Problemin açarı nə Türkiyədə, nə də Almaniyadadır

Ekspertin sözlərinə görə, Türkiyə istədiyi zaman özünü “İncirlik” yükündən azad edə bilər


Almaniya Bundestaqının bir qrup deputatının 25-28 may tarixlərində Türkiyəyə nəzərdə tutulan səfəri ləğv edilib. Bununla bağlı Bundestaqın sədr müavini Kladuio Roz qərar qəbul edib. Qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb.

Xatırladaq ki, Türkiyənin İncirlik hava bazası ölkədə dövlət çevrilişinə uğursuz cəhddən sonra gərginlik mövzusu olub. İncirlik bazası İŞİD-in mövqelərinə, Suriya sərhəddinə yaxın olduğuna görə, böyük əhəmiyyət kəsb edir. Amma bu baza Qərb koalisiyasının diqqətini əvvəlki kimi cəlb etmir. Türkiyənin çevriliş cəhdindən sonra almanların İncirlik bazasına girməsinə icazə verməməsi Berlinlə Ankara arasında soyuq münasibət yaradıb. 

Almaniyanın xarici işlər naziri Türkiyəni hədələyərək öz qüvvələrini qardaş ölkədən çıxarmaqla təhdid edib. Hazırda İncirlikdəki hərbi bazanın İordaniyaya köçürülməsi ilə bağlı iddialar da gündəmdədir. Türkiyə rəsmiləri isə Almaniyanı qərəzli mövqe sərgiləməkdə və hər fürsətdə Ankara hökumətini haqsız olaraq qaralamaqda günahlandırır.

 İki ölkə arasında yaşanan olayları "Şərq”ə şərh edən politoloq Tofiq Abbasov deyib ki, problemin açarı nə Türkiyədə, nə də Almaniyadadır. Ekspertin sözlərinə görə, Türkiyə istədiyi zaman özünü "İncirlik” yükündən azad edə bilər:

"Ancaq nəzərə alsaq ki, hərbi baza NATO-nun tabeliyindədir, onda məsələ bir qədər mürəkkəbləşir. Hazırda baza ətrafında ciddi və arzuolunmaz müzakirələr gedir. 

"İncirlik” bazası hərbi çevriliş cəhdində mənfi iz buraxmayıb. Lakin yenə deyirəm, baza ilə bağlı konkret və birmənalı qərar qəbul etmək asan deyil. Bu məsələ siyasidir və kökündə Türkiyənin Qərblə münasibətlərinin əsas mexanizmi durur. Həmçinin, bazanın müəyyən öhdəlikləri, ödənişləri var. Yəni tərəflər zaman-zaman sərt bəyanatlar versələr də, prosesin dərin olduğunu yaxşı dərk edirlər. Ancaq məsələ dalana dirənərsə və Türkiyənin hansı səbəbdən bazadan imtina etməsinə tam aydınlıq gətirilərsə, qurulan komissiyanın araşdırması ilə fərqli nəticələr hasil ola bilər”.

İsmayıl