“Gec işə düşən bomba” - Uşaqların gələcəyi təhlükədədir

“Nevroloji xəstəliyi olan uşaqlar vaxtında aşkar edilib effektiv, ziyansız üsullarla müalicə edilməsə, gələcəkdə böyük fəsadlarla nəticələnə bilər”


İnkişaf etmiş ölkələrin sakinlərinin ömür müddəti 1930-cu ildən artıb. Ancaq mütəxəssislər müasir uşaqların sağlamlığını "gec işə düşən bomba” adlandırırlar. Bu uşaqlar 65 yaşına çatanda onların sağlamlığında hazırda 65 yaşı olanlara nisbətən daha çox problem olacaq. Tədqiqatçılar Almaniya, CAR, Hindistan, Braziliya və Səudiyyə Ərəbistanından olan 101 müəllim arasında sorğu aparıblar.

Xarici KİV-lərə istinadən aldığımız xəbərə görə, müəllimlərin 58 faizinin fikrincə, müasir uşaqların sağlamlıq durumu qocalanda bu günün yaşlı insanlarına nisbətən daha pis olacaq. Müəllimlər oturaq həyat tərzini, artıq çəkini və gigiyena qaydalarına riayət olunmamasını uşaqların sağlamlığına mənfi təsir göstərən əsas amillər adlandırıblar.

Məlum olduğu kimi, dünyanın çox ölkələrində uşaqlar arasında piylənmə geniş yayılıb. London Kral Kollecinin bu yaxınlarda apardığı tədqiqat göstərib ki, piylənmədən əziyyət çəkən uşaqlarda 2-ci tip diabetin inkişaf riski 4 dəfə artıqdır. Ekspertlər həyəcan təbili çalaraq bildirirlər ki, uşaqlar arasında piylənməyə qarşı mübarizəyə dair təcili tədbirlər görülməlidir.

Beynəlxalq ekspertlərin proqnozları ilə bağlı fikirlərini "Şərq”lə bölüşən pediatr Kəmalə Əmrahovanın sözlərinə görə, uşaqların sağlamlığı üçün ən ciddi təhlükə onların əsəb sistemlərinin pozulması ilə bağlıdır. 

Onun sözlərinə görə, nevroloji xəstəliyi olan uşaqlar vaxtında aşkar edilib effektiv, ziyansız üsullarla müalicə edilməsə, gələcəkdə böyük fəsadlarla nəticələnə bilər

Uşaqların 99 faizində cüzi də olsa, nevroloji pozuntular olduğunu vurğulayan Kəmalə xanım hesab edir ki, problemi olan uşaqlar vaxtında müalicə edilərsə, onlar həyatlarının sonrakı dövründə daha az fəsadlarla qarşılaşarlar: "İlk növbədə isə analar hamiləlik dövründə sakit həyat tərzi sürməli və stressdən uzaq durmalıdırlar. Uşaqlarda nevroloji travmalar yaradan əsas amillərdən biri də valideynlər arasındakı münasibətlərin gərginləşməsi və boşanma həddinə çatmasıdır. İki od arasında qalan uşağın istər-istəməz sinir sistemi pozulur və o, nevroloji xəstəlik daşıyıcısına çevrilir”.

Bəzi qidaların da uşaqların sağlamlığını təhlükə altına atdığını qeyd edən pediatr deyib ki, süni qidalar uşaq psixologiyasına mənfi təsir edir. Keyfiyyətsiz, GMO məhsullar uşaqlarda zəhərlənmələrə səbəb olur və orqanizmin zəifləməsinə səbəb olur.

Uşaqların piylənməsi ilə bağlı narahatlıqlara gəldikdə isə K. Əmrahova bildirib ki, bir çox valideynlər uşaqlarının kök olmasından narahat olmur, hətta bunu sağlamlıq kimi qiymətləndirirlər. Ancaq göründüyü kimi, araşdırmalar bunun əksini iddia edir: 

"1 yaşından başlayaraq piylənməyə meyilli olan uşaqların ürək-damar sistemində kəskin zəifləmələr olur və hərəkətlərində məhdudiyyətlər olur. Əslində piylənmə bütün yaş kateqoriyaları üçün problemli məsələdir. Lakin uşaqların piylənmədən əziyyət çəkməsi demək olar ki, cəmiyyət üçün faciədir. Çünki uşaqlar bir millətin gələcəyidir. Piylənmənin əsas səbəblərindən biri isə uşaqların düzgün qidalanmamasıdır. Analar uşaqlarını o qədər yeməyə meyilli böyüdürlər ki, doymaq bilmirlər. Valideynlər uşaqlarını körpə vaxtından normadan az verməlidir ki, doyum hissiyatı formalaşsın”.

Şəymən