"Kiminsə həkim olması onun cinayət məsuliyyətini azaltmır"



"Ortada konkret cinayət varsa, bunu törədənin həkim, müəllim, prokuror, hakim, prezident, baş nazir, deputat olmasının heç bir mənası yoxdur”.

Bunu Sherg.az-a Tbilisidə fəaliyyət göstərən "Lanset” klinikasının direktoru, qalmaqallı doktor Fərman Ceyranovun həbsi ilə bağlı danışarkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu deyib. 

Həmin həkimin əməli ilə bağlı məlumatının olmadığını diqqətə çatdıran S.Cəlaloğlu bildirib ki, burada söhbət ortada olan cinayət faktından gedə bilər:

"Həmin həkim öz ixtisasına uyğun xəstəni müalicə edə bilməsə, səhv etsə, onun həkimliyinə söz demək mümkündür. Ancaq bu adam adi cinayətkar kimi cinayət törədibsə, cinayət məcəlləsinin tələblərinə uyğun cəzasını çəkməlidir. Kiminsə həkim, müəllim, prokuror, hakim, prezident, deputat olması onun cinayətkar olmasının qarşısını almır ki?!

 Dünya təcrübəsindən görürük, şahlar arasında da cinayətkarlar olub, indi prezidentlər, nazirlər, deputatlar arasında da çoxlu cinayətkarlar ortaya çıxıb. Cinayətkarlıq insan xarakterinin fərdi xüsusiyyətidir. İnsanın hansı peşədə hansı vəzifədə olmasından asılı olmayaraq meydana çıxan məsələdir. Bu baxımdan həmin həkimin də cinayətkarlığı onun həkimliyi ilə deyil, şəxsiyyəti ilə bağlı məsələdir”.

Qeyd edək ki, Fərman Ceyranova qarşı iri məbləğdə dələduzluq, insanların sağlamlığı üçün risk yaradan saxtalaşdırma, məlumatların gizlədilməsi maddələri ilə iş qaldırılıb.

Aysel Aslan