Məsələni BMT-yə çıxarmaq lazımdır

“Metsamor” AES-də cüzi bir sızma baş verərsə, təkcə Ermənistana yox, ətraf ölkələrə də ciddi fəsadlar dəyəcək


Xəbər verdiyimiz kimi, Avronest Şurası Parlament Assambleyasında "Metsamor” AES-nin region üçün təhlükə mənbəyi olması məsələsi qaldırılıb. Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Fərəc Quliyev bəyan edib ki, Ermənistanda yerləşən "Metsamor” atom elektrik stansiyası bütün region üçün böyük təhlükə mənbəyidir.

Millət vəkili bildirib ki, hələ 2014-cü ildə Avropa komissiyası Ermənistanı bu stansiyanı bağlamağa çağırıb, lakin Ermənistan tərəfi buna heç bir reaksiya verməyib. Həmçinin, millət vəkili AES-nin nüvə tullantılarının işğal olunmuş Azərbaycan ərazilərində basdırılması faktı ilə bağlı narahatlığını çatdırıb. Avropa Parlamentinin deputatı Rebekka Harms Azərbaycan nümayəndəsini dəstəkləyərək, məsələnin çox vacib və aktual olduğunu bildirib. İclasda iştirak edən Ermənistan Respublikasının nümayəndəsi bildirib ki, bu məsələ Azərbaycan tərəfindən Ermənistana təzyiq etmək üçün qaldırılır. 

AŞ PA-da qaldırılan mühüm məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Tahir Kərimli həmkarına təşəkkür edib. Deputat vurğulayıb ki, Fərəc Quliyev bir neçə dəfə bu məsələni gündəmə gətirib. Ancaq millət vəkili məsələnin qəliz tərəflərini də diqqətə çatdırıb: 

"Qəribə bir vəziyyət yaranıb. Biz Dağlıq Qarabağ münaqişəsinin həllini üç həmsədr dövlətə - ABŞ, Fransa və Rusiyaya həvalə etmişik. Lakin dünyada atom elektrik stansiyalarının tikilməsinə və istismarına baxan da məhz bu üç dövlətdir. Başqa dövlətlərin müstəqil şəkildə belə stansiyalar tikmək səlahiyyəti yoxdur. Adını çəkdiyim ölkələrin mütləq razılığı şərtdir. Ermənistanla Azərbaycan müharibə şəraitində olduğuna görə, Qərb dövlətləri və strukturları elə güman edirlər ki, guya deputatlarımız "qərəzli” olaraq düşmən ölkədə yerləşən stansiyanın ləğvini tələb edirlər. Halbuki, beynəlxalq səviyyələrdə bir neçə dəfə "Metsamor” AES-in yararsız olması ilə bağlı Ermənistana ciddi xəbərdarlıq edilib. Ekspertlər də buna rəy veriblər. Amma təəssüflər olsun ki, bəzi ermənipərəst ingilis və fransız ekspertlər düşmən ölkəyə verilən müddətin uzadılmasını tələb ediblər. Onların fikrincə, müəyyən bərpa işləri görməklə stansiyanın istismarını 15 il uzatmaq olar. Reallıq isə bu qərarın tamamilə siyasi olduğunu göstərir. Qərb dövlətləri düşünürlər ki, "Metsamor” ləğv edilərsə, Ermənistan ciddi elektrik qıtlığı ilə üzləşəcək. Azərbaycan Ermənistanı enerji "blokadasına” almaq istəyir və s. Təəssüflər olsun ki, beynəlxalq aləm bizim obyektiv tələblərimizi qulaqardına vurur”.

Deputat Azərbaycan tərəfinin görməli olduğu tədbirlərə də toxunub: 
"Sadəcə Avronest çərçivəsində söz demək kifayət etmir. Çünki həmin qurum Avropanın bir hissəsidir. Məsələni BMT səviyyəsində gündəmə gətirmək lazımdır. "Metsamor” AES-də cüzi bir sızma baş verərsə, təkcə Ermənistana yox, ətraf ölkələrə də ciddi fəsadlar dəyər, bölgənin fauna və florası öldürücü zərbə alar. Sovet dövründə belə bir fəlakəti bir dəfə yaşamışıq. İkincisindən Allah saxlasın! Azərbaycan diplomatiyası və parlament heyəti məsələni hər fürsətdə yüksək tribunalardan gündəmə daşımalıdır. Rəsmi sənəd hazırlayıb dünyaya yaymalı, BMT-nin Təhlükəsizlik Şurasına təqdim etməliyik”. T.Kərimli bəyan edib ki, Fərəc bəyin toxunduğu mühüm məsələlərdən biri də stansiyadan çıxan tullantıların bizim ərazilərə axıdılması təhlükəsidir: "Bu, çox ciddi məqamdır. Sovet dövründə Bakı-Şamaxı yolunun üzərində radioaktiv tullantıların basdırıldığı yer var idi. Hələ o zaman eşidirdik ki, Ermənistandan gətirilən atom tullantıları da həmin bölgədə basdırılır. Bu, bizi çox narahat edirdi”.

İsmayıl