Doğum evindən çıxarılan körpələr üçün də avtomobillər bəzədilir, dünyanın isti-soyuğundan xəbərsiz bəxtəvər körpə avtomobil korteji ilə “zurna-balabanla” evə gətirilir
Biz mütəxəssislər ailələrə həmişə məsləhət veririk ki, çalışın, övladınızın düzgün tərbiyəsinə dəyər verəsiniz
Düzgün tərbiyə olunmuş uşağın böyüyəndə valideynlərinin ümidlərini puç etməyəcəyi
daha çox gözləniləndir
Azərbaycan dünyada, gəlin maşınları siqnal verə-verə yollarda şütüyən bəlkə də yeganə ölkədir. Gəlin maşınının taki şadlıq sarayınadək siqnalla hərəkət etdirilməsi xalqımızın adət-ənənəsinə çevrilib. Bir növ, milli mentalitet məsələsinə dönüşüb. Bu azmış kimi, son zamanlar doğum evindən çıxarılan körpələr üçün də avtomobillər bəzədilir, dünyanın isti-soyuğundan xəbərsiz bəxtəvər körpə avtomobil korteji ilə "zurna-balabanla” evə gətirilir.
Metronun "Xalqlar Dostluğu” stansiyasının qarşısında dünən avtomobil bəzədilməsinin şahidi oldum. Gül mağazasının işçisi avtomobili bəzəyənə "roddoma” (doğum evi -red.) gedirsən?!” soruşdu, o da təsdiq cavabı verdi. Avtomobil göy rəngli balonlarla bəzədilmişdi, önə isə oyuncaq ayı bərkidilmişdi; deməli, dünyaya gələn oğlan uşağıdı!.. Yeni doğulan körpələr üçün avtomobil bəzədilməsi adəti ölkəmizə hardan, necə gəlib çıxdı? Hər necəsə, gəlib çıxıb artıq. Bəs bizim insanlarımız parıltılı, gözqamaşdıran həyat tərzini sadə, təvazökar həyat tərzindən niyə üstün tutur?
Ailə psixoterapevti Sevinc Məhərrəm "Şərq”ə açıqlamasında belə halların cəmiyyətdə formalaşmış xüsusiyyətlərdən irəli gəldiyini dedi:
- Əvvəla, onu deyim ki, bər-bəzəyə, parıltıya meyillilik Şərq ölkələri üçün xarakterikdir. Azərbaycan da bu geniş arealın üzvü olaraq həmin xüsusiyyətləri daşıyır. Orta statistik azərbaycanlı üçün zahiri görünüş, başqalarının rəyi önəmli rol oynayır. Biz bütün vətəndaşlarımız haqqında eyni fikri səsləndirə bilmərik. Fərqli insanlar var. Lakin psixologiyada həndəsi artma prinsipi var. Hər bir insan ətrafındakı 4 insana təsir gücünə malikdir. 2 nəfər 4-ə, 4 - 6-ya, 6 -8-ə təsir edir. Təsir gücü həndəsi şəkildə artır. "Palaza bürün, elnən sürün”, "qonşudan qalma dala” kimi zərb-məsəllər də görünür, bunun nəticəsində yaranıb. Fikir vermisinizsə, övladına təm-təraqlı toy etmək fikrindən uzaq olan da, yaxud doğması, yaxını üçün geniş yas mərasimi təşkil etmək istəməyən də, sonucda "xalqın tənəsinə” yenilir. Halbuki burada tənə vurulası heç nə yoxdur. Amma bizim insanlar adətlərdən kənara çıxmaqda çətinlik çəkir. Əvvəlcə dəb şəklində cəmiyyətdə formalaşan hansısa xüsusiyyət, getdikcə adət halını alır və çoxları onun təsiri altına düşür.
Epigenetik bilgilər təhqiqatçılarının araşdırmalarına görə, müəyyən adət-ənənələrin nəsildən-nəslə ötürülməsində orqanizmdəki zülallar əsas rol oynayır. Məhz zülallar vasitəsilə adət və davranışlar beyində fiksasiya olunur. Beləcə, bir nəslin davamçıları həm də adətlərin davamçılarına çevrilirlər. Əgər bu nəsildən kimsə hansısa davranışı təkrarlamaqdan çəkindirilsə, genetik zəncir qırılacaq və artıq həmin davranışlar təkrarlanmayacaq. Amma kimdir bunu edən?! "Camaatdan ayıbdır” tipli çəkindirmələr yenə də öz təsirini göstərir.
Dəbdəbəli mərasimlər adətən, imkanlı ailələrdən təşəkkül tapır, getdikcə cəmiyyətə yayılır və artıq imkansızlar da imkansızı bacarmaq yarışına qoşulurlar. Dəbdəbəyə, parıltıya meyillilik fərdidir. Bu ondan asılıdır ki, insan nə dərəcədə minimalist, yoxsa maksimalistdir. Mənim subyektiv fikrimdir ki, ailənin övladına təmtəraqlı ad günü keçirməsi, həmçinin illərlə övlad həsrəti ilə yaşayanların körpə dünyaya gəldikdə avtomobil bəzəmələrində pis cəhət yoxdur. Övladına dəyər verməsi valideynləri daxilən rahatladır. Və onlar düşünürlər ki, böyüyəndə övladı da onların bu hərəkətinə dəyər verəcək. Amma hər zaman gözlənildiyi kimi olmur. Ona görə də biz mütəxəssislər ailələrə həmişə məsləhət veririk ki, çalışın, övladınızın düzgün tərbiyəsinə dəyər verəsiniz. Düzgün tərbiyə olunmuş uşağın böyüyəndə valideynlərinin ümidlərini puç etməyəcəyi daha çox gözləniləndir. Bir də ki, mənəviyyatı zəngin insanlar zahiri parıltıya meyilli olmur. İnsanın, lap körpə yaşlarından mənəviyyatının zənginliyi üçün çalışmaq lazımdır.
Məlahət Rzayeva