Qazılar Şurası fətva verdi

Ramazan ayı mayın 27-dən başlayacaq
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar fətva verib. Fətvada deyilir: "Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 27 may 2017-ci ilə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq”.

Fətvada qeyd edilib ki, oruc ibadəti fərqli qaydalar əsasında bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub: "Müqəddəs Kitabımız Qur`ani-Şərifdə Allah-Təalanın hökmü belədir: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar” (Bəqərə, 185). Həzrəti Peyğəmbərdən nəql olunan qüdsi hədislərdə orucluğun Allah-Təalaya aid olduğu və mükafatının da məhz Uca Allahın özü tərəfindən veriləcəyi bildirilib.
Oruc ibadəti insanları mənəvi cəhətdən saflaşdırır, onların günahlardan tövbə etmələrinə və Allah-Təala yolunda xeyirxah işlər görmələrinə səbəb olur. Bu ibadətin sayəsində insan aclığa və susuzluğa tab gətirərək öz nəfsinə qalib gəlir.

Fətvada qeyd edilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim tərtib etdilər: "Digər mənbələrdən daxil olmuş, təxribat və təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi yolverilməzdir.

İnşallah, Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq iyun ayının 26-na təsadüf edəcəkdir.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən diləyirik!

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!”

Məlahət Rzayeva