“ABŞ əlindən gələni edəcək ki...”

Erik Rubin: “...Münaqişə tərəfləri üçün faydalı nizamlanmaya nail olunsun”
“Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa olunması nizamlanma prosesində irəliləyiş üçün çox vacibdir”

"Ötən aylar ərzində Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların yenidən bərpa olunması ABŞ-ı çox sevindirir və hesab edirik ki, bu faktın özü prosesdə irəliləyişin əldə edilməsi üçün çox vacibdir”.

Bu barədə ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin dünən Bakıda keçirdiyi mətbuat konfransında deyib: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı verdiyimiz bəyanatda da bildirmişdik ki, biz prezidentlərin bu işdə göstərdiyi qətiyyəti, cəsarəti və müdrikliyi alqışlayırıq. Həmçinin prezidentlərin xarici işlər nazirlərinə yenidən görüşmək və prosesi davam etdirməklə bağlı verdikləri tapşırığı da alqışlayırıq və hesab edirik ki, bu, münaqişənin danışıqlar yolu ilə həll edilməsi baxımından önəmlidir”.

E.Rubin bildirib ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədr olkəsi kimi özünün yeni həmsədri Ceyms Uorlikin fəaliyyəti sayəsində əlindən gələni edəcək ki, münaqişənin həll edilməsi üçün imkanlar artırılsın və qarşıdan gələn ildə də bu imkanlar artırılsın, münaqişə tərəfləri üçün faydalı olan nizamlanmaya nail olunsun.

Eləcədə Erik Rubin ABŞ-ın silah satışına qoyulan qadağaya aydınlıq gətirilib.

O, qeyd edib ki, bu, ABŞ administrasiyası tərəfindən həll olunan məsələ deyil. Bakıya səfəri çərçivəsində Azərbaycanın yeni müdafiə naziri ilə çox səmərəli görüş keçirdiyini deyən E.Rubin vurğulayıb ki, ABŞ müdafiə və təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyir:

"Mən yeni nazirlə görüşümdə bildirdim ki, biz ümid edirik ki, yeni nazirlə və onun rəhbərlik etdiyi nazirliklə əlaqələrimiz daha sıx şəkildə davam edəcək”.

Qeyd edək ki, dünən ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda dövlət katibinin köməkçisinin müavini Erik Rubinin Azərbaycana iki günlük səfəri başa çatıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, səfər zamanı E. Rubin Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, müdafiə naziri Zakir Həsənov, xarici işlər nazirinin müavinləri Mahmud Məmmədquliyev və Araz Əzimovla görüşüb.

E. Rubin səfər zamanı Azərbaycanda yerləşən Amerika Ticarət Palatasının və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də bir araya gəlib.

Görüşlərdə qonaq demokratik, siyasi və iqtisadi islahatlar, regional təhlükəsizlik məsələləri, enerji layihələri də daxil olmaqla, ikitərəfli münasibətlərə aid məsələləri müzakirə edib.