Fidan qurbanlar: Valideynlər günahkardır

Nəzarətsiz qalan uşaq quyuya da düşər, kanala da yıxılar, binadan da düşə bilər
Çünki ailələrin böyük əksəriyyəti ailə dəyərləri üzərində yox, ya platonik sevgi, ya da maddi tələbat üzərində qurulur

Xırdalan şəhərindəki "Abşeron sity” yaşayış kompleksində 5 yaşlı Məryəm Vüsal qızı Əsədova faciəli şəkildə həyatını itirdi. Verilən xəbərlərə görə, 5 yaşlı Məryəmin ailəsi həmin binadakı mənzillərin birinə qonaq gəlib. Ailənin qonağı olduğu mənzil 1-ci mərtəbədə yerləşirmiş, lakin nəzarətsiz qalan körpə binanın 7-ci mərtəbəsinə qədər qalxıb, orada isə pilləkən qəfəsinin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Təəssüf ki, oxşar faciəli hadisələr son zamanlar tez-tez baş verir. Körpələrin eyvandan, pəncərədən yıxılmaları, əlinin ət çəkən maşında qalması, kibritlə təhlükəli oyunlar və s. bu kimi bədbəxt hadisələr ailələri dərindən sarsıdır.

Valideynlər birbaşa günahkardımı?

Uşaqların üzləşdiyi böyük faciələrdən danışan psixoloq Samir Əhmədov burada əsas məsuliyyətin birbaşa valideynlərin üzərində olduğunu deyir:

- Uşaqlarla bağlı ən müxtəlif bədbəxt və gözlənilməz hadisələr baş verir. Hətta çox dəhşətli hadisələr də olur. Ov tüfəngi ilə qardaşını güllələyən uşaq olub. Bu cür faciəli hadisələr adətən məhz valideynlərin səhlənkarlığı üzündən baş verir. Yaxud, bir də görürsən, uşaq su quyusuna düşür, ya da kanala yıxılır. Həyətdə və ya evin yaxınlığında su quyusu varsa, ailələr ona nəzarət etməlidir ki, üzəri açıq qalmasın, üzəri həmişə örtülü olsun. Uşaq daim valideynin nəzarəti altında olmalıdır. Nəzarətsiz qalan uşaq əlbəttə, quyuya da düşər, kanala da yıxılar.

Anadan da, atadan da ilk növbədə tələb olunan diqqət və qayğıdır. Amma təəssüf ki, bizim gənclər evlənərkən ailə həyatına hazır olmurlar. Azərbaycanda il ərzində 100 ailə qurulursa, 120 ailə dağılır. Boşanmaların sayı kəskin artıb. Çünki ailələrin böyük əksəriyyəti ailə dəyərləri üzərində yox, ya platonik sevgi, ya da maddi tələbat üzərində qurulur. Bunlar da təbii ki, ötəri həvəs, keçici istəklərdir. Onlar heç vaxt ailənin möhkəmliyinə xidmət edə bilməz. Evlənmə yaşı, rəsmi qaydada 20-21-i keçmir. Mən hələ qeyri-rəsmi nikahları, kəbinlə evlənmələri demirəm. Burada yaş həddi 15-16-ya düşüb. Halbuki əvvəllər nikah yaşı qızlar üçün 22-25, oğlanlar üçünsə 25-dən sonra məqbul sayılırdı. Hesab edilirdi ki, oğlan kişiləşməli, sənət, peşə sahibi olmalı, ailəsini dolandıra biləcək səviyyəyə gəlib çatmalıdır. Qızlar üçün də erkən yaşda ailə qurmağa o qədər də müsbət baxılmırdı. Bir çox ailələr gələcək gəlinlərinin heç olmasa ali məktəb bitirmiş olmasını arzulayırdı. Elmə, savada üstünlük verilirdi. Amma bu dəyərlər artıq itib, dağılıb. 15-16 yaşlı qız analıq məsuliyyətinin nə olduğunu hardan bilir ki, övlad böyütməyin qaydalarını da bilsin, uşağa diqqətlə yanaşsın?! Körpələri nənələrin öhdəsinə verirlər. Analıq məsuliyyəti isə qalır kənarda. Belə ailələrdə valideyn məsuliyyəti tam dərk edilmir. Gənclər ailə həyatına hazırlıqsız başladıqlarından xətalar da onları tez-tez yaxalayır. Təsəvvür etmək çətindir ki, qonaq gedən valideyn hansı işlə məşğul imiş ki, uşaq mənzildən çıxıb gedir, amma o bunu fərq etmir. Çox səbəb gətirmək olar. Filan işi görürdüm, filankəs başımı qatdı... Bunlar səbəb yox, sadəcə bəhanələrdir. Ananın, atanın diqqəti hər zaman körpənin üzərində olmalıdır. Unutmaq olmaz ki, uşaq hər şeyə maraqla yanaşır. Uşaq barmaqlarını elektrik naqilinə də toxundura bilər, paltaryuyan maşının içinə də girər. Valideyn uşağa nəzarət etməlidir.

Psixoloq qeyd etdi ki, uşaqların faciələrlə üzləşməsini minimuma endirmək üçün mənzildə hər şey onların davranışlarına uyğunlaşdırılmalıdır:

- Körpə olan mənzildə bütün avadanlıqlar diqqətlə seçilməlidir. Maksimum təhlükəsizlik tədbirləri görülməlidir. Pəncərələr, eyvan məhəccərlənməlidir. Buna icazə və ya imkan yoxdursa, pəncərə də, eyvanın qapısı da bağlı halda saxlanmalıdır. Mağazalarda üstü qapalı elektrik paylayıcıları ("razetka”lar) satılır. Körpə olan mənzildə bunlardan istifadə edilməlidir ki, uşağın barmağını ora salmaq ehtimalı sıfra bərabər olsun. Evdəki hər bir ehtiyatsızlıq, səhlənkarlıq uşağın faciəsi ilə bitə bilər. Kibrit qutularının, dərman preparatlarının üzərinə nə yazılır? "Uşaqlardan gizlədin”, "Uşaqların kibritlə oynamasına icazə verməyin”. 

Hər bir ana, ata bu yazıları ömrü boyu dəfələrlə oxuyur, amma dərmanları uşağın əli çatmayan bir yerdə gizlətməyi ağlına gətirmir. Uşaq da dərmanları görüb, elə bilir, konfetdir. Yaxud, kibrit, elə bir əlçatmaz yerə qoyulmalıdır ki, uşağın əli ora çatmasın. Eləcə də digər təhlükəli ola biləcək əşyalar. Bıçaq, qayçı, çəkic, mişar... tozsoran... Ümumiyyətlə, uşağa zərər verə biləcək, uşağın özünə zərər toxundura biləcəyi hər bir əşya uşaqdan kənar saxlanmalıdır. Paltaryuyanı, ətçəkəni, şirəçəkəni uşaq yuxuda olarkən və ya onun görmədiyi bir vaxtda işlətmək lazımdır ki, uşağın diqqətini çəkməsin. Uşaq bu avadanlıqları görəndə onda maraq oyanır. Məsuliyyətsiz davranan analar da var. Bəzən ailələrdə ət maşını, şirəçəkən maşını da gətirib uşağın qabağına qoyurlar ki, təki ağlamasın, oynasın. Bu, real təhlükədir. Yəni, mənzildə hər şeyə diqqət edilməlidir. Qapıların kilidindən tutmuş pəncərələrə və hətta pərdələrə qədər. Faciə ani baş verir, sonra isə bu hadisələr ailələrin bütün gələcək həyatına təsir edir.

Məlahət Rzayeva