Müdafiə Nazirliyində kadr dəyişikliklərinin ictimailəşməsi təhlükəlidir?

Üzeyir Cəfərov:“Briqada, tabor, bölük səviyyəsində olan şəxslərhaqqında əlavə məlumatlar verilməsi təhlükəli ola bilər”
Fərəc Quliyev: “Hansısa bir zabitin təhlükəsizliyi, dolayısıyla ordunun təhlükəsizliyidir”


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə ordu ilə bağlı həyəcan təbili çalıb. Müdafiə Nazirliyində aparılan kadr dəyişikliklərinin mətbuatda yayımlanmasının təhlükəli hal olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu, yetərincə narahatlıq doğuran bir haldır. Azərbaycan cəmiyyətinin silahlı qüvvələr sektorunda baş verən dəyişikliklərlə bağlı həmişə maraqlı olduğunu vurğulayan Mirzəzadə bunu ilk növbədə ölkəmizin Ermənistanla müharibə vəziyyətində olması ilə izah edib.

Azərbaycan mətbuatında müntəzəm olaraq hərbi sahə üzrə, ilk növbədə Müdafiə Nazirliyi ilə bağlı materiallar verilməsinin təqdirəlayiq bir hal və jurnalistlərin fədakarlığı kimi qiymətləndirən deputat hesab edir ki, bununla belə mətbuatımızda Müdafiə Nazirliyi ilə bağlı bütün informasiyanın verilməsi bir o qədər doğru deyil. Onun sözlərinə görə, mətbuat MN-in verdiyi rəsmi məlumatlarla yanaşı, kənardan alınan məlumatları açıqlamağa çox meyllidir. Xüsusi ilə də yeni müdafi nazirinin bütün yeni təyinatları bir anda yayımlanır. Artıq Azərbaycanda açıq şəkildə bütün hərbi hissə komandirlərinin, müavinlərinin, qərargah rəislərinin adı mətbuatda bilinir və xarakteristikası da verilir. Bunu təhlükəli hal hesab edən A.Mirzəzadə bildirib ki, Ermənistanın mətbuatımızı daima izlədiyinin və ordumuzla bağlı məlumatların bir hissəsinin məhz mətbuatımızdan aldığının fərqinə varmalıyıq. Silahlı Qüvvələrimizlə bağlı hər informasiyanın, xüsusi ilə də kadr təyinatı məlumatlarının yayılmasına ehtiyac yoxdur.

Müdafiə Nazirliyi ilə bağlı bütün informasiyanın verilməsinin narahatlıq doğurması ilə bağlı millət vəkili ilə həmrəy olduğunu deyən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, məsələ ilə bağlı Müdafiə Nazirliyi tədbir görməlidir: "Hesab edirəm ki, Müdafiə Nazirliyi bu məsələni tənzimləməlidir. Mən də tərəfdarı deyiləm ki, hansısa hərbi hissənin komandiri, yaxud da qərargah rəisi haqqında geniş məlumat verilsin. Formulya deyilən sənəddə Silahlı qüvvələrlə bağlılığı olan hər bir şəxsin həm fotogörüntüsü, həm də tərcümeyi-halı öz əksini tapır. Zakir Həsənov yeni müdafiə naziri təyin olunandan bir ay müddətində nazirlikdə həyata keçirilən kadr dəyişiklikləri ilə bağlı ictimaiyyəti qısaca məlumatlandırmağa çalışdım. Ancaq sonradan bu prosesi dayandırdım. Çünki qərargah rəisinin, hərbi hissə komandirinin təyinatı haqqında geniş məlumatlara ehtiyac yoxdur. Əgər MN mətbuatla, ictimaiyyətlə əlaqələrini düzgün qura bilsə, bu problemi aradan qaldırmaq olar. Artıq məlumatların mətbuatda yer almaması üçün nazirlik əməkdaşlarının çevik işləməsi gərəkdir”.

Ü.Cəfərov ad çəkmədən saytların birinin də fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilməyən xəbərləri həmin sayt verir. Həm də hər hansı bir hərbi hissəyə təyin olunan komandirlərin, qərargah rəislərinin avtobioqrafiyasına qədər hər şeyi açıq yazır: "Təbii ki, Müdafiə Nazirliyində fəaliyyət göstərən rəhbər şəxslərin haqqında ictimaiyyətin məlumatlandırılması normal haldır. Ancaq briqada, tabor, bölük səviyyəsində olan şəxslər haqqında əlavə məlumatlar verilməsi təhlükəli ola bilər. Bu səbəbdən də Müdafiə Nazirliyinin mətbuat xidməti daha çevik olmalı və işini sürətləndirməlidir. Şahidi olduq ki, 31 dekabrda vəzifəyə təyin olunan şəxs haqqında 7 yanvarda məlumat yayıldı. Yəni Vaqif Dərgahlının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi təyin olunmasından 8 gün sonra açıqlama verildi. Halbuki dərhal həmin xəbər ictimaiyyətə yayımlanmalı idi. Əgər ordu ilə bağlı müvafiq xəbərlər vaxtında və qaydalara uyğun şəkildə nazirliyin rəsmi saytında yerləşdirilsə, digər mətbuat orqanları da məlumatın yayılmasında səhvə yol verməzlər”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev də həmkarı ilə razılaşıb ki, ordu ilə bağlı bəzi məlumatlar məxfi saxlanılmalıdır: "Ordu kifayət qədər həssas və müharibə vəziyyətində olduğuna görə, ona qarşı diqqətli olmalıyıq. Yaxşı olardı ki, Azərbaycanda bütün KİV ordumuzla bağlı münasibətdə sağlam mövqe tutsunlar.

Azərbaycan və Ermənistan arasında atəşkəs imzalanmasına rəğmən biz hələ də müharibə şəraitində yaşayırıq. Bizim qonşuluğumuzda mənfur ermənilər, onların da arxasında İran, Rusiya kimi dövlətlər var. Məhz bu səbəbdən də Milli orduda xidmət edən aparıcı qüvvələrin xarakteristikasının verilməsi doğrudan da yolverilməzdir, çünki hərbi hissə komandirlərinin, qərargah rəislərinin tərcümeyi -halının, ünvanlarının açıqlanması birmənalı olaraq onların təhlükəsizliklərini təmin edir. Təbii ki, hərbiçinin təhlükəsizliyi yalnız onun şəxsi göstəricisi

demək deyil. Hansısa bir zabitin təhlükəsizliyi dolayısıyla ordunun təhlükəsizliyidir. Onların təhdid olunması ordumuzun təhdid olunması deməkdir. Ordu abstrakt bir məfhum deyil ki? Ordu zabitlərdən, texnikalardan ibarətdir”.

Şəymən