Təkcə qarmon deyil…İstənilən musiqi aləti ölkədən çıxarılarkən ekspert komissiyasından keçməlidir

Dövlət muzeyindən millət vəkilinə reaksiya gəldi

Azərbaycandan bəzi musiqi alətlərinin çıxarılmasına qadağa qoyulduğu barədə mətbuatda müzakirə olunan məsələni bir daha dəqiqləşdirməyə çalışdıq. Daha dəqiq desək, millət vəkili Fazil Mustafanın qarmon alətinin ölkədən çıxarılmasına qadağa ilə bağlı dedikləri mətbuatın da diqqətini çəkdi. Məsələ ilə bağlı mədəniyyət və turizm nazirinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümmətovla da əlaqə saxladıq. "Müəyyən musiqi alətləri var ki, onların ölkədən çıxarılması üçün lisenziya, icazə alınmalıdır. Mən dəqiq deyə bilmərəm ki, bu, qarmona da aiddir. Amma müəyyən musiqi alətləri var ki, onların ölkədən çıxarılması üçün lisenziya, icazə alınmalıdır. Ümumiyyətlə, rəsm əsərləri, müəyyən mədəniyyət tarixinə aid olan musiqi alətlərinin ölkədən çıxarılmasına icazə yoxdur. Bunun üçün muzeylərdə komissiyalar var ki, həftə ərzində bunlar yığılır və araşdırıldıqdan sonra onlara lisenziya verilir. Hətta biz özümüz də xaricə sərgiyə gedəndə bunun üçün lisenziya alırıq. Amma yenə də təkrar edirəm ki, mədəniyyət tariximizlə bağlı olan musiqi alətlərinin ölkədən çıxarılması üçün icazə alınmalıdır”- deyə nazirlik rəsmisi əlavə etdi. Nazirlik rəsmisi onu da qeyd etdi ki, bu məsələyə aydınlıq gətirilməsi üçün özü də lazım olan qurumlarla əlaqə saxlayacaq.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa «facebook» səhifəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qarmonun ölkədən çıxarılmasına qadağa qoyulub: "Son vaxtlar gündəmdə Milli Məclisdə internet azadlığı və smartfon telefonlarla bağlı problem müzakirə olunurdu. İndi isə daha vacib məsələ ortaya çıxıb. Mədəniyyət və Turizm Nazirliyi xaricə qarmon aparmağı yasaqlayıb. Almaniyadan dostlardan biri yazıb kı, hava limanında əllərindən tutub alıblar. Səbəbini öyrənməyi xahiş edir. Açığı, Azərbaycanda baş verənlərin səbəbini soruşanların sadəlövhlüyünü qeyd edərək, özüm də maraqlı qaldım. Bu qarmonun hansı strateji alət olaraq əhəmiyyəti var ki, nazirlik qadağan edib? O boyda sənət əsərləri xaricə illərdir daşınıb, onlardan səs-soraq yox, bu qarmonda nə isə bir hikmət var. Bir azdan «İphone» və «İpad»a azadlıqla bərabər, deyəsən, qarmona da xarici pasport verilməsini tələb edəcəyik”.

Musiqi alətinin ölkədən çıxarılmasına qadağa qoyulması ilə bağlı məsələyə aydınlıq gətirmək üçün Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə əlaqə yaratdıq. Muzeyin direktor müavini, o cümlədən ekspert komissiyasının üzvü Zemfira Əsədova millət vəkilinin qaldırdığı bu məsələyə rəsmi şəkildə cavab verdi: «Azərbaycan qanunlarına əsaslanaraq onu qeyd edə bilərəm ki, həqiqətən Azərbaycandan çıxarılan istənilən musiqi aləti üçün şəxs ekspert komissiyasına müraciət edərək sertifikat almalıdır. Elə musiqi alətləri, sənət əsərləri, yaradıcılıq nümunələri var ki, onların ölkədən çıxarılmasına icazə verilmir. Bu musiqi alətləri, rəsm əsərləri, xalçalar və digər mənəvi sərvətlərimiz tarixi, elmi, bədii əhəmiyyətə malikdirsə, onların ölkədən çıxarılmasına icazə verilmir. Bir məsələni bir daha xüsusi şəkildə qeyd edim ki, təkcə bir tarixi musiqi alətindən söhbət getmir. Qanunla Azərbaycandan çıxarılan istənilən musiqi aləti ilk növbədə ekspert komissiyası tərəfindən araşdırılır, ondan sonra komissiya bu musiqi alətinin və ya digər əsərlərin ölkədən çıxarılıb-çıxarılmayacağına qərar verir. Sıradan bir musiqi alətini də ölkədən çıxarmaq üçün mütləq ekspert komissiyasına müraciət edilməlidir. Əgər ölkədən çıxarılan həmin musiqi aləti, xalça, heykəl, rəsm əsəri və s. tarixi əhəmiyyətə malik deyilsə, onda həmin şəxsə həmin aləti və digəri üçün pasport verilir. Yəni sıradan bir alətin də ölkədən çıxarılması üçün şəxs ekspert komissiyasına müraciət edərək o pasportu əldə etməlidir. Əgər komissiyaya müraciət olunmayıbsa, heç bir şəkildə gömrükdən keçə bilməz. Bir daha qeyd edirəm, həmin musiqi alətinin tarixi əhəmiyyəti yoxdusa belə, yenə pasportsuz, komissiyanın razılığı olmadan sıradan musiqi aləti, adi xalça, rəsm əsəri və s. ölkədən kənara çıxarıla bilməz. Konkret qarmon məsələsinə gəlincə, burada çox güman ki, aləti ölkədən çıxaran şəxsin bu qanundan xəbərsiz olduğu bəlli olur. Yəqin ki, həmin şəxs sadəcə qarmon alətini alıb buradan gedərkən onu özü ilə aparmaq istəyib. Bəzən insanlarımız qanunları bilmədikləri üçün bu kimi hallarla gömrükdə üzləşirlər. Adi bir musiqi alətini belə ölkədən çıxarmaq üçün mütləq pasport əldə etmək lazımdır. Bunun üçün isə muzeydə fəaliyyət göstərən ekspert komissiyası sizə sənəd təqdim etməlidir. Artıq komissiyanın verdiyi sənəddən sonra siz həmin musiqi alətini ölkədən kənara çıxara bilərsiniz. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspert komissiyası hər həftə müraciətlərə baxır. Əgər ölkədən çıxarılması nəzərdə tutulan hər hansı musiqi aləti muzey aləti deyilsə, tarixi əhəmiyyət daşımırsa, qədim deyilsə, onda icazə verilir. Yox əgər komissiya müəyyən edirsə ki, bu alət tarixi əhəmiyyətlidir, qədimdir, onun ölkədən çıxarılmasına qadağa qoyulur. Bir də bir çox tanınmış musiqiçilər var ki, onların qədim alətləri var. Tutaq ki, 50-100 illik tarixi olan musiqi alətinə sahibdir. Bu, şəxsi mülk sayılır. Ancaq bu alətin də ölkədən müvəqqəti çıxarılmasına icazə verilir. Yəni qarmon, tar, qaval və bir çox digər musiqi alətlərimizi ölkədən çıxararkən mütləq Musiqi Mədəniyyəti Dövlət Muzeyinin ekspert komissiyasına müraciət edib sertifikat əldə etmək lazımdır. Əgər belə olmasa, onda hər kəs bu ölkədən qədim tarixi əhəmiyyətli milli sərvətlərimizi çıxarıb apara bilərdi. Millət vəkilinin qaldırdığı bu hadisədə də çox güman ki, şəxs həmin musiqi aləti üçün pasport əldə etmədiyi üçün gömrükdən keçə bilməyib».

Günün sonunda Mədəniyyət və Turizm Nazirliyinin mətbuat səlahiyyətlisi İntiqam Hümmətov bizimlə özü yenidən əlaqə yaratdı. Bildirdi ki, məsələ ilə bağlı şəxsən Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə də əlaqə yaradıb: «Mən bir daha dəqiqləşdirmə apardım. İstənilən musiqi alətinin (hətta o musiqi aləti tarixi əhəmiyyət daşımasa belə) ölkədən çıxarılması üçün ekspert komissiyasına müraciət edilməli, həmin musiqi alətinə pasport alınmalıdır. Yalnız bundan sonra o musiqi alətini ölkədən çıxarmağa icazə verilir. Çox güman ki, Fazil Mustafanın tanışı həmin musiqi alətinin ölkədən çıxarılması üçün muzeyin ekspert komissiyasına müraciət etməyib, həmin musiqi alətinin pasportu olmayıb».

Tahirə