Media çox şişirdir

“Mən hesab etmirəm ki, Trampın “qeyri-adi” davranışları ABŞ-ın nüfuzuna xələl gətirsin”
“Trampın daxili necədirsə, zahiri də elədir. Kiməsə xoş gəlmək üçün, ya da kimisə aşağılamaq üçün belə etmir. Nə edirsə, içindən gələndir”

Dünyanın gözü həmişə və daha çox məhz ABŞ prezidentlərinin üzərində olub. Zarafat deyil, "dünyaya ağalıq edənlər” sayılırlar. ABŞ prezidentlərinin siyasi qərarları, iş prinsipləri qədər gündəlik həyatları, yaşam tərzləri, geyimləri, davranışları, ailə münasibətləri də böyük maraq kəsb edib.
ABŞ-ın 45-ci prezidenti Donald Tramp isə sələfləri arasında qeyri-adiliyi, qəribə davranışları ilə seçilir. Bəlkə də bu, onun Ağ Evə siyasi olimpə aparan yolla deyil, iş dünyasından - ticarətdən gəldiyinə görədir. Tramp ABŞ Prezidenti seçildikdən sonra istər şəxsiyyəti, istərsə də xanımı Melanya Trampla əlaqədar kuryoz hadisələrlə gündəmə gəlib. Belə hadisələrdən biri Tramplar ailəsi ABŞ dövlət himnini dinləyərkən baş verdi. Necə deyərlər, "quş uçurmayan” reportyorlar xanım Trampın həyat yoldaşını dümsükləyərək himn oxunarkən əli ürəyin üzərinə qoymaq gərəkdiyini xatırlatmasını gözdən qaçırmadılar və bu epizod gündəmə çevrildi.

Sonralar da birinci xanım prezident həyat yoldaşı ilə o qədər də isti görünməyən davranışları ilə gündəmə gəldi.

Bu günlərdə isə Donald Trampla bağlı daha bir neçə qəribə hal baş verib.
ABŞ-ın birinci xanımı Melanya Tramp Təl-Əvivdə qırmızı xalı ilə gedərkən həyat yoldaşının əlini tutmaqdan imtina edib.

İnsident prezidentin dəstəsi təyyarədən düşəndən dərhal sonra baş verib. ABŞ Prezidenti həyat yoldaşının əlindən tutmaq istəyib və əlini ona tərəf uzadıb. Lakin Melanya ərinin əlini kənara itələyib. Həmin an videokameraların obyektivinə düşüb.

Videokadrlardan görünür ki, qırmızı xalı ilə gedərkən Melanya Donald Trampdan bir qədər aralı hərəkət edir.

Donald və Melanya arasında münasibətlərin gərgin olması barədə çoxdan danışılır. Son vaxtlar, hətta ər və arvadın boşanmaq ərəfəsində olmalarına dair ehtimallar ortaya çıxıb.
Bir neçə gün öncə Brüsseldə keçirilən NATO sammitində liderlərin görüşü zamanı ABŞ Prezidenti Donald Tramp Monteneqronun Baş naziri Duşko Markoviçi itələyərək önə keçib.
Markoviç Ağ Ev rəhbərinin bu hərəkətinə sadəcə gülümsəməklə kifayətlənib.
Trampın bu hərəkəti də sosial şəbəkələrdə geniş müzakirə olunub.
Sonra isə ABŞ Prezidenti biri-birilə söhbətləşən və aralarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da olduğu dəstənin yanından keçərkən onlara tərəf qulağını "şəkləyir”. Türkiyə mediası bu mənzərəni "Tramp Ərdoğanı gizlicə dinlədi” başlığı ilə gündəmə gətirdi.
Tramp bəzən nitqində də hədləri aşır, söz və ifadələrinə diqqət etmir. Almaniya ilə ticarət əlaqələrindən və alman avtomobillərinin ölkəsinə gətirilməsindən danışarkən Tramp almanları "qəddar” adlandırıb:
"Almanlar çox qəddardırlar. Onların ABŞ-a satdığı avtomobillərə baxın. Dəhşətdir. Biz bunun qarşısını alacağıq”.
Xarici KİV-lərdə Trampın bu çıxışının Almaniya kansleri Angela Merkelin təəssüfünə səbəb olduğu bildirilir.
Trampın qeyri-adi görünən hərəkətlərinin əks olunduğu foto və videolar sosial şəbəkələrdə geniş yayılıb. ABŞ Prezidenti gah sifətini "turşudur”, gah qımışır, bəzən dodaqlarını büzür, barmaqlarını oynadır...
Sosial şəbəkə istifadəçiləri prezidentin hərəkətlərini tənqid edir və bu cür davranışların ABŞ-ın beynəlxalq nüfuzuna xələl gətirə biləcəyini iddia edirlər. ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol isə şəxsi "tvitt” hesabında yazıb: "Heç yaxşı deyil. Bu gün liderlik əlamətləri azdır”.
Bəs Azərbaycanda nə düşünürlər?

"Real” Hərəkatının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımlı "Şərq”ə açıqlamasında Donald Trampın hərəkətlərində qeyri-adilik görmədiyini dedi:

- Hesab edirəm ki, media həddindən artıq Trampın üzərinə gedir. O adamın xarakteri budur. Etdiyi hərəkətlər də, davranışları da daxili keyfiyyətlərindən irəli gəlir. Trampın daxili necədirsə, zahiri də elədir. Kiməsə xoş gəlmək üçün, ya da kimisə aşağılamaq üçün belə etmir. Nə edirsə, içindən gələndir. Tramp siyasətçi deyil, prezidentliyə siyasətdən gəlməyib. Bəli, ekstravaqant görünür, ənənəvi siyasətçi - prezident obrazından uzaqdır. Ona görə bəzilərinə qeyri-adi, qəribə görünür. Amma məncə, burada qeyri-adi bir şey yoxdur. ABŞ böyük ölkədir, Tramp da xalqın iradəsi ilə seçilmiş prezidentdir. Amerikalılar onu seçiblər. Hesab etmirəm ki, Trampın hansısa "qeyri-adi” davranışı ABŞ-ın nüfuzuna xələl gətirə bilsin. ABŞ-ın nüfuzu bir adamdan asılı deyil. Mən, ümumiyyətlə, Trampda nüfuza xələl gətirəcək bir davranış da görmürəm.

ABŞ Prezdentinin xanımı ilə münasibətlərinə gəlincə, A.Qasımlı bunu da "medianın şişirtməsi” adlandırdı.

Məlahət Rzayeva