“Sürücü üçün heç bir sual qalmamalıdır”

“Əgər yolda hərəkət məhdudlaşdırılırsa, belə hallarda təhlükəsizlik üçün əraziyə müəyyən müddət ərzində xidmət üçün polis göndərilməlidir”


Bakı şəhəri Yasamal rayonunun Füzuli meydanı ətrafında yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində mövcud dairənin ləğv edilməsi işlərinə başlanılıb.

"Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu səbəbdən Füzuli küçəsindən dairəyə doğru çıxış hissə müvəqqəti olaraq bağlanıb.

Həmin istiqamətdən gələn nəqliyyat vasitələri alternativ olaraq İslam Səfərli küçəsinə yönəldilib. Sürücülər həmin yoldan istifadə edərək yenidən Şıxəli Qurbanov küçəsinə çıxa bilərlər. Dairənin ləğv edilməsi istiqamətində aparılan işlər bir neçə gün ərzində davam etdiriləcək. Bu müddət ərzində sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkətində qismən məhdudlaşdırmalar tətbiq ediləcək. İşlər tam yekunlaşdıqda isə nəqliyyat vasitələrinin hərəkəti dairədən sağa, Füzuli küçəsinin davamı olaraq yeni salınmış yola, oradan da yeni yaradılmış geri dönmə hissə ilə Mirzəağa Əliyev küçəsinə yönəldiləcək.

Hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, əgər yolda hərəkət məhdudlaşdırılırsa, öncədən əhaliyə məlumat verilməlidir. O, əlavə edib ki, belə hallarda təhlükəsizlik üçün əraziyə müəyyən müddət ərzində xidmət üçün polis göndərilməlidir: "Bundan başqa, yollarda hərəkət rejimi, hərəkət sxemi dəyişdiriləndə sürücülərə xüsusi xəbərdarlıq edilməsi və ya oradan keçən sürücülərə neçə gün müddətində cərimə yazılmaması nəzərdə tutulmayıb. Sürücü diqqətli olmalıdır. 

Necə kitabı hərf-hərf oxuyub səhv etməməyə çalışırıqsa, sürücü də yolu elə oxumalıdır. Bunu etmədisə, bu, artıq sürücünün problemidir”. Ekspert hesab edir ki, yol hərəkəti elə təşkil olunmalıdır ki, orada sürücü üçün heç bir sual qalmasın: "Yolda, yol hərəkətinin təşkilində heç bir səhv olmamalıdır. Nişanlar standarta uyğun olmalı, görünməsi təmin olunmalı, lazımi yerlərə qoyulmalıdır. Yol hərəkəti qanuna uyğun təşkil olunmalı və sürücü həmin qanunlara riayət etməlidir. Sürücü diqqətli olmayıb, qanuna riayət etmirsə, bu, onun günahıdır”.

Şəymən