"Dövlətin dəstəyi olmasa, problemli kreditlər həllini tapmayacaq"

Natiq Cəfərli: " Bankların şikayətləri ilə on minlərlə insanları məhkəmələrə veriblər, amma məhkəmə çıxış yolu deyil"


"Vətəndaşların kredit məsələsi son 2 ilin ən ağır problemidir”.

Bunu Sherg.az-a dah bir şəxsin bankın qarşısında özünü yandırmasına münasibət bildirərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

Problemdən həll yollarını diqqətə çatdıran ekspertin sözlərinə, görə iki devalvasiyadan sonra bankdan kredit götürmüş, bu devalvasiyada birbaşa iştirakı olmayan vətəndaş bütün ağırlığı öz çiynində daşımağa məcbur qalıb:

"Nə banklar, nə də hökumət bununla bağlı ciddi addım atdı. Halbuki vaxtilə dəfələrlə təkliflər də edilmişdi. Ən azından problemli kreditlər artmasın deyə həmin kredit yükü 3 hissəyə bölünməli, bir hissəsi vətəndaşların, digər bir hissəsi bankların, qalanı isə dövlətin üzərində qalmalı idi. Amma iki ildən çoxdur ki, bütün yük vətəndaşın çiynindədir. Vətəndaş borcunu verə bilmir, problemlə qarşılaşır, banklar isə borclarını geri qaytara bilmirlər. Verdikləri kreditləri toplaya bilmədiklərinə görə, kreditləşməni zəiflədiblər. 

Bunun nəticəsində iqtisadiyyat da zəifləyir. Onsuz da problemli kreditlər məsələsi dövlətin dəstəyi olmadan həllini tapmayacaq. Yəni iqtisadi aktivlik zəifləyirsə, insanların gəlirləri azalıbsa, ölkədə iqtisadi aktivlik rəsmi rəqəmlərə görə, bu ilin 3-4 ayında azalıbsa, öz vəsaiti və daxili imkanları hesabına kreditləri qaytara bilməyəcək. Problemli kreditlərin həcmi isə günbəgün artır. Rəsmi rəqəmlərə görə bu 11 faizə yaxınlaşıb, amma beynəlxalq reytinq agentliklərinin hesablamalarına görə 25-30 faiz civarındadır. Elə banklar var ki, hətta problemli kreditlər 50 faizi keçib. Halbuki, dünyada problemli kreditlər 3 faizi keçərkən bu böyük problem sayılır. Problemin çözümü üçün hərəkətə keçirlər. Azərbaycanda isə dəfələrlə problemli kredit həddi keçilib. Amma heç bir addım atılmır.

Bankların şikayətləri ilə on minlərlə insanları məhkəmələrə veriblər. Məhkəmədə iş həcminin 70 faizdən çoxunu bankların kredit şikayətləri tutub. Məhkəmə çıxış yolu deyil.

Banklar anlamır ki, məhkəməyə versən nə olacaq, verməsən nə olacaq? Vətəndaşların imkanı yoxdursa, borcunu qaytara bilmirsə, onu həbs etmək, yaxud məhkəmə qərarına məhkum etmək heç bir əhəmiyyət verməyək. Ona görə də bununla bağlı addım çox gecikib. 2 il bundan öncə valyuta ilə olan kreditlər köhnə məzənnə ilə manata çevrilsəydi, faiz dərəcələrinin aşağı düşməsi ilə bağlı qərarlar verilsəydi, indiki ağır durum yaşanmazdı”.


Qeyd edək ki, bu gün Bakının mərkəzində Neftçilər prospekti 63 ünvanında (Azneft meydanı) yerləşən "Bank Respublika"nın filialının qarşısında özünü yandıran 64 yaşlı Manafov Ramiz Manaf oğlu Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Ayyət Əhməd