Millət vəkillərinə telefon qadağası...

Akif Təvəkküloğu: “Deputatlardan tutmuş MM-ə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq”
Aydın Mirzəzadə: “32 manata telefon aldım və problem yoxdur”


 Parlament binasına girən millət vəkillərinin telefonları alınır. Bu qərarın Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev tərəfindən verildiyi bildirilir. Millət vəkillərindən telefonların yığılması xəbərini təsdiqləyən Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğunun sözlərinə görə, parlamentə smartfon və android tipli telefonla giriş qadağan olunub. MM sözçüsü bildirib ki, təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslərin bu tipli mobil telefonları əlindən alınacaq. Artıq bununla bağlı qərar qəbul olunub: "Bu qərar Milli Məclisə daxil olan hər kəsə aid olunacaq. Burada vəzifə bölgüsü aparılmayacaq. Deputatlardan tutmuş MM-ə gələn qonaqlar və jurnalistlərin hamısının telefonu binaya daxil olarkən əlindən alınacaq. Təhlükəsizlik baxımından və standartlara uyğun olaraq bəzi avadanlıqların Milli Məclisə keçirilməsi qadağandır”.

Bütün dünyada belə bir təcrübənin olduğunu deyən Akif Təvəkküloğlu onu da bildirib ki, prosesə nəzarət etmək üçün hər bir şərait var.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə isə deputatların parlamentə telefonla buraxılması barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Dünən mətbuatda guya Milli Məclisə telefonla daxil olmağa qadağa qoyulması barədə xəbər yayılb. Xəbər düz deyil. 2014-cü ilin yanvarın 1-dən Milli Məclis binasına brauzeri və fotoaparat funksiyası olan telefon aparatı ilə daxil olmaq yasaq edilib. Bu, parlament binasının xüsusi rejimli bir obyekt olması ilə bağlıdır və bütün dünyada belə bir praktika vardır. Parlament binasına sadaladığım funksiyaları olmayan telefon aparatı ilə daxil olmağa heç bir qadağa yoxdur. Mən qiyməti 32 manata telefon aldım və binaya daxil olmamışdan əvvəl, nömrə kartımı o aparata yerləşdirərək binaya daxil oldum. Ona görə də binada olarkən öz mobil telefonumdan istifadə edə bilirəm.

Binaya sadalanan funksiyalı telefonla gələnlər o aparatı girişdə təhvil verməlidirlər. Sadə telefon aparatı olanlar isə problemsiz binaya daxil olurlar və aparatlarını təhvil verməyə ehtiyac olmur”.

Qeyd edək ki, əlaqə saxladığımız digər millət vəkilləri məzuniyyətdə olduqları üçün məsələdən xəbərsiz olduqlarını vurğulayaraq rəy verməkdən imtina etdilər.

Şəymən