28 Mayda əfv olmayacaq

Hüquq müdafiəçiləri deyir ki, işçi qrupunun heç bir toplantısı keçirilməyib


Önəmli bayramlar ərəfəsində imzalanması bir növ adət halını almış əfv sərəncamı ilə bağlı söhbətlər hər bayram ərəfəsi olduğu kimi 28 May Respublika günü və Ramazan bayramı ilə əlaqədar da aktuallaşıb.
Hüquq müdafiəçiləri isə hesab edir ki, Azərbaycanda 28 May - Respublika günü münasibətilə əfv olacağı gözlənilən deyil. Hüquq müdafiəçisi Novella Cəfəroğlunun sözlərinə görə, məhbuslar bir az daha gözləməli olacaqlar: 

"Bu günə qədər əfvlə bağlı yaradılmış işçi qrupunun heç bir toplantısı keçirilməyib. Ona görə məndə 28 mayda əfvin olacağına dair heç bir informasiya yoxdur”.

Bu yaxınlarda komissiyanın iclasının nəzərdə tutulmadığını deyən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev buna rəğmən müvafiq işlərin görüldüyünü deyib. Əfv sərəncamının iki ay bundan əvvəl imzalandığını vurğulayan Komissiya üzvü yaxın müddət ərzində əfv sərəncamı olacağını güman etmir: "Düzdür, hər şey cənab Prezidentin səlahiyyətində olan məsələdir, ancaq Əfv Komissiyasının bu günə qədər yeni iclasları olmayıb. Lakin komissiyanın katibliyi daimi olaraq fəaliyyətdədir. Həmçinin Prezident Administrasiyasının hüquq-mühafizə orqanları üzrə şöbəsinin əfv sektoru da işləyir ki, onlara da məlumatlar daxil olmaqdadır. Müraciətlərin emalı prosesi gedir və gələcək iclaslara hazırlanması istiqamətində zəruri prosedur tədbirləri həyata keçirilir”.

Əfv olacağı halda siyahıda kimlərin adının yer alacağına gəldikdə isə Ə.Nuriyev deyib ki, Azərbaycanda hər bir məhkum əfv üçün müraciət etmək hüququna malikdir. 

Əfv həm azadlıqdan məhrum edilmiş, həm də ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə tətbiq oluna bilər: "Eyni zamanda azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş şəxslərə də əfv tətbiq oluna bilər. Qanunvericilik bu imkanı tanıyıb. Ömürlük azadlığa məhrum edilmiş şəxslər cəzalarının 10 ilini çəkdikdən sonra onların əfv üçün müraciət etmək hüquqları var. Burada məhkumun kim olmasına fərq qoyulmur. Bütün məhkumlar qanun qarşısında bərabərdir. O bərabərliyə uyğun olaraq da, əfv edilirlər. Baxılmır ki, bu adam əvvəllər hansı işlə məşğul olub”.

Şəymən