"Cümhuriyyətlə bağlı elə sənədlər ortaya qoyulacaq ki...”
Cəbi Bəhramov: “Düşmənlərin ovqatına “Hövsan soğanı” doğranacaq”
Həftənin bazar günü tariximizin ən şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünü qeyd edəcəyik. Gələn il isə Cümhuriyyətin 100 illik yubileyi rəsmi və təntənəli şəkildə keçiriləcək. Artıq ölkə başçısı cənab İlham Əliyev bununla bağlı sərəncam verib və hazırlıqlara başlanılıb.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Şərqin ilk demokratik müsəlman respublikası kimi tarixə düşüb. Bu baxımdan Azərbaycanda dövlətçilik ənənəsinin bərpası üçün çətinliklərə baxmayaraq, yoxdan bayraq var edən Cümhuriyyət qəhrəmanlarının, liderlərinin xidməti danılmazdır. AXC-nin 100 illik yubileyi, Prezidentin Sərəncamı və görüləsi işlərlə bağlı "Şərq”in suallarını cavablandıran AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarixçi-alim, professor Cəbi Bəhramov bir çox məqamlara aydınlıq gətirib. Tarixçi bildirib ki, Prezidentin Cümhuriyyətin yüzilliyi ilə bağlı verdiyi Sərəncam tək ölkə ictimaiyyətində yox, dünya azərbaycanlıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
- Cəbi müəllim, mayın 28-də AXC-nin 99, gələn il isə Sərəncama əsasən 100 illik yubileyi qeyd olunacaq. Bu mühüm tədbirlərlə bağlı düşüncələriniz nədir?
- XX əsrin əvvəlində 200 illik müstəmləkə dövrünün arasında iki illik qısa bir müddət də olsa, Azərbaycan xalqı özünün müstəqil dövlətini, qədim dövlətçilik ənənəsini bərpa edə bildi. Həmin dövrdə zəngin tariximizə və mədəniyyətimizə əsasən dövlət orqanizmi yaradaraq onu idarə etmək qabiliyyətini nümayiş etdirdik. Cümhuriyyətin niyə yaşaya bilmədiyinin səbəblərini, tədqiqatçı və bilavasitə bu sahə ilə məşğul olan şəxs kimi yaxşı bilirəm. Bunun müxtəlif obyektiv və subyektiv səbəbləri var. Ancaq Azərbaycan Xalq Cümhuriyyəti milli tariximizdə xüsusi yer tutan bir səhifədir, şərəf tariximizdir. Cümhuriyyətlə bağlı Tarix İnstitutunda çox geniş işlər aparılıb və bu gün də aparılır. 1991-ci ildən başlayaraq, Tarix İnstitutunda Cümhuriyyət tarixi ilə bağlı ayrıca şöbə yaradılıb. Bu gün də bu şöbə uğurla fəaliyyət göstərir. Əlimizdə çoxsaylı yeni sənədlər var. Yeni sənədlər Cümhuriyyətin yaranma ərəfəsində Şimali Azərbaycanda olan siyasi və sosial-iqtisadi vəziyyət, Bakı nefti uğrunda gedən mübarizə, böyük dövlətlərin Bakı planı, o cümlədən tariximizə yamaq olaraq sırınan qondarma "26-lar”, 1918-ci ildə başlanan və 1920-ci ilə qədər geniş miqyasda davam edən soyqırımlar, 1920-30-cu və 1941-45-ci illərdə Azərbaycanın dil məsələsi,1948-53-cü illərdə azərbaycanlıların deportasiyası və başqa məsələlərlə bağlıdır. Heç şübhəsiz ki, Cümhuriyyət tarixi ilə bağlı materiallar, araşdırmalar hər zaman ön planda dayanıb. Eyni zamanda həmin dövrlə bağlı iki cildlik ensiklopediya nəşr olunub. Xatırladaq ki, gələn il Cümhuriyyətin yüzilliyi ilə yanaşı, həm də xalqımıza qarşı törədilmiş soyqırımların da yüzilliyi tamam olur. Tarix İnstitutu bu cinayətlərin tarixi və hüquqi yöndə araşdırılması istiqamətində də mühüm işlər görür.
- Cümhuriyyətin 100 illiyi ilə bağlı Tarix İnstitutunun xüsusi tədbirləri varmı?
- Yüzillik yubileydə Tarix İnstitutu bir neçə sanballı iş ortaya qoyacaq. Nəzərə çatdırmaq istəyirəm ki, hamımız üçün ağrılı olan bir hadisənin, İrəvanın ermənilərə güzəştə gedilməsinin də gələn il yüzilliyi tamam olacaq. Onunla bağlı da geniş, hərtərəfli işlər görülür. Ümumiyyətlə, Prezidentimizin imzaladığı bu Sərəncam bizim üçün həm hüquqi, həm elmi, həm də siyasi əhəmiyyət kəsb edən mühüm bir sənəddir. Cənab Prezidentin özü Sərəncamda vurğulanan tarixi məsələləri çox gözəl bilir. Dövlət başçısının tarixçi-alim kimi məsələyə münasibəti bizim ürəyimizcədir. Prezidentin Tarix İnstitutunun fəaliyyətinə, aparılan tədqiqat işlərinə xüsusi münasibəti var. Yazılan əsərlərin də çox böyük hissəsi, tarixi həqiqəti əks etdirən mühüm əsərlərin əksəriyyəti ölkə rəhbərinin tövsiyəsi əsasında hazırlanır. Güman edirəm ki, Cümhuriyyətin 100 illiyi üçün hazırladığımız əsərlər çox böyük rezonans doğuracaq. Hesab edirəm ki, dövlət rəhbərinin də ürəyincə olan sanballı əsərlər ortaya qoya biləcəyik.
- İnstitutun əlavə sənədlər əldə etdiyini vurğuladız, əslində ən çox səslənən təkliflər məhz AXC ilə bağlı xarici ölkələrdə mövcud olan arxiv materiallarının ölkəmizə gətirilməsidir. Bununla bağlı hansısa işlər görüləcəkmi?
- Dünyanın bir çox ölkəsindən, xüsusən Azərbaycanla tarixi əlaqəsi olan dövlətlərdən arxiv sənədlərini Tarix İnstitutuna gətirə bilmişik. Cümhuriyyət tarixi ilə bağlı Fransadan, Almaniyadan, Rusiyadan, Gürcüstandan, Türkiyədən, İrandan, Hindistandan onlarla yeni sənədlər ölkəyə gətirilib. Həmin sənədlərin heç biri hələlik işıq üzü görməyib. Bəzən bu məsələlərdən siyasi məqsədlər üçün istifadə edən, istər müxalifət qruplarına, istərsə də qeyri-obyektiv mövqe tutan ayrı-ayrı insanlara söyləmək istəyirəm ki, nahaq yerə özlərini yormasınlar. Tarix necə var, elə də əks olunacaq. Çünki elm, xalqımız və dövlətimiz tələb edir ki, tarix olduğu kimi yazılsın. Ona görə də əldə etdiyimiz sənədləri tarix güzgüsündə əks olunduğu kimi cəmiyyətə təqdim edəcəyik. Cümhuriyyətlə bağlı Tarix İnstitutunun rəhbəri, tarixçi-alim Yaqub Mahmudovun rəhbərliyi ilə geniş və uzun müddətli layihə də hazırlanıb. Söhbət dünya ölkələrində "Azərbaycan tarixi”nə ayrılan saatların artırılması və elmi dövriyyəyə daxil edilməsindən gedir.
- Əldə edilən yeni sənədlər konkret nə ilə bağlıdır, mahiyyəti nədir?
- Ümumi olaraq deyim ki, yeni sənədlər Cümhuriyyət tarixi, İrəvan məsələsi, Bakı nefti və başqa mühüm məsələlərlə bağlıdır. Xüsusən, azərbaycanlılara qarşı törədilən soyqırımla əlaqədar yeni materiallar var. Əvvəlcədən danışmaq istəmirəm, inşallah, gələn il elə sənədlər ortaya qoyulacaq ki, həm dövlətimiz tərəfindən, həm də millətimiz tərəfindən çox böyük maraqla qarşılanacaq. Amma yeni sənədlər düşmənlərin qanını qaraldacaq. Düşmənlərin ovqatına "Hövsan soğanı” doğranacaq. Çünki tarixi həqiqətlər üzə çıxacaq.
- Səslənən təkliflərdən biri də Cümhuriyyət qurucularının şərəfinə yeni abidə kompleksinin, xiyabanın yaradılması ilə bağlıdır. Bununla bağlı görüşünüz nədir?
- Azərbaycan Xalq Cümhuriyyətinin xatirəsinə indiki İqtisad Universiteti ilə Əlyazmalar İnstitutu arasında İstiqlal abidəsi qoyulub. Bir şeyi deyim ki, çox vaxt Cümhuriyyət tarixini, AXC-nin yaranmasında rolu olan şəxsləri seçirlər, birini qabardıb-şişirdir, digərini isə arxa plana çəkirlər. Belə yanaşma doğru deyil. Cümhuriyyət qurucularının hamısının çox böyük zəhməti olub. O insanların hamısının fəaliyyəti dövlət tərəfindən çox yüksək qiymətləndirilib. Təəssüflər olsun ki, Cümhuriyyətin fəaliyyət göstərdiyi 23 ay ərzində Azərbaycanın gələcək tarixi, onun siyasi və sosial-iqtisadi həyatı ilə bağlı elə qərarlar qəbul olunub ki, obyektiv nöqteyi-nəzərdən onlara yanaşdıqda, yanlış addımlar olduğunu görürük. Konkret olaraq İrəvanın güzəştə gedilməsi, aqrar və başqa məsələlərlə bağlı düzgün qərarlar verilməyib. Lakin bütün nöqsanlara baxmayaraq, Cümhuriyyət dövrü şanlı, şərəfli və qürurverici tariximizdir. Çünki biz bütün dünyaya və bəşəriyyətə bir millət olaraq dövlət qurmağı, idarə etməyi və demokratik prinsiplər əsasında hüquqi qurum yaratmağı sübut edə bildik. Bu, bizim üçün böyük uğurdur. Amma yenə deyirəm, bütün naliyyətlərimizlə bərabər, çatışmazlığımızı da vurğulamalıyıq. Çox zaman Nuru paşanın rolunu ön plana çəkirlər, digərləri isə yaddan çıxır. Nuru paşa təkbaşına fəaliyyət göstərməyib. Onunla bərabər xalqımız, çar ordusunda xidmət edən generallarımız da müstəsna rol oynayıblar. Generallar Əliağa Şıxlınski, Səməd bəy Mehmandarov və başqaları çox qısa vaxt ərzində Azərbaycan Xalq Cümhuriyyətinin güclü ordusunu təşkil ediblər. Onların yardımı olmasaydı, Bakını düşmənin tör-töküntüsündən təmizləmək mümkün olmazdı.
- Şübhəsiz ki, AXC-nin yüzilliyi ilə bağlı dövlət xətti ilə mühüm addımlar atılacaq, tədbirlər keçiriləcək. Bəs qeyri-hökumət təşkilatları və media bu istiqamətdə nə iş görməlidir?
- Bu işdə vətəndaş cəmiyyətinin, xüsusən KİV-lərin üzərinə böyük yük düşür. AXC tariximizin şanlı dövrüdür. Həmin tarixi millətimizə olduğu kimi çatdırmalıyıq. Çox istərdim ki, televiziya kanalları və sosial şəbəkələr bu istiqamətdə daha ciddi fəaliyyət göstərsinlər, milli ənənələri, mədəniyyətimizi üstün tutaraq çalışsınlar. Məndən inciməsinlər, yerli televiziya kanallarına baxmaq olmur. Adam xəcalət çəkir. Savadsızlıq, mənasızlıq o qədər geniş vüsət alıb ki, kimdən soruşsanız, deyir ki, "mən yerli kanallara baxmıram”. Cümhuriyyət tarixini, ümumiyyətlə, ölkənin siyasi və mədəni tarixini elə şəkildə təqdim etmək lazımdır ki, hər bir vətəndaşımız həmin proqramlardan şərəf duysun, nəsə öyrənsinlər. Çünki həmin tarixi böyük şəxsiyyətlər yaradıblar. Öz qəhrəmanlıqları ilə qızıl səhifələr yazıblar. Bax, efirlərdə bu cür adamları təbliğ etmək lazımdır. Elm və təhsillə bağlı da verilişlərə üstünlük verilməlidir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan xalqı Cümhuriyyəti heç vaxt unutmayıb. 70 illik sovet dövründə millətimiz öz istiqlal tarixini yaddan çıxarmayıb. İstər QHT-lər, istərsə də KİV-lər ilk növbədə Tarix İnstitutunun nəşr etdiyi əsərlərə istinad edərək tədqiqat işi aparsınlar. Çox vaxt görürük ki, yazdığımız əsərlərdən istifadə edirlər, amma istinad vermirlər. Axı insanda mədəniyyət deyilən anlayış, mərifət, qanacaq olmalıdır. Həmin əsərlər alimlərin illərlə çəkdiyi zəhmət hesabına başa gəlir.
Bunlara diqqət yetirmək lazımdır. Azərbaycanın çox zəngin tarixi, mədəniyyəti, adət-ənənələri var. Bəzən deyirlər ki, "biz harasa inteqrasiya etməliyik”. Bizim harasa inteqrasiya etməyə ehtiyacımız yoxdur. Əlbəttə, dünyanın yaxşılarını götürməyə hazırıq. Amma mənəviyyatımıza, mentalitetimizə, ümumi dəyərlərimizə əlavələr lazım deyil. Təəssüflər olsun ki, son dönəmlər internet vasitəsi ilə dövlətimizə, xalqımıza yad olan məqamlar ictimaiyyətimizə yol tapır. Bunlara son verməliyik. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi müstəqilliyimiz əbədi və dönməz olmalıdır. Bunu biz təmin etməliyik. O böyük şəxsiyyət bizə çox yüksək quruluşa malik bir dövləti miras qoyub. Dövlətin inkişafı və gələcəyi isə bizdən asılıdır. Hazırda ölkəmiz sürətlə inkişaf edir. Bu gün Azərbaycan Qafqazın ən güclü dövlətidir.
İsmayıl