Dövlət qulluğunda çalışanlar inşa yazmalıdır

Azərbaycanda məmur vəzifəsini daşımaq istəyən şəxslər dilimizi səlis bilməlidir. Əgər bilmirsə, ondan heç vaxt məmur ola bilməz


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli ölkəmizdə dövlət müəssisələrinə işə qəbul zamanı azərbaycanlılardan və etnik qruplardan dövlət dilindən lazımi səviyyədə imtahanın götürülməsi və inşanın yazılması təklifini verib.

Ana dilimizin saflığının qorunması üçün təkliflərini açıqlayan T.Kərimli deyib ki, küçə reklamlarında, elan, afişalarda və s. dil pozuntularının aradan qaldırılması üçün Dilçilik İnstitutunun monitorinq şöbəsinin verdiyi məlumatlar əsasında cərimələrin tətbiq edilməsi mexanizmi hazırlansın və bu məqsədlə yuxarı instansiyalara müraciət edilsin.

Bundan başqa, Azərbaycan dilinin orfoepiya lüğəti təkmilləşdirilərək böyük tirajla çap edilsin və geniş kütlələr arasında yayılsın. Eyni zamanda orta ümumtəhsil və ali məktəblərdə ritorika fənninin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi ilə məsləhətləşmələrin aparılması təklif edilir.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu AMEA-nın katibi ilə həmfikir olduğunu deyib. Ekspertin sözlərinə görə, dünya təcrübəsində, ən sivil ölkələrdə də xüsusi olaraq dövlət dilindən imtahan verilir:

"Azərbaycanda məmur vəzifəsini daşımaq istəyən şəxslər dilimizi səlis bilməlidir. Əgər bilmirsə, ondan heç vaxt məmur ola bilməz. Demirəm ki, bu tələbi hər hansı bir etnik qruplar, vətəndaşlar üçün irəli sürsünlər. Amma xüsusilə dövlət qulluğunda çalışmağı nəzərdə tutan şəxslər mütləq belə bir imtahandan keçməlidirlər. Əks halda, əgər onlar dövlət dilini bilməsə, öz vəzifələrini yerinə yetirə bilməzlər. Hesab edirəm ki, bu təklif tamamilə qanunidir və dünya praktikasına uyğundur”.

Yeganə Bayramova