“Arzu edərdik ki, təqdim olunan sənəd ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənsin”
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən "işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” adlı sənəd hazırlanıb.
Bu sənəd BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin layihəsi kimi yayılıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, hüquqi rəy Azərbaycan tərəfinin müraciəti əsasında məşhur beynəlxalq hüquqşünas, professor Alan Pelle tərəfindən hazırlanıb. Əslində bugünədək Azərbaycan tərəfindən münaqişənin hüquqi aspektləri ilə bağlı çoxsaylı hesabatlar hazırlanıb və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb. Xüsusilə, BMT baş katibinə Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzünün hüquqi nəticələri üzrə hesabatlar təqdim edilib. Xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibi Antonio Qutereslə görüşü zamanı da deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün baza sənədləri məhz təşkilatın Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq dörd qətnamədir. Nazir bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu bildirib.
Münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğulayan E.Məmmədyarov Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında BMT-nin rolundan bəhs edib.
Bu barədə "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, BMT-nin Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi icra olunmadığı şəraitdə əlavə sənədlərin hazırlanması mənasızdır. Ekspertin sözlərinə görə, hüquqi rəy ümumən Azərbaycanın lehinə olsa da, nəticə baxımından faydasız qalacaq:
"Məsələ burasındadır ki, tez-tez dünya ictimaiyyətinin diqqətini, yaddaşını təzələmək lazımdır. Bu məqsədlə zaman-zaman müxtəlif təşəbbüslər irəli sürülür, layihələr təqdim edilir. BMT belə sənədləri təqdim etmək üçün nisbətən mötəbər qurum sayılır. Şübhəsiz ki, layihələrin gündəmə gətirilməsi zamanı ciddi əngəllərlə qarşılaşırıq. Maneə törədənlər təkcə düşmən ermənilər yox, eyni zamanda beynəlxalq strukturlarda onlara dəstək verən ölkələrdir. Məsələn, Minsk Qrupunun həmsədr dövlətləri hər zaman belə layihələrə qarşı çıxır”. Politoloq bildirib ki, vasitəçilər hər hansı təşəbbüslərin meydana çıxması zamanı Ermənistanın yanında yer alırlar və dolayı yolla onları dəstəkləyirlər: "Əlbəttə, bu cür mövqe danışıqlar prosesinin dinamikasına mənfi təsir göstərir. Əgər həmsədrlərin ziddiyyətli və tərəfli münasibətinə son qoyulmasa, münaqişə öz həllini tapmayacaq. Arzu edərdik ki, BMT-də təqdim olunan sənəd ATƏT-in Minsk Qrupu tərəfindən dəstəklənsin. Yalnız o halda əvvəlki dörd qətnaməni yenidən gündəmə gətirmək mümkündür. İkili yanaşmalar davam etdiyi müddətcə, heç bir sənədin əhəmiyyəti yoxdur”.
İsmayıl