Məmurlar tənqidə dözmürlər

Əgər bir sferada problem varsa və o sferada eyni nazir 7-8 il hakimiyyətdədirsə, bununla bağlı tədbir görülməlidir


Kənd Təsərrüfatı Nazirliyi sabiq şöbə müdiri Sabir Vəliyevi məhkəməyə verib. Buna səbəb S.Vəliyevin "Cümhuriyət” qəzetinin 13-15 may tarixli sayında yayımlanan müsahibəsi olub.
Sabiq şöbə müdiri öz müsahibəsində kənd təsərrüfatı naziri Heydər Əsədov, onun müavinləri Seyfəddin Talıbov və İlham Quliyev barəsində bir sıra ittihamlar səsləndirib.

KTN-yə qeyri-peşəkar kadrların rəhbərlik etdiyini deyən Sabir Vəliyev Heydər Əsədovun və nazirliyin digər rəsmilərinin aqrar sahəyə bələd olmadığını söyləyib. Sabir Vəliyev eyni zamanda nazirlikdə rüşvətxorluq hallarına yol verildiyini də deyib. Müsahibədə söylənilən fikirləri təhqir və böhtan kimi qiymətləndirən Kənd Təsərrüfatı Nazirliyi Sabir Vəliyevi məhkəməyə verib.

Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, böhtan və təhqir səbəbindən məhkəmə iddialarının artması çoxalıbsa, bunların təxminən 90 faizi məmurların dözümsüzlüyü ilə bağlıdır: 

"Açığı, məsələ ilə tam tanış deyiləm. Müsahibənin dəqiq olaraq nədən ibarət olduğunu bilmədən məsələni qiymətləndirmək mümkün deyil. Məmur və ya dövlət strukturunda işləyənlərin fəaliyyəti tənqid olunursa və məmurların işlədikləri sahə üzrə peşəkar olmadığı qənaətinə gəlinirsə, bu, tamamilə demokratik cəmiyyətdə tənqidin yol verilən həddi deməkdir. Əgər bir sferada problem varsa və o sferada eyni nazir 7-8 il hakimiyyətdədirsə, bununla bağlı tədbir görülməlidir, yəni həmin nazirin iş keyfiyyətini müqayisə etmək olar. Bu baxımdan məsələnin məhkəmə predmeti olması əslində özü yanlış bir yanaşmadır və aydın şəkildə göstərir ki, dövlət məmurları artıq tənqid dinləmək istəmirlər və tənqidə dözmürlər”.

Yeganə Bayramova