Təhsil naziri menecer axtarışındadır

“Görünür ki, təhsildə islahatların aparılması fikri var”

Təhsil naziri Mikayıl Cabbarov 4500 məktəb menecerinə ehtiyac olduğunu deyib. Bunu da hazırda ölkədə 4500 orta ümumtəhsil məktəbinin olması ilə izah edib. Deməli, nazir hər məktəbə bir menecer istəyir. Məktəblərdə menecer olacaqsa, bəs direktorlar hansı funksiyanı yerinə yetirəcək, ümumiyyətlə, direktorla menecer səlahiyyətləri necə bölünəcək?

Təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə açıqlamasında məktəb direktoru vəzifəsi ilə menecerliyi eyniləşdirməyin düzgün olmadığını bildirdi:

- Çoxları elə bilir ki, menecer məktəb direktoru deməkdir. Belə deyil. Menecerlik idarəçilikdir, idarəetmə sistemidir. Bu, azad təhsilin bir subyektidir. Bizdə təhsil hələ bu səviyyədə olmadığından menecerlik danışmaq da tezdir. Yeni nazir islahatlardan danışır, görünür ki, təhsildə islahatlar aparılması fikri var. İslahatlarla bağlı bəzi istiqamətləri izah edirlər, danışırlar. Amma bunlar hamısı hələ ki, sözdür. Təhsil menecerinin olması üçün ilk növbədə "Təhsil haqqında” qanuna dəyişiklik edilməlidir. Çünki hazırkı qanunda məktəb direktorlarının təyin edildiyi göstərilir. Menecerlik institutunun fəaliyyəti zamanı isə menecer məktəb direktoru barədə rəy verə bilir, yaxşı direktor tapır, onun təyinatını irəli sürür. Bəzən məktəblərdə direktor vəzifəsinə ehtiyac qalmır. Menecer varsa, əslində, məktəb direktoru anlayışı ortadan qalxır. Məktəbə nə lazımdı? Yaxşı idarəçəlik. Bu menecer pedaqoji sahənin adamı olmaya da bilər. Amma idarəçiliyi yaxşı bacaran, məktəbin formalaşdırılmasını, komplektləşdirməni bilən birisi ola bilər. Ümumiyyətlə, təhsildə 3 sektor mövcud olmalıdır. Dövlət, bələdiyyə və özəl. Dövlət təhsilə ayrılan maliyyəni valideynlərin öhdəsinə verir, valideyn ona verilmiş vauçeri istədiyi məktəbə yatırır. Valideyn seçir, araşdırır, hansı məktəb daha yaxşı bilik, savad verirsə, o məktəbi seçir. Hər hansı bir sahədə irəliləyiş, inkişaf olmasını istəyiriksə, orada rəqabət mühiti formalaşmalıdır. Dövlətlə bələdiyyə, bələdiyyə ilə özəl təhsil sektoru arasında rəqabət olmalıdır, valideynlər də ən yaxşını seçməlidir. O zaman bilinəcək ki, kim daha yaxşı bilik verir. Məktəblər ya yaxşı bilik verəcək, ya da sıradan çıxarılacaqlar. Əlbəttə, hamının marağındadır ki, məktəbi bağlanmasın, təcrübəli pedaqoqlar tədris keçsin, şagird sayı çox olsun və s. Bu da ancaq sağlam rəqabət mühitində mümkündür. Azad təhsil sistemi hələ formalaşmayıbsa, menecerlikdən danışmaq da hələ tezdir.