Cəbhədə vəziyyət gərginləşib, ordumuz şəhid verdi

Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib
Ekspertlər hesab edir ki, ehtiyatı əldən vermək olmaz, ermənilər təmas xəttində təxribatlar törədə bilər


Bir neçə gündür cəbhə xəttində yaşanan gərginlik, hələ də hökm sürməkdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 138 dəfə atəşkəs rejimini pozublar.

Təmas xəttində Ordumuz döyüş hazırlığındadır

Ermənilərin atəşkəsi pozması, təxribatlara əl atması isə heç bir nəticə vermir. Düşmən ölkə mətbuatının Azərbaycan tərəfinin Bert rayonunun üç kəndini boşaltması ilə bağlı yaydığı məlumat da həqiqətəuyğun deyil. «Ermənilərin üç kəndi ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil». Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda Müdafiə Nazirliyi Ermənistan tərəfinin atəşkəsi pozduğunu və cavab atəşi ilə susdurulduğunu bildirib: «Ermənilərin üç kənd ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar doğru deyil. Ermənistan tərəfi Tovuz rayonu Əlibəyli kəndi istiqamətində atəşkəsi pozub və cavab atəşi ilə də susdurulub. Artıq Ermənistan tərəfi də mətbuatın kəndlərin boşaldılması ilə bağlı yaydığı məlumatı təkzib edib». Müdafiə Nazirliyi həmçinin son günlər baş verən hadisələrlə əlaqədar cəbhənin təmas xəttində ordunun döyüş hazırlığının artırıldığını qeyd edib: «Cəbhənin təmas xəttində Azərbaycan Ordusu onsuz da döyüş hazırlığı səviyyəsindədir. Amma son günlər atəşkəs rejiminin tez-tez pozulması bu hazırlığın daha da artırılmasına səbəb olub».

Seyran Ohanyan deyib, fürsət gözləyirik

Cəbhədə baş verənlərin irimiqyas ala biləcəyi fikirlərini isə analitiklərimiz mümkün saymırlar. Politoloqların fikrincə, bu insidentin müharibəyə çevrilməsi indiki şərtlər daxilində o qədər də mümkün görünmür. Çünki münaqişə tərəfi ölkələri faktiki olaraq danışıqları dayandırmayıblar. Bu günlərdə XİN başçılarının, sonra isə prezidentlərin konfliktin sülhlə həlli istiqamətində danışıqlar aparacaqları gözlənilir. Belə olan təqdirdə müharibənin baş verməsi mümkün görünmür.

Amma bu xırda insidentlərin geniş miqyas alacağı da proqnozlar sırasındadır. Çünki ermənilərin atəşkəsi pozması, cavab atəşi ilə susdurulması nəticəsində Armen Ovanisyan adlı bir erməni əsgəri həlak olub. «Şərq»in «news.am» saytına istinadən verdiyi məlumata görə, əsgərin dəfn mərasimində işğalçı ölkənin müdafiə naziri Seyran Ohanyan bunun cavabının olacağını söyləyib. Nazir deyib ki, ermənilər sadəcə fürsət gözləyirlər.

Dünən isə ermənilərin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun kapitanı qəhrəmancasına şəhid olub. Ekspertlər bildirirlər ki, bu cür itkilər, döyüşlərin başlamasına zəmin yarada bilər.

«Azərbaycan diqqətli və ayıq-sayıq olmalıdır»

Hərbi ekspert Azad İsazadə açıqlamasında bildirib ki, ermənilərin atəşkəsi pozması vərdiş halını alıb. Onun sözlərinə görə, ermənilər atəş edir, qarşı tərəf də cavab atəşi ilə çıxış edir: «Sonra isə bu proseslər yavaş-yavaş genişlənir. Sadəcə, indi də buna oxşar hadisələr baş verir. Adətən cəbhə xəttində bu kimi hallar martın axırı, aprel ayında nəzərəçarpacaq dərəcəyə yüksəlir. Ermənilər elan etdi ki, guya, Azərbaycan tərəfi onların postlarına hücum ediblər. Məsələ belədir ki, Ermənistan öncə hadisələri mətbuat vasitəsilə gərginləşdirir, sonra bunu bəhanə edərək hücuma keçir. Düşünürəm ki, onlar öz mətbuatları vasitəsilə vəziyyəti qızışdırıb, döyüşləri başlayıblar. Ermənilərin qızışmasının ömrü çox azdır. Bir neçə gündən sonra onlar yenidən qınına çəkiləcəklər. Bütün hallarda isə məsələləri tam gözdən qoymaq olmaz, biz analizlərimizə davam etməliyik. Mənim fikrimə görə isə cəbhə zonasında yaranmış gərginlik bu həftənin sonundan etibarən səngiyəcək. Amma yenə də Azərbaycan diqqətli və ayıq-sayıq olmalıdır».

«Müharibə hələ bitməyib»

Ehtiyatda olan zabit Üzeyir Cəfərli deyib ki, 1994-cü ildən üzü bu yana ermənilərin pozduğu atəşkəsin sayı-hesabı yoxdur. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri üçün təmas xəttində atəşkəsi pozmaq ənənə halını alıb: «Görünən odur ki, onlar hələ atəşkəsi çox pozacaqlar. Məsələ ondadır ki, müharibəyə başlamaq üçün ermənilərin iqtisadi imkanları sıfır səviyyədədir. Məsələn, onlar hərbi təlimlər keçirirlər, mütəmadi olaraq silahlarını nümayiş etdirirlər. Amma ermənilərin bölgədə keçirdiyi hərbi təlim ölkənin hansısa bölgəsinin, yəni bir neçə rayonun büdcəsini yemək deməkdir. Çünki Ermənistan büdcəsində hərbi təlimlər keçirmək üçün əlavə vəsait yoxdur. Onlar ölkə xərclərini güclə təmin edirlər. Sadəcə, ermənilər qeyri-qanuni yollarla əldə etdikləri silahlardan cəbhə bölgəsində istifadə edirlər, təlim keçirirlər, atəşkəsi pozurlar. Bununla da Azərbaycana "əzələ" nümayiş etdirib, olmayan güclərini göstərməyə çalışırlar. Halbuki ermənilərin Azərbaycan ordusuna qarşı hər hansı ciddi həmləsini proqnozlaşdırmaq belə mümkün deyil. Sadəcə, ermənilərin atəşkəsi pozması lokal xarakter alıb və nə qədər ki, ATƏT-in fəaliyyətdə olan həmsədrləri öz vəzifələrindən sui-istifadə edəcək, o vaxta qədər də ermənilər atəşkəsi pozacaq».

Müharibə ehtimalını mümkün saymayan ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi ölkə daxilində bu qədər ağır ictimai-siyasi vəziyyət hökm sürdüyü bir zamanda Azərbaycan ordusuna hücum edə bilməz: «Amma onlar öz çirkin əməllərindən də əl çəkməyəcəklər. Bir sözlə, biz, hələ Ermənistanın atəşkəsi pozmasından və bu zaman verdiyimiz itkilərdən çox danışacağıq. Təmas xəttində mövqelərimizin atəşə tutulması nəticəsində zaman-zaman yüzlərlə Azərbaycan əsgəri, zabitlər dünyasını dəyişib, əlil olub. Dünən də bir hərbiçimizi itirdik. Bundan sonra da itgilərimiz olacaq. Çünki şiddətli döyüşlər getməsə də, müharibə hələ bitməyib».

«Azərbaycanın səbr kasasını daşdırmasınlar!»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibə olmayacağını bildirir. Amma analitikin qənaətincə, gərgin vəziyyət müəyyən mənada qarşıdurma ilə nəticələnə bilər. E.Şahinoğlu bildirib ki, Azərbaycan tərəfi hər nə qədər münaqişədən qaçırsa, erməni separatçıları vəziyyəti gərginləşdirmək üçün bütün imkanlarını səfərbər edirlər: «Cəbhədəki gərginliklə, atışma ilə yanaşı, başqa təxribatlar, təxribat xarakterli məlumatları dünyaya yayırlar. Azərbaycan ordusu da bu təxribata adekvat cavab verməyə borcludur. Bu da bölgədə müharibə ab-havası yarada bilər. Amma inanmıram ki, ermənilər daha da irəli gedərək Azərbaycanın səbr kasasını daşdırsınlar. Ağılları varsa, Azərbaycanın səbr kasasını daşdırmasınlar. Separatçılar hər nə qədər Azərbaycan ordusunun əsəbləri ilə oynamağa çalışsalar da, son anda müharibədən qaçırlar. Düşünürəm ki, cəbhədəki atışmalar da ermənilərin növbəti təxribatlarından biridir. Onlar sadəcə münaqişənin sülh yolu ilə həllini uzatmaqla, məsələnin beynəlxalq aləmin gündəmindən düşməsi üçün vaxt qazanırlar. Amma onlar çox yanılır. Dağlıq Qarabağ problemi Azərbaycanın siyasətində prioritetdir. Və dövlət rəhbərliyi bu məsələni daim dünyanın gündəmində saxlayacaq».

Anar Bayramoğlu