İnsanlar bir dəyərdən yapışıb yaşaya bilmirlər
Bir də görürsən ki, sosial şəbəkədə 5 min dostunuz var, amma oturub danışmağa 2 nəfər yoxdu
"Çox sadə və bəsit səbəbləri aradan qaldırmaqla o insanları xilas etmək olar”
Bu gün cəmiyyətimizdə intiharlar olduqca adiləşib. Kiminsə özünü öldürdüyünü eşitmək daha insanlar arasında səs-küyə, davamlı müzakirələrə səbəb olmur. Növbəti intihar hadisəsi isə Cəlilabad rayonunun Sabirabad kəndində qeydə alınıb. İş adamı, eyni zamanda şair Niyaz Əsgərov dünən səhər saatlarında intihar edib. Əmisi oğlu, hüquqşünas Elxas Əsgərovun bildirdiyinə görə, maddi baxımdan çox imkanlı iş adamlarından olan N.Əsgərov ata evi olan Sabirabad kəndinə gedib və həyətlərindəki yarımçıq tikilidə özünü asıb.
İntiharların insan faktoru ilə bağlı problem olduğunu deyən psixoloq Elnur Rüstəmov ilk olaraq insanın özünü tanımalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, həmişə cəmiyyətimizdə intiharı nələrləsə bağlamağa çalışıblar. Amma hər dəfəsində fərqli bir mənzərənin şahidi oluruq.
E.Rüstəmov həmçinin deyib ki, intihar edənlərin hamısı maddi sıxıntı yaşayanlar deyil. Ümumiyyətlə, intiharlar haqqında yazılan araşdırmalara baxsaq görərik ki, bu məsələdə psixoloji faktor başlıca rol oynayır:
"Məsələn, niyə deyirlər ki, depressiyada olan insana zamanında dəstək olmaq lazımdır? İlk növbədə insan özü-özünə dəstək olmalıdır. Statistikalarda qeyd olunur ki, zərərli vərdişdən asılı olan insanlar, zaman keçdikcə, intihara meyilli olurlar. Yaxud da sadəcə olaraq intihara meyilli insanlar var. Zaman keçdikcə intihar haqqında düşünür, hətta cəhdləri də olur.
İntihara sürükləyən səbəblərdən biri də depressiyadır. Kimsə sevgi problemi yaşayır, bəziləri yaxın adamını itirir və ayrılığa dözə bilmir. Bu gün insanların narahatçılığı əvvəlki illərlə müqayisədə daha çoxdur. Buna təsir göstərən səbəb də bizim informasiya əsrində, qloballaşan dünyada yaşamağımız, dəyərlərin bir-birinə toqquşmasıdır. İnsanın məna axtarışı var, həyata anlam verə bilmir. Bir dəyərdən yapışıb yaşaya bilmir. Siz görürsüz ki, sosial şəbəkədə 5 min dostunuz var, amma oturub danışmağa 2 nəfər yoxdu. Hər şey sanki, görüntüyə hesablanıb. Nə qədər görüntü də olsa insan içində narahatçılıq yaşayır, gərgin olur, sarsıntı keçirir, onda emosional boşluq yaranır. Belə olduqda isə əlbəttə, insanı intihar haqqında düşünməyə və zaman keçdikcə bunu həyata keçirməyə sövq edə bilər. Ona görə də belə hallarda insan özünə dəstək olmağı bacarmalıdır. Görürsə vəziyyətdən çıxa bilmir, yaxınlarından dəstək almalıdır. Əgər yaxını öz hayındadırsa, vecinə deyilsə, gedib bir mütəxəssis dəstəyi ala bilər. Bu istiqamətdə cəmiyyət olaraq, toplum olaraq maariflənməliyik. Nə qədər ki, intiharı nələrləsə bağlamağa çalışırıq, itirən intihar qurbanları olacaq. Yox əgər biz buna insan faktoru kimi yanaşarıqsa, məsələnin çıxış yolu da tapılacaq”.
Psixoloqun sözlərinə görə, dünyada elə bir mexanizm yoxdur ki, onu tətbiq etdikdə intihar olmasın. Hətta dünyanın inkişaf etmiş ölkələrində, İsveçrə və Şimali Avropada intihar halları çoxdu:
"Səbəb isə həyatda məna, anlam görmürlər. Bu da intihar fikrini labüd bir prosesə çevirir. Bununla bağlı maariflənmə aparılmalıdır. Hər bir insan xarakterini bilməlidir. Mən intihara meyilli adamamsa, özümü bu fikirdən uzaqlaşdırmalıyam. Allah hərəni bir cür yaradır. İnsan var emosionaldır, insan var heç danışmır. Cəmiyyət maarifləndiyi təqdirdə bu hallar müəyyən qədər tənzimlənəcək. Əvvəllər intihar edənlər -yalnız yaşayanlar, uzun müddət hansısa xəstəlikdən əziyyət çəkən insanlar idi. Hansı ki, intihara bir alternativ kimi baxırdılar. Bu gün hər cür müstəvidə insanlara rast gəlirik ki, intihar edirlər. Bütün hallarda bunu kütləvi şəkildə ictimailəşdirmək, sosial medianın özündə açıq müzakirəyə buraxmaq doğru deyil. Çünki hər kəs məsələyə öz prizmasından yanaşır və qiymət verir. Əslində bu, dolayısıyla intiharı stimullaşdırır və məsələni həll eləmir”.
Yeganə Bayramova