İranlı məhbuslara münasibət pis deyil

Elçin Behbudov: “İran səfirinin Azərbaycan cəzaçəkmə müəssisələrini, polisin müvəqqəti saxlanma yerlərini gəzməsi qanunvericiliyə ziddir”

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, deputat Çingiz Qənizadə İranın Bakıdakı səfirinə müraciət edərək onu İran vətəndaşlarının həbsdə olduğu cəzaçəkmə müəssisələrinə birgə baş çəkməyə çağırıb. Bu barədə millət vəkilinin özü bildirib. Deputat rəsmi Tehranın iddialarının yanlış olduğunu qeyd edib:

"Ölkəmizdə həbsdə olan əcnəbi vətəndaşların, o cümlədən İran İslam Respublikası vətəndaşları heç bir təzyiqə məruz qalmayıblar. Dəfələrlə monitorinqlər aparılıb. Onların saxlanma şəraiti normalara uyğundur.

"Əcnəbilərlə Azərbaycan vətəndaşları arasında heç bir fərq yoxdur. Bu gün Azərbaycan vətəndaşlarının da, əcnəbilərin də saxlanma şəraiti, polisin müvəqqəti saxlanma yerlərindəki şərait və vəziyyət bütün beynəlxalq normalara uyğun gəlir. Belə olan halda, kimin üçünsə, nəyinsə ayrıca yaradılmasına ehtiyac yoxdur. Daxili işlər orqanlarının nəzdində olan müvəqqəti saxlanma yerlərinin hamısı beynəlxalq standartlara cavab verən formada son bir neçə ildə yenidən qurulub”.

Deputat deyib ki, yalnız əcnəbi deyil, Azərbaycan vətəndaşı da saxlanma şəraiti ilə bağlı hansısa bir problemin varsa, həmin şəxsə kömək etməliyik: "Həmin qurumun rəhbərliyinə çatdırmalıyıq ki, belə hallar baş verməsin. Amma bəzən bu cür hərəkətlər siyasi maraqlar üçün, hansısa təşkilatların, partiyaların maraqları üçün edilirsə, bu, yolverilməzdir”.

Qeyd edək ki, bu günlərdə İranın Bakıdakı səfirliyi Azərbaycanda həbsdə olan Bəhram Feyzin adlı İran vətəndaşının saxlanma şəraitindən şikayət edib.

Deputatın açıqlamasını dəyərləndirən hüquq müdafiəçisi, İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov "Şərq”ə ölkəmizdə həbsdə olan İran vətəndaşları ilə dəfələrlə görüşdüyünü bildirib. Komitə sədrinin sözlərinə görə, iranlıların və digər əcnəbi məhbusların saxlanma şəraitində heç bir problem yoxdur: "Məhbuslarla görüş zamanı Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarının əcnəbi dustaqlara olan münasibətini öyrənmişəm. Ölkəmizdə cəza çəkən İran vətəndaşlarına münasibət həmişə yaxşı olub. İndiyə qədər iranlı məhbusların bizə şikayəti olmayıb”.

E.Behbudov İranda cəza çəkən Azərbaycan vətəndaşlarının işgəncə və təzyiqlərə məruz qaldıqlarını qeyd edib: "Cənub qonşumuzun ölkəmizdə fəaliyyət göstərən səfirinə dəfələrlə müraciət etmişəm. Bildirmişəm ki, İrandakı azərbaycanlı dustaqlara göstərilən qeyri-insani davranışlara son qoyulsun. İran həbsxanalarında 4 azərbaycanlı dustağı edam ediblər. Ola bilər ki, bunlar İranda yaşayan soydaşlarımız olsun. Hər halda bizdə bu haqda kifayət qədər məlumat var. Səfir əziyyət çəkib müraciətlərimizə baxsın. Araşdırma aparsın. Amma əminliklə deyə bilərəm ki, Azərbaycanda həbs həyatı yaşayan iranlıların birinin də şərəf və ləyaqəti alçaldılmayıb. İşgəncələrə məruz qalmayıblar və qalmırlar da”.

Hüquq müdafiəçisinin qənaətinə görə, İran tərəfinin məsələni gündəmə gətirməsi və odlu-alovlu çıxış etməsinin heç bir məntiqi əsası yoxdur: "İran vətəndaşları ölkəmizin ərazisində cinayət törədiblər. Azərbaycan qanunlarına müvafiq olaraq da cəza çəkirlər. Onlara heç bir təzyiq və basqı qeydə alınmır”.

E.Behbudov vurğulayıb ki, İran səfirinin Azərbaycan cəzaçəkmə müəssisələrini, polisin müvəqqəti saxlanma yerlərini gəzməsi qanunvericiliyə ziddir: "Amma səfir rəsmi qaydada Azərbaycanın xarici işlər nazirinə müraciət etsə, ölkəmizdə cəza çəkən hər hansı bir iranlı ilə görüşmək istəsə, ona imkan yaradarlar. Əks halda bu hal mümkün deyil”.