«Mercedes»lərin qiyməti bahalaşacaq

Aprelin 1-dən maşın bazarında ciddi dəyişiklik gözlənilir

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qərarı ilə «Avro-4» avtomobil standartlarının tətbiqinə bu il aprelin 1-dən başlanacaq. İstehsal ili 2005-ci ildən sonra istehsal olunan avtomobillər ölkəyə buraxılacaq. Bu həm idxal olunan, həm də ölkədə istehsal olunan avtomobillərə aiddir. Rusiya istehsalı olan avtomobillər «Avro-4» ekoloji standartlarına cavab verəcəyi halda ölkəyə idxal olunacaq.

Yeni standartların tətbiqi ilə bağlı "Şərq"ə danışan "Əmlak Bazarı İqtisadçıları" İB-nin sədri Ramil Osmanlı bunun təsirinin 2-3 ay müddətində davam edəcəyini bildirib: "Qısa müddəti əhatə edəcək. İli köhnə olan avtomobillər üzrə təxminən 10 faiz qiymət artacaq. Əsasən Almaniya istehsalı olan «Mercedes-Benz» markalı avtomobillərin iki sinfi üzrə E və C klasslarda qiymət artımı olacaq".

Ekspertin sözlərinə görə, bu qərarla yanaşı, Mərkəzi Bankın da kreditlərlə bağlı müvafiq göstərişləri olması maşın bazarına mənfi təsir göstərəcək: "Xüsusilə idxalın həcmi aşağı düşəcək. Eyni zamanda nağd alışların məhdudlaşması prosesi baş verəcək. Bütövlükdə bazarda müsbət istiqamətdə tendensiya müşahidə olunmayacaq.

Həmçinin mühərrikin həcmi ilə bərabər bütövlükdə avtomobilə tətbiq olunan gömrük rüsumları yəni 18 faiz ədv və digər aksiz və s. vergilərin həcmi artacaq. Çünki 1998-ci il istehsalı olan avtomobillə 2006-cı il buraxılışlı avtomobilin qiyməti eyni ola bilməz. Ən azından 2 dəfədən çox fərq var. Məsələn, biri var, 9000 dollara 18 faiz ədv tətbiq edilə, biri də 20000 dollara 18 faiz əlavə edilsin. Fərqli-fərqli qiymətlərdir".

R.Osmanlının qənaətincə, avro-standartların tətbiqi normal bir addımdır: "Bu, gec-tez baş verməlidi. Azərbaycanın ətraf mühitinin qorunması, ekoloji problemlərin aradan qaldırılması ölkəmizin avtoparkın salınması üçün belə addımların atılması zəruridir. Lakin Mərkəzi Bank avro kreditlərlə bağlı qərarına yenidən baxmalıdır".

Vüqar Şahinoğlu