DİQQƏT: Tibb bacısı resept yaza bilməz ! - Cinayətdir





"Resept yalnız ona səlahiyyət verilmiş həkim tərəfindən yazıla bilər”.

Bunu Sherg.az-a tibb bacılarının xəstələri ev şəraitində müayinə edib, resept yazması hallarına münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, konkret sahə üzrə sertifikatı olmayan tibb bacısının resept yazmaq səlahiyyəti yoxdur:

"Tibb bacısının, digər tibb personalının müalicə təyinatı vermək, resept yazmaq ixtiyarı yoxdur. Xüsusilə, xəstə bu cür reseptdən dünyasını dəyişibsə, yaxud vəziyyəti ağırlaşıbsa, əmək qabiliyyətini itiribsə, bu ciddi hadisədir. İnsanlar diqqətli olmalıdır, bu zaman həmin resepti yazan həkim cinayət məsuliyyəti daşıyır. Belə hadisələrin baş verməməsi üçün insanlar öz sağlamlıqları ilə oynamamalıdırlar.

İkinci bir tərəfdən apteklər həkim resepti olmadan xəstələrə dərman satmamalıdır. Onlar öz dərmanlarını daha çox satmaq üçün çalışır. Amma bəzən bu insanların həyatı bahasına başa gəlir. Yaxşı olar ki, konkret olaraq, həkim tərəfindən yazılmış, təyin edilmiş müalicə istifadə olunsun. Ən azından bilinsin ki, resepti həkim yazıb. Bu sahədə dərin biliyi olmayan tibb bacısının savadı yoxdur. Apteklərdə reseptlə dərman verilməsi təmin olunmasa, dərmanların asanlıqla əldə olunub, istifadə edilməsi sonra ağır nəticələr verəcək”.

Ayyət Əhməd