olur, qışda soyuq. İnşası etibarilə elədir ki, yayda istini, qışda da soyuğu içəri ötürür. Hətta Bakıdakı daş evlərin də hamısı yaxşı deyil. Elə binalar var ki, daş plitələrlə "oblisovka” edilib, onlar istini, soyuğu içəri ötürmür. Amma elə binalar da var ki, su, nəm keçirən daşlardan hörülüb. Bir çox evlərə daxil olsanız, görərsiniz ki, divarları kif bağlayır, göyərir. Bu, inşaatda istifadə olunan materialdan asılıdır. Binalar tikilərkən suya, soyuğa davamlı materiallardan istifadə edilməlidir. Nəm keçirən evlərə hansı üsuldan istifadə edirlərsə, yenə düzəlmir. Çünki material keyfiyyətsizdir. Daş evləri çöl tərəfdən daşla üzləmək lazımdır. Mən "beşmərtəbələr”in sökülməsini təklif edəndə, bu amilləri nəzərə almışdım. Amma "beşmərtəbələr”dən əvvəl şəhərin görünüşünü korlayan, müasir paytaxta yaraşmayan köhnə məhəllələri sökmək lazımdır. Əvvəlcə gərək o siçovul yuvalarını təmizləsinlər. Paytaxtda görüləsi çox iş var. Qədim, tarixi binalar var ki, bəlkə də onlarla ailə yaşayır. Heç bir şəraitləri yoxdur, ümumi dəhlizdən, ümumi mətbəxdən, ümumi ayaqyolundan istifadə edirlər. İndi hansı zəmanədir ki, çimmək üçün ümumi hamama gedəsən? Bu mənzillərin hamamları da yoxdur. Su boruları, kanalizasiya sistemləri bərbad haldadır. Həyətlərə girirsən, görürsən, iy götürüb aləmi. Bilirsiz, elə tarixi binalar var ki, vaxtilə onlar bir ailəyə mənsub olub. Sovet vaxtı həmin mülklər vətəndaşların istifadəsinə verildi. Böyük-böyük otaqları kəsib bir neçə kiçik otaqlar elədilər, hərə dəhlizə bir qapı çıxartdı. Pilləkənlər də çürüyüb gedir. Belə evlər, mülklər dövlət idarələrinin nəzarətinə verilməlidir, orada əsaslı təmir işləri aparılmalıdır. Böyük binalar əsaslı təmir edilib yenidən sakinlərin istifadəsinə verilməlidir. Bu dəqiqə "beşmərtəbələr”i sökmək vaxtı deyil. Onlar hələ daha bir neçə il də xidmət göstərə bilər. Çünki o binaların istismar müddəti 50-75 il nəzərdə tutulub. İstilik sistemi yoxdursa, o demək deyil ki, bina sökülməlidir. Su borularını dəyişdirmək, yeniləmək, istilik sistemini yenidən qaydasına salmaq olar. Ümumiyyətlə, Bakı şəhərində mənzillərin, binaların su boruları tez-tez dəyişdirilməlidir, çünki Bakının suyu coddur, borularda girəcləşmə gedir. Məsəl var, deyirlər, başa bit düşübsə, başı kəsmirlər, biti təmizləyirlər. Bizim paytaxtımız da indi başına bit düşmüş şəhərə oxşayır. Biti, yəni, "Sovetski”nin, "Kubinka”nın, Montinin, Keşlə qəsəbəsinin siçovullu həyətlərini sökmək, orada məskunlaşmış əhalini normal şəraiti olan binalara köçürmək lazımdı. "Beşmərtəbələr”lə məşğul olmağa hələ zamanımız var.

Söküntü işləri ilə bağlı ortaya çıxan əsas problemlərdən biri də əhaliyə kompensasiyaların verilməsi olur. Bununla bağlı indiyədək müəyyən narazılıqlar yaşanıb. Şəhərin mərkəzindəki evinin müqabilində az kompensasiya aldığını iddia edənlər hətta Avropa Məhkəməsinə də şikayət ediblər. Söhbət "beşmərtəbələr”dən gedirsə, onların yerləşdiyi ərazi hazırda şəhərin mərkəzi hissələri sayılır. Vaxt vardı, əhali mikrorayonları bəyənib oradakı binalarda yaşamaq istəmirdi. İndi isə şəhərətrafı qəsəbələrlə müqayisədə mikrorayonlar mərkəz statusundadı. Bəs mərkəzdə yaşayan əhalinin sabahkı gün narazı qalmaması üçün nələr edilməlidir?

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov "Şərq”ə açıqlamasında bildirdi ki,

- Bakının köhnə məhəllələrində elə sakinlər var ki, səbirsizliklə köçəcəkləri günü gözləyir. Uzun illərdir bu insanlar kiçik, darısqal 1-2 otaqda məskunlaşıblar. Məlumdur ki, həmin məhəllələrin kommunal şəraiti də bərbaddır. Bu mənada təbii ki, köhnə evlərin sökülməsi müsbət haldır. O cümlədən "beşmərtəbələr”in də istismar müddəti bitmək üzrədir. Amma hər bir işin müxtəlif tərəfləri olduğu kimi söküntü, tikinti və köçürmə proseslərinin də bir yox, bir neçə tərəfi var. Burada əsas məsələ insanların mülkiyyət hüququnun qorunması, köçürmə zamanı sakinlərin razı salınmasıdır. Birincisi, söküntü və köçürmə işləri üçün Nazirlər Kabinetinin müvafiq sərəncamı olmalıdır. Ərazinin hansısa məqsəd üçün alınması NK-nın qərarı ilə ola bilər. Bəzən bizdə bu işləri qanundankənar həll edirlər. Ona görə də sakinlərlə narazılıq yaşanır. Söküntü və köçürmə işlərində NK-nın qərarı olmalıdır və Maliyyə Nazirliyinə də buradan irəli gələn vəzifənin icrası tapşırılmalıdır. Yəni, əhaliyə kompensasiyaların ödənilməsi vəzifəsi. Burada da ədalətli kompensasiya anlayışından çıxış edilməlidir. Ədalətli kompensasiya isə ədalətli bazar qiymətləri deməkdi. Amma təəssüf ki, bu məsələlərdə "Baksovet”in öz qiymətləndirmə prinsipi var və bu da bazar qiymətlərilə heç cür düz gəlmir. Kompensasiyaların ödənməsində hər bir mənzilə fərdi yanaşma olmalıdır. Köhnə tikililərin hamısı yararsız deyil. Bəlkə birinin evi yarımzirzəmidir, havasızdır, digərinin mənzilinin isə 5 metr hündürlüyündə tavanı var. Məlumdur ki, Bakının köhnə evləri inşa baxımından dözümlü, keyfiyyətlidir. Elə binalar var ki, zəlzələyə davamlıdır. 2000-ci il zəlzələsində hansı binaların dözümlü, hansıların dözümsüz olduğu göründü. Bu mənada evlərə, binalara, mənzillərə də fərdi yanaşma olmalıdır. Sonra, evin, mənzilin yerləşdiyi ərazi çox önəmlidir. Şəhərin mərkəzi hissəsi hər zaman bahalı sayılır və qiyməti də baha olur. Amma qiymətləndirmə vaxtı çatanda iddia edirlər ki, köhnə evdir, hələ sağ ol desinlər ki, pul veririk, gedib özlərinə təzə ev alsınlar. Ödənilən məbləğ isə normal şərtlərlə yeni mənzil alınmasına yetmir. Bu kimi hallarda tender elan edilməli və daha sərfəli şərtlərlə bina inşaat etməyi təklif edənlərə üstünlük verilməlidir. Amma bizdə bəzən sui-istifadə hallarına yol verilir. Nəinki şəhərin mərkəzi hissələrində, ümumiyyətlə, torpaq sahələri baha qiymətə olduğundan sahibkarlara sərf edir ki, çoxmərtəbəli binalar tiksinlər. Bu da şəhərin ümumi ansamblını, görünüşünü pozur. Şəhərdə hündürmərtəbəli binaların arasında, yanında kiçik daxmaların qaldığını hamımız görürük. Bu onun nəticəsidir ki, bina üçün nəzərdə tutulmuş sahədən kənara çıxmaq sahibkara sərf etmir. Bina tikirlər, nə həyəti var, nə qarajı. Birinci mərtəbələr az qala küçənin ortasına çıxır. Sökülən binanın sakinlərinə isə başqa yerlərdə mənzil təklif olunur, çünki sakin həmin məbləğə yeni binada mənzil almaq iqtidarına malik olmur. Bütün hallarda mülkiyyətçinin hüquqları öndədir. Ərazinin abadlaşdırılması dövlət ehtiyacı hesab edilmir. Belədə mülkiyyətçinin istəyi əsas götürülməlidir, qanunla bu, belədir. Abadlaşdırma istəyi mülkiyyət hüququndan üstün deyil. Mülkiyyətçi köhnə evindən köçmək istəmirsə, heç kəs onu məcbur edə bilməz. Konstitusiyamızın 29-cu maddəsi vətəndaşın mülkiyyət hüququnun qorunduğunu deyir. Şəxsin mülkiyyət hüququ Avropa Məhkəməsinin 1 saylı protokolunun 1-ci maddəsində də qeyd olunur. Bu, Avropa Məhkəməsinin ən həssas yanaşdığı bir məsələdir və həmişə də mülkiyyətçinin xeyrinə həll olunur.