Mirzə Fətəli Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında mərhum gənc yazıçı Mövlud Mövludun "Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçiriləcək. Təqdimat may ayının 27-də baş tutacaq, 12:00-dan 14:00-a qədər davam edəcək. Kitabın satışından əldə olunan gəlir Mövludun azyaşlı övladına bağışlanacaq. Qeyd edək ki, M.Mövludun "Çətirsiz” hekayələr kitabı Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən 15-ci kitabdır.
Mövlud Mövludun ilk kitabının dostları tərəfindən tərtib olunaraq çapa hazırlanması təqdir olunsa da, təqdimatın xeyriyyə aksiyası, uşağa yardım kampaniyası formasında təşkil edilməsi müəyyən narazılıqlara səbəb olub.
Kitabın satışından əldə olunan gəlir Mövludun azyaşlı övladına bağışlanacağının açıq şəkildə bəyan edilməsinin xoşagələn hal olmadığını hesab edən şair Şəhriyar del Gerani bu barədə iradlarını özünün şəxsi feysbuk hesabında qeyd edib: "Mövludun kitabının çıxması yaxşı hadisədir. Təbrik edirəm hamımızı. Amma eşitdim təqdimat günü kitaba qiymət qoyulmayacaq. Çox pis. Yəni "bax da, sən canın, yetim uşağı qalıb özündən sonra, nə verirsən ver, gör nağayrırsan” janrında. Hətta uşağın adına bank hesabı-zad da açılıb. Təəssüf. Bu nə yazıqlıq, bu nə duyğu sömürüsü? Nolub, a yoldaşlar? Niyə o uşağın boynuna bu boyda ictimai minnət qoyursunuz? Guya o hesaba başsadağası 5-10 manat yığılmasa, o uşaq böyüməyəcək imiş. Hansı ki, Mövlud o boyda əzəmətli ölümü ilə məhz bu kimi şeylərə etiraz etmişdi həm də. Nədənsə, "bədbax oğlu bədbaxın” o boyda tarana getməsi də urvatsız oldu. Səd-əfsus! Biz cəmiyyət olaraq şairi, yazıçını nəinki şair-yazıçı kimi yaşamağa, heç şair-yazıçı kimi ölməyə də qoymuruq. Aman vermirik bir urvatlı ədəbiyyat, həyat faktı olsun ortada. Çox güman bütün bunlardan sonra Mövlud özünü bir də öldürəcək...”.
Tənqidçi Əsəd Cahangir isə Mövludun övladına bu formada kömək göstərməkdə elə bir qəbahət görmür. Bunun adi xeyriyyəçilik olduğunu vurğulayan tənqidçi burda qəbahət görənləri də yaxşı başa düşdüyünü deyib: "Mövludun faciəli ölümü adamlarda bu mövzu ilə bağlı aşırı həssaslıq yaradıb. Hər şey kimi həssaslığın də aşırı forması arzuolunmazdır. Məncə, daha sadə, daha realist, daha anlayışlı olmaq lazımdır”.
Gənc yazar Kəramət Böyükçöl də müəyyən mənada del-Gerani ilə razılaşdığını və onun arqumentlərinin haqlı olduğunu deyib: "Əslində bu məsələnin ictimaiyyətin gözü qarşısında həll olunması ilə mən də razı deyiləm. Kitabın satışından əldə olunan gəlirin Mövludun azyaşlı övladına bağışlanması isə həmin uşaq haqqında yazıq imici yaradır. Hesab edirəm ki, bu düzgün deyil. Düzdür, o uşağın atası dünyasını dəyişib, amma kimsəsiz deyil ki? Anası, nənəsi, babası, əmisi və digər yaxın qohumları var. Sözsüz ki, yaxınları onu tək buraxmayacaq, ehtiyac içində böyüməməsi üçün əllərindən gələni edəcəklər. Təşkilatçıları da qınamıram. Mövludun ölümü hər birimizi dərindən sarsıtdı. Düşünmürəm ki, kitaba qiymət qoyulmamasının arxasında hansısa məqsədləri olduğu, özlərinə mənfəət güddükləri üçün edirlər. Bunu qəsdən yox, bir təsəlli üçün ediblər. Məsələni qabartmaqda Şəhriyarın da pis niyyəti olduğunu güman etmirəm. O da Mövludun oğlunu, onun gələcəyini düşündüyü, boynunda ağır bir yüklə böyüməsini istəmədiyi üçün öz fikirlərini açıq şəkildə bildirib”.
Kitabın tərtibatçısı olduğunu vurğulayan K.Böyükçöl deyib ki, Mövludun yaxın dostları da bu cür təqdimat keçirmək qərarına gəliblər:
"Ancaq bir məsələ var ki, Ucalın anası Sevinc xanım da kitabın satışından əldə olunan gəlirin Mövludun azyaşlı övladına bağışlanması kampaniyasından razı qalmayıb. Mənə zəng vurub, narazılıq etdi və uşağının adının bu cür hallandırılmasını istəmədiyini dedi. Ancaq bir daha təkrar edirəm, məntiqlə fikirləşəndə tərəflərin hər biri özünə görə haqlıdır. Ortaq yol hansıdır, onu da bilmirəm. Bəlkə də, elə bir variant axtarıb tapmaq olardı ki, uşağın boynuna ictimai minnət yükləmək kimi anlaşılmazdı. İstənilən halda körpə bir uşaq haqqında indidən yazıq imici yaratmaq da yaxşı bir hal deyil. Mövludun kitabında çox gözəl hekayələri var və ən vacib məsələlərdən biri də həmin kitabın cəmiyyətə, oxuculara sanballı bir ədəbiyyat nümunəsi kimi təqdim olunmasıdır. Şəxsən mən də o cür qiymətli hekayələrin uşağa yardım kampaniyası adı ilə təqdim edilməsini doğru hesab etmirəm”.
Şəymən