Ramazan ayında da bütün dini ayinlər bu cədvələ uyğun icra olunmalıdır
Azərbaycanda dini icma sədri qanunsuz fəaliyyətə və gizli dini yığıncaq təşkil etdiyinə görə cəzalandırılıb. Göyçay rayon "II Ərəbcəbirli kənd məscidi” dini icmasının sədri Məmmədov Ruslan Ənvər oğlu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) tərtib etdiyi təqvimdən deyil, başqa mənbələrə aid təqvimdən istifadə edərək dini ayinlər icra edib.
Bundan başqa, sədri olduğu icmaya aid məsciddə yox, sakini olduğu Qəbələ rayon Duruca kəndində bir qrup şəxslə gizli dini ocaq yaradıb və məscid adlandıraraq, orada qanunsuz fəaliyyət göstərib.
R.Məmmədov artıq dini icma sədrliyindən uzaqlaşdırılıb. İcmadan uzaqlaşdırıldıqdan sonra onun bu fəaliyyəti ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq qurumlara məlumat verilib. R.Məmmədovun yerinə isə qeyd olunan icmaya Şirəliyev Rəşad Cavad oğlu sədr seçilib.
Bəs görəsən, baş verən hadisədə xarici qüvvələrin əli ola bilərmi?
Məsələ ilə dərindən tanış olmadığını deyən millət vəkili Fazil Mustafanın sözlərinə görə, ittihamların nə dərəcədə əsaslı olub-olmamasını söyləmək çətindir:
"Əgər bir şəxs ittiham olunursa, onun məhkəməyə müraciət eləmək, məsələnin həllinə nail olmaq, ən azı məhkəmədə özünə qarşı olan ittihamı geri çevirmək imkanı var. Hadisənin detalları ilə bağlı dəqiq məlumatım olmadığı üçün cəzalandırılan şəxsin haqlı olub-olmadığını söyləmək mümkün deyil. Bəlkə təbliğ elədiyi material zərərli deyil, bəlkə də zərərlidir. Bütün bunları konkret əsaslarla bir yerdə müzakirə eləmək lazımdır”.
İlahiyyatçı Hacı Şahin Həsənli baş verən hadisədə xarici qüvvələrin əlinin ola biləcəyi ilə bağlı iddiaların əsassız olmadığını deyib. Onun sözlərinə görə, bu cür məsələlər bəzi hallarda xaricdən qaynaqlanır. Məqsəd isə Azərbaycan daxilində ixtilaf yaratmaqdır:
"QMİ tərəfindən vahid bir cədvəl tərtib edilir, Ramazan ayında da bütün dini ayinlər bu cədvələ uyğun icra olunmalıdır. Cədvəl elmi və dini qaydalara tam uyğundur və tərtib edilərkən həm dini qaydalar nəzərə alınır, həm də Şamaxı rəsədxanası öz rəyini bildirir. Həmçinin cədvəlin tərtibində bütün məzhəblərin dini hökmləri nəzərə alınır. Çünki bütün ölkə dini ayinləri icra etmək üçün vahid bir cədvəldən istifadə edir. Ona görə də bütün dini icmalara göstəriş verilib ki, dini ayinlər vahid təqvim əsasında icra olunsun. Çünki fərqliliklər ixtilafları dərinləşdirir və hansısa qüvvələrin maraqlarına xidmət edir”.
Yeganə Bayramova