Kamran Əsədov: “Qəbul imtahanlarına məsul olan şəxslər və imtahan nəzarətçiləri cəzalandırılmalıdır”
Qəbul imtahanlarında bənzərlər sindromu...
Əjdər Ağayev: “Ya barmaq izini öyrənmək, ya da şəklin analizi kimi addımlar atmaq olar”
Kamran Əsədov: “Qəbul imtahanlarına məsul olan şəxslər və imtahan nəzarətçiləri cəzalandırılmalıdır”
Kamran Əsədov: “Qəbul imtahanlarına məsul olan şəxslər və imtahan nəzarətçiləri cəzalandırılmalıdır”
Bu il keçirilən qəbul imtahanlarında IV kurs tələbəsinin abituriyentin əvəzinə imtahan vermək istədiyi aşkarlanıb. Qarşısı alındıqdan sonra isə həmin şəxsin ötən il bu il əvəzinə imtahan verdiyi abituriyentin kiçik qardaşının da əvəzinə imtahan verdiyi müəyyən edilib.
Bu barədə jurnalistləri məlumatlandıran Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə kimliyi aşkarlanan IV kurs tələbəsi ali məktəbdən xaric olunacaq, ötən il əvəzinə qəbul imtahanı verərək ali məktəbə qəbul olan şəxs barəsində də müvafiq tədbirlər görüləcək.
Direktorlar Şurasının sədrinin sözlərinə görə, belə halları aradan qaldırmaq üçün ilk növbədə valideynlər bu məsələlərə məsuliyyətli yanaşmalıdırlar.
Üzdən oxşar şagirdlərin və ya əkizlərin biri-birinin əvəzinə imtahan verməsini əngəlləməyin xüsusi peşəkarlıq tələb etmədiyini vurğulayan təhsil eksperti, professor Əjdər Ağayev "Sherg.az”az açıqlamasında gənclərin bu addımını birmənalı olaraq saxtakarlıq kimi dəyərləndirib:
"Düşünürəm ki, insanlara məsuliyyət hissini, düzlüyü, dürüstlüyü aşılamaq lazımdır. Xüsusilə, gənclər və yeniyetmələr bu cür hərəkətlərdən qaçsınlar. Gənclər belə addım atırsa, ola bilər valideynlərin bundan xəbəri var və ya yoxdur. Gənclər valideynlərlə məsləhətləşmədən də özbaşına bəzi işləri görməyə çalışırlar. Valideynlər buna razılıq verdikdə isə ikiqat məsuliyyət daşıyırlar. Hər halda ali məktəb tələbəsi olmaq səviyyəsində insanın, digəri isə tələbə olan qardaşın yol verdiyi əməl sadəcə saxtakarlıqdır. Həmin şəxslər düzgün həyata keçirilən ciddi bir işi fırlamağa çalışıblar”.
Bir-birinə bənzər insanları ayırd etməyin çətin olduğunu diqqətə çatdıran Ə.Ağayev daha asan vasitə kimi texnikanın imkanlarından istifadə edərək müəyyən metod tətbiq etməyi təklif edib: "Ya barmaq izini öyrənmək, ya da şəklin analizi, şəxsiyyət vəsiqəsinin ciddi yoxlanması və s. kimi addımlar atmaq olar. Təəssüf doğuran odur ki, belə halların, mənfiliklərin hamısı həmin şəxslərin cəzalandırılmamağından qaynaqlanır. Cərimə ciddi cəza deyil. Məqsədli şəkildə mənfi addımlar atanlar o cərimədən daha ağır cəzaya məruz qalmalıdır. Əksər hallarda təcrübələr göstərir ki, insanlar cərimələrdən nəticə çıxarmırlar. Ciddi cəzalara və xüsusilə, ictimai qınağa məruz qalmalıdırlar. Başqaları da dərs çıxarmalıdır ki, bunu ictimaiyyət düzgün qarşılamır və tənqid edir”.
Digər təhsil eksperti Kamran Əsədov isə "Şərq”ə yayılan məlumatlarda bir sıra qaranlıq qalan məqamların olduğunu və ən əsası istənilən halda məsuliyyətin DİM-in üzərində olduğunu deyib. Onun sözlərinə görə, tələbələrdən və abituriyentdən əvvəl keçirilən qəbul imtahanlarına məsul olan şəxslər və imtahan nəzarətçiləri cəzalandırılmalıdır: "Başa düşə bilmədim, keçən il onun başqasının yerinə imtahan verdiklərini bildikləri halda göz yumublar? Axı DİM-in elə üz tanıma aparatı yoxdur ki, müəyyən etsin keçən il imtahanda iştirak edib-etmədiyini. Tutaq ki, müəyyən edilib. Bəs, necə biliblər ki, həmin şəxs qəbul olub, ya yox?”
Hüquqi baxımdan 4-cü kurs tələbəsinin keçən il imtahanda iştirakını sübuta yetirən mexanizm qəbul imtahanları sisteminə daxil deyil. Ona görə də, mən bu informasiyanı qeyri-ciddi hesab edirəm, sadəcə diqqət çəkməyə yönəlmiş bir məlumatdır. Çünki bunu müəyyən edən mexanizm yoxdur.
Əgər 4-cü kurs tələbəsi həqiqətən də keçən ilin qəbul imtahanlarında iştirak edib, başqa bir abituriyentin yerinə imtahan verib keçibsə, deməli, DİM-in fəaliyyətində qüsur var. Belə çıxır ki, imtahan prosesində nəzarət və yoxlama prosesi qeyri-ciddi olur. Həmin imtahan nəzarətçisi, rəhbəri, buraxılışa məsul şəxs cəzalandırılıb ki, tələbəni ali məktəbdən xaric edirlər? Dövlət İmtahan Mərkəzi bu ildən etibarən qəbul imtahanlarında iştirak edən şəxslərin daha istəkli və hazırlıqlı olduğunu bildirmişdi, ancaq görünən odur ki, əvvəlki illərlə müqayisədə heç bir fərq yoxdur”.
K.Əsədov hesab edir ki, bəzi valideynlərin övladlarının qəbul imtahanlarında yüksək nəticə göstərməsi üçün müəyyən yollar axtarmasının əsas səbəbkarı DİM rəhbərliyinin yeritdiyi yanlış siyasətdir: "Qəbul imtahanları bu qədər çətin olanda, əlbəttə ki, insanlar başqa vasitələr axtaracaqlar. Təhsil hər bir vətəndaş üçün əlçatan olmalıdır”.
Başqasının yerinə imtahan verən IV kurs tələbəsinin universitetdən xaric edilməsinə gəlincə isə təhsil eksperti Dövlət İmtahan Mərkəzinin belə bir səlahiyyəti olmadığını deyib. Onun qənaətincə, Mərkəz sadəcə olaraq, imtahanda qayda pozuntusuna yol vermiş şəxslərin imtahan nəticələrini ləğv edə bilər: "DİM həqiqətən də bu qədər obyektivliyə və şəffaflığa nümunə olmaq istəyirsə, konkret faktlarla onlara edilən müraciətlərə baxsınlar. Baxmırlar, əvəzində isə ictimaiyyətə reallığa uyğun olmayan qanun pozuntularını təqdim etməklə gündəmi əldə saxlamağa çalışırlar. Halbuki imtahan prosesində baş verən bütün qanun pozuntularına görə birbaşa onların özləri məsuliyyət daşıyırlar”.
Şəymən